Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma aparması müharibə cinayətidir

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma aparması müharibə cinayətidir

18.09.2020 [23:14]

Ekspertlərin qeyd etdikləri kimi, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən təcavüzkar ölkəyə qarşı konkret və qəti tədbirlər görülməlidir

Məlum olduğu kimi, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, artıq Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağda yerləşdirilməsi faktları təsdiqlənib. Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu köçürməni həyata keçirməkdə Ermənistanın əsas məqsədi Azərbaycanın işğal olunmuş ətraf rayonlarının etnik strukturunu, demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir. Bununla yanaşı, Suriya və Livandan işğal olunmuş Azərbaycan torpaqlarına köçürülmüş insanları Ermənistanın silahlı muzdlular kimi də istifadə etməsi əsas məqsədlərdəndir. Ümumiyyətlə, beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən zəbt olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycanın ərazilərini işğal etməklə beynəlxalq hüququn normalarını pozan təcavüzkar Ermənistan hökuməti məkrli siyasətindən əl çəkmir: “Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan, hazırda hərbi işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələrə köçürmək planlarını reallaşdırmağa başlayıb”.

Deputat qeyd edib ki, işğalçı Ermənistan illərdir azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparır: “Dağlıq Qarabağda Livan ermənilərinin qanunsuz məkunlaşdırma siyasəti isə təcavüzkar Ermənistan rəhbərliyinin həm iqtisadi, həm də hərbi cəhətdən üstün olan Azərbaycan dövlətinə qarşı hazırlanan məkrli planın növbəti mərhələsi kimi qiymətləndirilməlidir”.

“Heç kəsə sirr deyil ki, işğalçı Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları avantürist siyasətinin qurbanına çevirəcək, onlardan silahlı muzdlular kimi də istifadə edəcək. Azərbaycanın tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməsi ciddi nəticələrə, müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər”, - deyə N.Həmzəyev vurğulayıb.

Milli Məclisin üzvü Jalə Əliyeva isə bildirib ki, ermənilər Azərbaycanın əraziləri hesabına ikinci erməni dövləti yaratmağa cəhd edirlər: “Bunun üçün də törətmədikləri cinayətkar əməllər, təxribatlar qalmayıb. Bütün humanizm dəyərlərindən uzaq olan ermənilər, onların başabəla, nasist, terrorçu siyasətçiləri dünyada baş verən istənilən faciədən fürsəti əldən vermədən yararlanmağa çalışırlar. Bir neçə il öncə Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyada yaşayan erməniləri köçürməklə kifayətlənməyən Ermənistanın hakim dairələri indi də Livan ermənilərinin “pişvazı”na çıxıblar”.

J.Əliyeva deyib ki, Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması müharibə cinayətidir və bu cinayətin, cinayətkarların, terrorçuların qarşısı alınmalıdır. Deputatın sözlərinə görə, Ermənistanı bu cinayətlərə həvəsləndirən amil isə beynəlxalq qurumların təcavüzkarın əməllərinə seyrçi qalması, onu vaxtında cəzalandırmamasıdır: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası 27 ildir təmin edilməyib. ATƏT və onun Minsk qrupunun vasitəçilik missiyası sülh danışıqlarında uğur əldə edə bilməyib. İndi zəhmət çəkib missiyalarını həyata keçirsinlər, qətnamələrinin icrasına nail olsunlar, ədaləti, sülhü, təhlükəsizliyi təmin etsinlər. Eyni zamanda, Ermənistanı həm qanunsuz məskunlaşdırma siyasətindən, həm də təcavüzkarlıq hərəkətlərindən çəkindirsinlər”.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31