Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

06.08.2020 [09:31]

Sessiyanın ilk iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi birinci oxunuşda qəbul olunub
Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb. Sessiyanın ilk iclasını parlamentin Sədri Sahibə Qafarova açıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Daha sonra Sahibə Qafarova iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Deputatlar Vətən uğrunda canlarından keçən 12 igid şəhidimizin ruhunu ehtiramla yad ediblər.
Sahibə Qafarova həmçinin avqustun 4-də vəfat edən deputat, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun həyat yoluna qısa nəzər salıb. Onun tanınmış ictimai-siyasi və dövlət xadimi, Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətindən, dövlət siyasətinin dəstəklənməsi və təbliği sahəsində gördüyü işlərdən söz açıb. Sədrin çıxışından sonra Fəttah Heydərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəliyin təsdiqindən sonra məsələlərin müzakirəsinə başlanılıb.
Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə daxil edilən ilk 3 məsələ 2020-ci il dövlət büdcəsinə və büdcə sisteminə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlıdır və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. Sədr vurğulayıb ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” sənədi birinci oxunuşda təqdim edib. Komitə sədri qeyd edib ki, yeni növ koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır. Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. Gəlir və xərclər arasında tarazlığı təmin etmək məqsədilə büdcə qaydasının 2022-ci il yanvarın 1-dək dayandırılması qərara alınıb.
Sonra iclasda iştirak edən Maliyyə naziri Samir Şərifov büdcə layihəsinə təklif edilən dəyişikliklər və azalmaların həcmi barədə geniş məlumat verib. Bildirilib ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Pandemiyanın təsirlərinə baxmayaraq, dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Yaranan profisit 58 milyon proqnozlaşdırılırdı, amma 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib. 6 ay ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 731 milyon manat icra olunub. Xərclərin icrasında hər hansı geriləmə olmayıb. Nazir ÜDM-nin azalmasının 5 faizdən az olmayacağını proqnozlaşdırdıqlarını bildirdi. Qeyd olunub ki, iqtisadiyyatın əksər sektorlarında geriləmələr müşahidə olunur. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilolmaları müvafiq olaraq 850 milyon manat artırılır. 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.
Nazir çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyidir. Bu gün dünyada heç kim deyə bilməz ki, pandemiya nə qədər davam edəcək və insanların həyat tərzinə nə kimi təsir edəcək. Hökumət bu fikirdədir ki, iqtisadiyyatda çevik maliyyə buferləri yaradılsın və yarana biləcək təhdidlərin qarşısı alınsın. Həmin düzəlişlər edilərkən ölkəmizdə artan xərclərin makroiqtisadi sabitliyə xələl gətirməməsi məsələsi də nəzərə alınıb. Dövlətimiz bu həssas dönəmdə sərəncamında olan bütün ehtiyatlardan istifadə edir. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun əvvəlki illərdən qalma ehtiyatlarından da istifadə olunur.
Gəlirlərin azalmasına neftin qiymətinin də təsirləri açıqlandı. Büdcənin gəlirlərinin hesablanması üçün büdcədə nəzərdə tutulan 55 dollar buna səbəb olur. Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür.
Samir Şərifov çıxışında pandemiyanın yaratdığı bu həssas dövrü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın arxada qoyacağına və yenidən inamla öz inkişaf yoluna davam edəcəyinə əminliyini ifadə edib.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu gün koronavirus hər bir ölkənin həyatına ciddi problemlər yaradıb. Onun sözlərinə görə, Azərbaycan dövləti də belə bir şəraitdə vətəndaşlarını düşünür: “Dövlət büdcəsinə edilən dəyişiklər də zərurətdən yaranıb. Pandemiya dövründə dövlətimiz çalışır ki, insanlar yaxşı yaşasın. Bilirsiniz ki, 190 manatın ilk olaraq 200 min nəfərə verilməsi nəzərdə tutulurdusa, sonradan 600 min nəfərə verildi. Bu, dövlətin vətəndaşlara qayğısının göstəricidir. Biz hər zaman dövlətimizin yanında olmalıyıq. Amma “antimilli şura” hər vəchlə çalışır ki, pandemiya şəraitində insanların vəziyyəti pisləşsin, narazılıq yaransın. Bu onu göstərir ki, onları insanların taleyi yox, öz maraqları düşündürür”.
Müzakirələrdə həmçinin, parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlardan Erkin Qədirli, Fazil Mustafa, Azər Badamov, Əli Məsimli, Aydın Mirzəzadə, Musa Qasımlı və Fəzail Ağamalı çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıblar.
Sənəd birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Daha sonra komitə sədri Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənədlə bağlı fikirlərini açıqlayaraq bildirib ki, sosial müdafiə büdcəsindəki 0,8 faizlik cüzi azalma vətəndaşların sosial müdafiə ödənişlərinə mənfi təsir göstərməyəcək.
İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də qanun layihəsi ilə bağlı fikirlərini bildirib. Nazir dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdən söz açıb. O, 2020-ci ilin birinci yarımilliyi üçün Nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri açıqlayıb. Nazir vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2019-2030-cu illər üçün Məşğulluq Strategiyası”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq, nazirlik tərəfindən əmək bazarının inkişafı, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülüb və bu tədbirlər davam etməkdədir.
İşsizlikdən sığorta alanların əhatə dairəsinin genişləndirilməsi üçün 5 milyon manat, özünüməşğulluğa cəlb olunacaq şəxslərin əhatə dairəsinin genişləndirilməsi üçün 15 milyon manat, peşə hazırlığı sistemində beynəlxalq sertifikatlı mütəxəssis hazırlığı və idarəetmə və işçi heyətin fəaliyyətinin sertifikasiyasının həyata keçirilməsi, istehsalatda innovativ texnologiyaların tətbiqinin təşkili üçün 2 milyon manat və İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşən sosial iş yerlərinin genişləndirilməsi üçün 1 milyon manat ayrılması nəzərdə tutulur. Fondun gəlirlərinin büdcədən maliyyələşən təşkilatlar və büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 343,8 min manat azaldılması, eyni zamanda qeyri-büdcə sektoru üzrə 343,8 min manat artırılması nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun 2020-ci ilin birinci yarımilliyi üçün xərcləri 2 milyard 395 milyon manat proqnozlaşdırılıb. Əhaliyə ödənişlərin məbləği 2 milyard 296 milyon manat təşkil edib. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün sərf edilən vəsait 2019-cu ilin müvafiq dövrü üzrə faktiki xərclərə nisbətən 24 faiz çox olub.
Əmək pensiyalarının təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin və şəffaflığın təmin edilməsi nəticəsində əmək pensiyalarının nominal xərcləri üzrə 2018-ci ildə 26 milyon manat, 2019-cu ildə 104 milyon manat, 2020-ci ilin ilk altı ayında 55 milyon manat vəsaitə qənaət edilib. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 milyon manatdır. Aparılmış bu islahatlar nəticəsində ölkəmiz minimum pensiyanın məbləğinə görə MDB ölkələri arasında alıcılıq qabiliyyəti indeksi üzrə 1-ci yerdə, orta aylıq pensiyanın məbləğinə görə isə 2-ci yerə çıxıb.
Müzakirələr zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, millət vəkilləri Razi Nurullayev, Vüqar Bayramov və Fazil Mustafanın sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Fasilədən sonra “İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında” qanuna təklif olunan dəyişikliklər də birinci oxunuşda müzakirə edilib. Sənədlə bağlı fikirlərini bildirən komitə sədri Tahir Mirkişili qeyd edib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif edilir. Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat və ya 18 faiz çoxdur. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib.
İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də rəhbərlik etdiyi komitənin layihə ilə bağlı rəyinin məqbul olduğunu diqqətə çatdırıb.
Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra komitə sədri Musa Quliyev “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi birinci oxunuşda şərh edərək bildirib ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapıb. Qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilib. Keçən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılıb və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur.
Sənədlə bağlı Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrləri Sadiq Qurbanov, Qənirə Paşayeva, millət vəkilləri Nigar Arpadarai, Sabir Rüstəmxanlı, Vüqar Bayramov fikir və təkliflərini bildiriblər.
Sonda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər barədə məlumat verən komitə sədri Musa Quliyev deyib ki, ümumilikdə qanunun 9 maddəsinə 20 dəyişiklik təklif olunur. Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır.
Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə ilə ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.
Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, Məcəllənin dispoziyasına (540-cı maddə) təklif olunan dəyişiklik “Məşğulluq haqqında” qanuna dəyişikliklə üzvi surətdə bağlıdır. Ailə, kəndli, fermer təsərrüfatlarının üzvləri barədə məlumatların elektron kənd təsərrüfatı sistemində yerləşdirilməsi, onların uçotunun aparılması, bələdiyyələr üçün əlavə informasiya sisteminin yaradılması sahəsində pozuntuların inzibati məsuliyyət yaradan halları ilə bağlıdır.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31