Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

30.06.2020 [13:11]

İclasda millət vəkilləri 17 məsələni müzakirə ediblər
İyunun 29-da Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclasın gündəliyinə 17 məsələnin daxil edildiyini bildirib. O deyib ki, birinci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsidir.
Spiker qeyd edib ki, son vaxtlar ölkəmizdə koronavirus infeksiyasına tutulanların sayında artım var. Bunun əsas səbəblərindən biri də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bununla əlaqədar ictimaiyyətin, eləcə də deputatların narahatlığını nəzərə alaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlayıb. Layihədə infeksiyanın yayılmasına qarşı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulub. Qanun layihəsində yalnız rəqəm dəyişikliyi nəzərdə tutulduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə layihə bir oxunuşda qəbul ediləcək.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsini təqdim edib. O deyib ki, qanun layihəsi məcəllənin 211.1, 211.2 və 211.3-cü maddələrində əksini tapmış inzibati tənbeh tədbiri növlərində cərimələrin miqdarının artırılmasını nəzərdə tutur: “Bu layihənin qəbul edilməsini şərtləndirən başlıca amil koronavirus epidemiyasının qarşısının alınmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq, neqativ tendensiyaların artan xətt üzrə inkişaf etməsidir. Hadisələrin bu cür gedişi COVİD-19-a yoluxan şəxslərin, həmçinin xəstəlik nəticəsində dünyasını dəyişən vətəndaşların sayının artmasında özünü biruzə verib. Vəziyyətin kəskinləşməsinə cavab olaraq, Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarına əsasən koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust tarixinədək uzadılıb. Təqdim edilən layihə kəskinləşən epidemioliji vəziyyətə adekvat hüquqi cavabdır”.
Millət vəkili qeyd edib ki, ölkəmizdə inzibati tənbeh tədbirlərinin sərtləşdirilməsində ən mühüm hədəf qanunvericiliyin preventiv potensialının gücləndirilməsi və ilk növbədə vətəndaşların karantin rejiminin tələblərinə ciddi riayət etmələrini təmin etməkdir: “Dövlət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədi ilə müəyyən edilən qaydaları gözləmək hər bir vətəndaşın və vəzifəli şəxsin borcudur və bu qaydalara riayət olunduğu təqdirdə inzibati tənbeh tədbirinin tətbiqinə hüquqi əsas yaranmır. Sadəcə, hər bir fərd məsulliyətli davranmalıdır, özünü, yaxınlarını və ətrafdakıları qorumalıdır. Təəsüf ki, pandemiya dövründə belə məsuliyyətli davranış hüquqi vəzifəyə çevrilsə də, təcrübədə bir sıra hallarda mövcud epidemik təhlükəyə etinasız münasibət sərgilənir, digər tərəfdən qəsdən karantin qaydalarını pozmaq cəhdləri artır. Belə şəraitdə əhalinin sağlamlığının qorunmasını təmin edən hüquq normalarının pozulmasına görə nəzərdə tutulan məcburi tədbirlərin sərtləşdirilməsinə ciddi ehtiyac var. Pandemiya dövründə beynəlxalq təcrübənin müqayisəli təhlili birmənalı olaraq göstərir ki, dövlətlər öz daxili qanunvericiliyində epidemiya əleyhinə rejimlərin pozulmasına görə çox sərt hüquqi tədbirlərə əl atır. Məsələn, Gürcüstanda bu yaxınlarda İnzibati Xətalar Məcəlləsinə qəbul edilən dəyişikliklərə əsasən, təcridolunma və ya karantin qaydalarının pozulmasına görə fiziki şəxslər 2000 lari, yəni 640 dollar, hüquqi şəxslər 10000 lari və ya 3140 dollar məbləğində cərimə edilə bilərlər. İtaliyada bu ilin 22 mart tarixində qəbul edilən qanuna əsasən karantin qaydalarını pozan şəxslər 400 avrodan 4000 avroyadək cərimə oluna bilərlər. Fransada cərimələrin miqdarı 135 avrodan 3700 avroyadək dəyişir. İspaniyada bu məbləğ fiziki şəxslər üçün 1500 avrodan başlayır, hüquqi səxslər isə 600 000 avroyadək cərimə oluna bilərlər”.
Qeyd edək ki,qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilirlər.
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Xətanın bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilirlər.
Müzakirələrdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, kimlərinsə məsuliyyətsizliyi nəticəsində insanlar xəstələnirsə, cərimələri daha da sərtləşdirməliyik. “Pandemiya şəraitində insanların sağlamlığının qorunması milli təhlükəsizlik məsələsidir. Cərimə edilməmək üçün hər kəs 30 qəpiklik maska taxmalıdır. Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsınlar və cərimə edilməsinlər. Bu, həm də onların sağlamlığının qorunmasıdır. Bizim hər birimiz intizamlı olmalıyıq”, - deyən komitə sədri qeyd edib ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir.
Parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov isə çıxışında bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar dünya ölkələrində durum gərginləşir. Virusun bəşəriyyət üçün bəlaya çevrildiyini deyən akademikin sözlərinə görə, pandemiyanın ilk iki ay ərzində dünyada 100 min insan virusa yoluxmuşdusa, indi 24 saat ərzində virusa yoluxanların sayı 180 min nəfərdir: “Bu, son dərəcə yayılmağa meyilli virusdur. Son 14 gün ərzində Azərbaycanda virusa yoluxanların sayı isə 50 faiz artıb. Bu, ciddi məsələdir. Yoluxmanın artması Azərbaycan səhiyyəsinə təzyiq yaradır. Baxmayaraq ki, tibb müəssisələrimizin maddi-texniki bazası, həkimlərimizin peşəkarlığı yüksəkdir, amma yaranmış durum səhiyyə sisteminə təsir edir. Pandemiya başladığı ilk vaxtlarda insanlar simtompları hiss edən zaman müraciət edirdilərsə, indi ağırlaşandan sonra xəstəxanalara müraciət edirlər. onu da qeyd edim ki, dünyada virusa yoluxanların sayı artsa da, Avropanın bir sıra ölkələrində yoluxma azalıb. Bunun səbəbi isə insanların qaydalara əməl etməsi, sosial izolyasiya qaydalarına riayət olunması və tibbi maskalardan istifadə olunmasıdır. Əgər virusa yoluxmuş insanla sağlam insan maska taxarsa, onda sağlam insanın xəstəliyə yoluxması ehtimalı 1 faizdir”.
Komitə sədri deyib ki, koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün mümkün addımları atır: “Amma hər bir vətəndaş da qaydalara əməl etməlidir. Buna görə də, tədbirlər sərtləşdirilməlidir. Vətəndaşlar anlamalıdırlar ki, əgər qaydalara əməl olunmasa, virus hər birimizin ailəsinə daxil ola bilər, hər birimiz süni nəfəs aparatına qoşula bilərik. Ona görə d, hər kəs bunu nəzərə almalı və qaydalara ciddi şəkildə əməl etməlidir”.
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) təqdim olunub. Layihə barədə məlumat verən Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib ki, dəyişikliklərdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılması, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılması, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsi və məlumatların alınması təklif olunur. Habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq. Qanun layihəsi üçüncü oxunuşda təsdiq olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) sənədi təqdim edib. O xatırladıb ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb. Bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Layihə səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklər haqqında (üçüncü oxunuş) məlumat verərək qeyd edib ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” Qanuna əsasən, telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq olunacaq cərimələrin məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir. Sənəd üçüncü oxunuşda qəbul edilib.
İclasda bildirilib ki, növbəti üç məsələ ölkə Prezidenti tərəfindən bir məktubda daxil olub. Deputat Nizami Səfərov həmin məsələləri - Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişiklikləri (üçüncü oxunuş) şərh edib. O deyib ki, dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədilə aparılır. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihələrlə bağlı fikirlərini açıqlayıb, təkliflərini verib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim edib. O bildirib ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub. Qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Diqqətə çatdırılıb ki, gündəliyin növbəti iki məsələsi uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Prokurorluq haqqında”, “İcra məmurları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” və “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Qeyd edilib ki, 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunla “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilərək inzibati-iqtisadi məhkəmələr inzibati məhkəmələr adlandırılmış, bununla əlaqədar bu məhkəmələrin baxdığı işlər sırasından iqtisadi mübahisələrə dair işlər çıxarılmış, eləcə də kommersiya məhkəmələri yaradılmış və birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxılması bu məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir.
Layihə “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.
Bildirilib ki, tikintidə dövlət nəzarətinin həyata keçirilməsinin spesifikliyini və bu məsələlərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimləndiyini nəzərə alaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun bu sahədə yoxlamaların aparılması məsələlərini ehtiva edir.
Təklif edilən qanun layihəsi tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara qeyd olunan qanunun 26-cı maddəsinin (məhsul nümunələrinin götürülməsi və onların tədqiqi ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsi) tətbiqinə hüquqi əsaslar yaradır. Qanun layihəsi istehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı inşaat məhsulunun və ya xammalın müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi məsələlərini tənzimləməklə (götürülən məhsulun dəyərinin yoxlayıcının hesabına ödənilməklə), sahibkarların maraqlarının müdafiəsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bir zərfdə daxil olmuş növbəti dörd məsələ - Vergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (ikinci oxunuş) məlumat verib. Bildirib ki, bu dəyişikliklər elektron icra, elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
Daha sonra ölkə Prezidenti tərəfindən bir məktubda daxil olmuş növbəti üç məsələyə baxılıb. Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qanun layihələri barədə məlumat verib. Bildirilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi, həmçinin “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılması məqsədini daşıyır.
Hər üç qanun layihəsi ayrı-ayrılıqda ikinci oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 353 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31