Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çıxılmaz vəziyyətə salıb

Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çıxılmaz vəziyyətə salıb

06.08.2020 [09:17]

Ekspertlərin fikrincə, baş nazir Nikol Paşinyanın Diasporla iş üzrə komissarın ofisində “təmizləmə əməliyyatı” aparması heç də təsadüfi deyil
İyulun ortalarında Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatının qarşısının alınması, bunun ardınca Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı nəticəsində ermənilərin mürtəce və vəhşi simasının ifşa olunması həm işğalçı ölkəni, həm də xaricdəki erməni lobbisini çıxılmaz vəziyyətə salıb. Daha dəqiq desək, Azərbaycan diasporunun ortaya qoyduğu birlik, həmrəylik və cəsarət erməni lobbisi ilə yanaşı Ermənistan ictimaiyyətini və baş nazir Nikol Paşinyanı da şoka salıb. Erməni mətbuatının yazdığına görə, məhz bu uğursuzluq Paşinyanı diaspor sahəsində “təmizləmə” aparmağa məcbur edib. Məsələyə münasibət bildirən ekspertlərin fikrincə, xaricdə yaşayan azərbaycanlıların milli kimlik şüuru ilə öz dövlətinin müdafiəsinə qalxması tarixdə ilk dəfə olaraq erməni lobbisinin aciz duruma düşməsinə gətirib çıxarıb.
Öz növbəsində Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoyub: “Dünyanın bir sıra nüfuzlu və aparıcı dövlətlərində Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması məqsədilə izdihamlı aksiyalar keçirən həmvətənlərimizin fəallığı, koordinasiya olunmuş uğurlu fəaliyyəti erməni lobbisinin vəhşi simasını ifşa edib”.
M.Əfəndiyevin sözlərinə görə erməni diasporunun daha fəal olduğu ölkələrdə Azərbaycan diaspor fəallarınının mütəşəkkillik göstərmələri və Paşinyan hökumətinin diplomatik təcrid vəziyyətinə düşməsi rəsmi İrəvanın ciddi narazılığına, hakimiyyət dəhlizlərində söz-söhbətə səbəb olub: “Təbii ki, bu hal nə Ermənistandakı erməniləri, nə də Paşinyanı qane edir. Bu baxımdan, baş nazir yaşadığı psixoloji məğlubluq durumunu üstələmək, həmçinin Ermənistan cəmiyyətindəki narazılığı zəiflətmək üçün “əməli addımlar” atmağa və Diasporla iş üzrə komissarın ofisində “təmizləmə əməliyyatı” aparmağa başlayıb”.
Milli Məclisin üzvü Soltan Məmmədov isə deyib ki, erməni diasporunun xarici ölkələrdə azərbaycanlılara qarşı törətdiyi təxribatlar Ermənistan hökumətinin nə qədər aciz durumda olduğunu bir daha ortaya çıxarıb: “Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini çatdırmaq, işğala, təcavüzə etiraz etmək üçün dinc aksiyalar keçirir. Bu aksiyaların mütəşəkkiliyi, ictimaiyyətin diqqətini çəkməsi erməni icmalarını da narahat edib. Fikrimcə, burda əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan diasporunun artan gücü, fəaliyyətinin effektivliyi Ermənistan hökumətini də ciddi şəkildə narahat etməyə başlayıb. Ona görə də onlar müxtəlif təxribatlar, zorakılıq və hücumlarla soydaşlarımızı çəkindirməyə çalışıblar”.
Deputatın sözlərinə görə, mövcud durumu Azərbaycan diasporunun fəaliyyətində yeni bir mərhələyə keçid dövrü kimi də qiymətləndirmək olar: “Belə ki, Azərbaycan diaspor təşkilatları böyük təcrübəyə malik erməni diasporuna qarşı real güc nümayiş etdirə bilir. Qarşı tərəfdə qıcıq yaradan əsas məqam da elə bundan ibarətdir. Bu baxımdan, Ermənistanda diaspor siyasətinə məsul şəxslərin vəzifədən azad olunmaları da təsadüfü deyil”.
S.Məmmədov qeyd edib ki, Azərbaycan diasporunun gücünü artıran iki mühüm amil də mövcuddur: “Birinci amil ondan ibarətdir ki, bizim soydaşlarımız haqqı, ədaləti müdafiə edir. Bu aksiyalarda səslənən şüarlar beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanır. İkinci mühüm amil odur ki, xaricdə yaşayan azərbaycanlıların arxasında güclü, dünyada öz sözünü deyə bilən, hər bir soydaşımızın hüquqlarını müdafiə etməyə qadir Azərbaycan dövləti dayanır”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31