Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır

Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır

26.06.2020 [09:23]

Prezident İlham Əliyev: Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu
Artıq bir neçə aydır ki, bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri Azərbaycan dövlətinin də gündəliyində xüsusi yer tutur. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər keçirilir. Bu baxımdan, atılan növbəti addım 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşüblər. Prezident İlham Əliyev bəhs olunan görüşdə ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərin səmərəliliyinə, atılan qabaqlayıcı addımların əhalini böyük fəlakətdən qoruduğuna, bu çətin günlərdə Azərbaycan dövlətinin öz vətəndaşının yanında olduğuna diqqət çəkib. “Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan dövləti pandemiya şəraitində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı qlobal pandemiyaya qarşı milli səviyyədə səmərəli mübarizə aparan nümunəvi ölkə kimi dəyərləndirib. Bu da onunla bağlıdır ki, Azərbaycan dövləti pandemiya şəraitində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Məlum olduğu kimi, bəzi ölkələrin yumşaldıcı addımlar atmasının səbəbi iqtisadi sahədə yaşanan problemlərlə bağlıdır. Artıq ayrı-ayrı dövlətlər pandemiya səbəbindən artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini açıq şəkildə bildirirlər. Ölkəmizin iqtisadiyyatında isə müəyyən azalma meyillərinin müşahidə edilməsinə baxmayaraq, Azərbaycan dövləti ölkədə yeni növ koronavirusa ilk yoluxma faktı qeydə alındıqdan etibarən bu təhlükəli xəstəliklə mübarizəyə həssas yanaşma sərgiləyir, əhalinin sağlamlığının qorunmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sistemli tədbirlər görülür. Prezident İlham Əliyev bəhs olunan görüşdə pandemiya şəraitində Azərbaycan dövlətinin əsas prioritetini bir daha nəzər çatdıraraq “İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır”, - deyə vurğulayıb. Pandemiya şəraitində respublikamızın 20 ən yaxşı xəstəxanası koronavirus xəstələrinin müalicəsinə cəlb olunub. Mütəxəssislərin də bildirdikləri kimi, koronavirus xəstəliyinin erkən mərhələdə müəyyənləşdirilməsi, diaqnozun düzgün qoyulması xəstələrin müalicəsində səmərəliliyin əsas şərtidir. Bu baxımdan, respublika üzrə 23 müasir laboratoriyanın yaradılması böyük aktuallıq daşıyır.
Azərbaycan, həmçinin pandemiya şəraitində öz gücünə arxalanaraq genişmiqyaslı sosial tədbirlər həyata keçirir. Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib. Eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Pandemiya şəraitində işləməyən, işini itirən, o cümlədən qeyri-formal əmək fəaiyyəti göstərən insanların sosial təminatı təşkil edilərək onların hər birinə 190 manat vəsait ayrılıb. Paralel şəkildə ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilib. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Eyni zamanda, yenə də dövlət başçısının təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinə cəlb olunan vətəndaşların sayı artırılır. Sadalanan səhiyyə və sosial müdafiə tədbirləri Azərbaycan dövlətinin özünün strateji xəttini indiki şəraitdə də davam etdirdiyini təsdiqləyir. Biz dəfələrlə şahidi olmuşuq ki, ən çətin məqamlarda, təbii fəlakətlər zamanı insanların köməyinə ilk çatan məhz Azərbaycan dövləti olub. Bu məqamları nəzərə çatdıran Prezident İlham Əliyev “Biz indi 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edirik və 190 manatın verilməsi müddəti uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və böyük xərclər deməkdir. Amma biz bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar və kim onlara kömək edəcək?! Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”, - deyə vurğulayıb. Qeyd edək ki, Azərbaycanın pandemiyaya qarşı mübarizə büdcəsi kifayət qədər böyükdür. Ölkəmizdə pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik”.
Modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizə sahəsində görülən səmərəli qabaqlayıcı tədbirlərin bariz nümunəsidir
Azərbaycan pandemiya şəraitində insanların həyatının, sağlamlığının qorunmasına hesablanan genişmiqyaslı tədbirlər görərkən ilk növbədə son 16 ildə respublikamızda yaradılan güclü səhiyyə infrastrukturuna əsaslanır. Bəhs olunan dövrdə respublika üzrə 700-dən artıq xəstəxana tikilib və yaxud yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında bütün ölkə üzrə müasir səhiyyə infrastrukturunun yaradılması pandemiya şəraitində bu vaxta kimi virusa yoluxmuş bütün vətəndaşların xəstəxanalara qəbul edilməsinə və lazımi tibbi xidmətlə təmin olunmalarına imkan verir. Hazırda “Yeni klinika”, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpusları və digər tibb müəssisələri koronavirusa yoluxmuş vətəndaşların müalicəsində mühüm rol oynayır. Eyni zamanda, respublikamızda koronavirus xəstələrinin müalicəsinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə səhiyyə infrastrukturunun daha da genişləndirilməsi nəzərdə tutulub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə 10 müasir modul tipli xəstəxananın inşası uğurla davam etdirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin 7 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manat vəsait ayrılıb. Dövlət başçısının 9 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncamla isə sənəddə qeyd olunan məqsədlərdən ötrü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat vəsait ayrılıb. Modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizə sahəsində effektli qabaqlayıcı tədbirlərin bariz nümunəsidir. Prezident İlham Əliyev pandemiya ilə mübarizədə modul tipli xəstəxanaların əhəmiyyətinə diqqət çəkərək vurğulayıb: “Ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır”.
İstifadəyə verilən modul tipli xəstəxanalar 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxanalarıdr. Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının azaldığı aprel ayında qəbul edilməsi onun nə qədər düzgün qərar olduğunu aydın şəkildə göstərir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31