Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün praktiki addımlar atılır

Azərbaycanda pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün praktiki addımlar atılır

03.09.2020 [09:34]

Prezident İlham Əliyev: Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib
Azərbaycan dövləti yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə gündəliyində bir sıra məsələləri əsas prioritetlər kimi müəyyənləşdirib. Burada, əlbəttə ki, insanların sağlamlığının, həyatının qorunması ön sırada dayanır. Respublikamızda yeni növ koronavirusa ilk yoluxma faktı qeydə alınandan etibarən genişmiqyaslı səhiyyə tədbirləri görülür, o cümlədən zəruri infrastruktur daha da möhkəmləndirilir, çarpayı fondu artırılır. Bu sahədə görülən işlərin davamı olaraq avqustun 31-də daha bir səhiyyə müəssisəsinin - Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib. Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı diqqətə çatdırıb ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Öz növbəsində açılan yeni xəstəxanalar COVID-19-a qarşı aparılan mübarizədə çox önəmli rol oynayır.
Tibb müəssisəsinin kollektivi ilə videoformatda keçirilən görüşdəki çıxışında Prezident İlham Əliyev ölkəmizdə pandemiya şəraitində digər istiqamətlərdə həyata keçirilən operativ tədbirlər barədə də ətraflı bəhs edib, o cümlədən sosial-iqtisadi sahədə görülən işlərin aktuallığını diqqətə çatdırıb. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı “Təbii ki, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır”, - deyə vurğulayıb.
Ölkədə pandemiya dövründə beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub
Ən çətin məqamlarda vətəndaşlarının yanında olan Azərbaycan dövləti özünün dəriməzmunlu sosial siyasətinə bir sıra çətinliklərlə müşayiət olunan pandemiya şəraitində də sadiqlik nümayiş etdirir. Cari ilin əvvəlindən bəri respublikamızda heç bir sosial layihə ixtisara salınmayıb, əksinə pandemiya dövründə ölkəmizdə sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. Pandemiyanın ölkə vətəndaşlarının rifah halına, gəlir imkanlarına mənfi təsirlərini önləmək üçün həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”.
Respublikamızda pandemiya şəraitində məşğulluğa və sosial rifaha dəstək proqramı reallaşdırılır. Karantin dövründə dövlət sektorunda çalışan 910 min işçinin təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilir. Həmçinin özəl sektorda da iş yerlərinin qorunması diqqət mərkəzində saxlanılır. Ölkəmizdə pandemiya dövründə özəl sektorda 760 min nəfərin iş yerlərini itirmək riskinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilib. Aparılan məqsədyönlü işin məntiqi nəticəsidir ki, ilin əvvəlindən bu sektorda əmək müqavilələrinin sayında 120 minə yaxın (19%) artım qeydə alınıb.
Ölkəmizdə pandemiya şəraitində məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb. Respublika üzrə qeyri-formal çalışan və pandemiya səbəbindən öz işini itirən, əsasən aztəminatlı təbəqəyə aid 600 min insan dövlət tərəfindən qayğı ilə əhatə olunub - onlara artıq bir neçə aydır ki, 190 manat məbləğində müavinət verilir. Pandemiya dövründə yalnız bir dəstək istiqaməti - 190 manat birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manat təşkil edib. Hazırda ölkə üzrə 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin verdiyi məluata əsasən, dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsinin genişləndirilməsi nəticəsində əlavə 14 min ailənin, 60 minə yaxın şəxsin bu proqrama cəlb olunması təmin edilib. Sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsinin təmin edildiyini vurğulayan nazir bildirib ki, sosial ödənişlərin əhəmiyyətli dərəcədə artımı nəticəsində bu istiqamət üzrə maliyyələşmədə də ciddi vəsait artımı özünü göstərir. Bu ilin 6 ayında pensiya, müavinət və təqaüdlər üzrə 2 milyon vətəndaşa 587 milyon manat çox olmaqla 2,8 milyard manat yönəldilib, o cümlədən pensiyalar üzrə 436 milyon manat çox vəsait ödənilib.
Pandemiyanın yaratdığı məlum çətinliklərə baxmayaraq, respublikamızda Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramı genişləndirilir. Bu barədə məlumat verən S.Babayev bildirib ki, 2020-ci ildə rekord həddə - ən azı 1500 mənzil və fərdi evin şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilməsi nəzərdə tutulub. Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son 20 gündə 250 mənzil müvafiq kateqoriyadan olan vətəndaşlara təqdim edilib. Beləliklə, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin və fərdi evləein sayı 8142-yə çatıb. Eləcə də müharibə əlillərinin avtomobillə təminatı həyata keçirilir.
Başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə vəziyyət daha yaxşıdır
Qlobal pandemiya şəraitində mal və xidmətlərə istehlak azalıb ki, bu da öz növbəsində dünya üzrə iqtisadi aktivliyin zəifləməsini şərtləndirib. Artıq ayrı-ayrı ölkələr indiki şəraitdə artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini açıq şəkildə bəyan edirlər. Qeyd etmək yerinə düşər ki, indiyədək təxminən 150 ölkə maliyyə dəstəyi almaq üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib. Azərbaycanın adı isə bu siyahıda yoxdur. Ölkəmiz qlobal pandemiyanın yaratdığı bütün çətinlikləri sırf öz gücünə dəf edir. Ümumiyyətlə, digər ölkələrlə müqayisədə, Azərbaycan iqtisadiyyatı pandemiya şəraitində daha az geriləməyə məruz qalıb. Respublikamızda pandemiya dövründə makroiqtisadi sabitliyin təmin olunması, inflyasiyanın 3 faiz ətrafında qərarlaşması və xarici borcun artmaması milli iqtisadiyyatımızın dayanıqlılığı ilə bağlıdır. Onu da vurğulayaq ki, cətinliklərə baxmayaraq, respublikamızda bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatında, sənayenin qeyri-neft sektorunda artıma nail olunub. Həmçinin zamanında həyata keçirilən islahat tədbirlərinin məntiqi nəticəsi olaraq 2020-ci ilin birinci yarısında dövlət büdcəsinə proqnozlaşdırılan həcmlərdən artıq daxilolmalar təmin edilib. Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4005,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 326,6 milyon manat və ya 8,9 faiz çoxdur. Həmin vəsaitin 72,4 faizi və yaxud 2899,5 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. 2020-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2019,3 milyon manat vəsaitin yönəldilməsi təmin edilib. Bu rəqəm proqnozdan 98,1 milyon manat və ya 5,1 faiz çoxdur. Bütün bu kimi faktlar Azərbaycan iqtisadiyyatının dayanıqlılığını və bütün böhran vəziyyətlərinə hazır olduğunu təcəssüm etdirir. Ayrı-ayrı ölkələrdəki vəziyyətlə müqayisədə milli iqtisadiyyatımızın durumunu qənaətbəxş dəyərləndirən Prezident İlham Əliyev deyib: “Mən bunu bəri başdan - pandemiyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir”.
İndiki vəziyyətdə iqtisadiyyatın funksionallığının təmin edilməsi və postpandemiya dövründə iqtisadi fəallığın artmasına real zəmin yaradılması mühüm vəzifələr kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev bildirib ki, biz postpandemiya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Bütövlükdə, ölkəmizdə iqtisadi fəallığın təmin edilməsinə hesablanan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. İndiyədək müxtəlif proqramlar üzrə yüzlərlə sahibkara güzəştli kreditlər təqdim edilib. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Yuxarıda bəhs olunan məşğulluğa dəstək proqramı da geniş sosial əhəmiyyət daşımaqla yanaşı, həm də iqtisadi fəallığın təmin edilməsi baxımından böyük önəm daşıyır. İndiyədək respublikamızda pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərin dəstəklənməsi məqsədilə dövlət büdcəsindən yüz milyonlarla manat maliyyə dəstəyi göstərilib. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində 2-ci dəfə vəsaitlərin köçürülməsi davam etdirilir. Avqust ayında yeni maliyyə dəstəyi çərcivəsində 234.355 muzdlu işçini əhatə edən 22.885 vergi ödəyicisinə 51.939,4 min manat vəsait ödənilib. İkinci maliyyə dəstəyi çərcivəsində avqust ayında 49.887 fərdi (mikro) sahibkara 12.471,8 min manat birdəfəlik maliyyə dəstəyi göstərilib. Sentyabr ayının 10-dan sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaqdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 338 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31