Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan tarixi ədaləti bərpa edir

Azərbaycan tarixi ədaləti bərpa edir

07.10.2020 [09:04]

Prezident İlham Əliyev: Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq
Xəbər verildiyi kimi, sentyabrın 27-də Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Artıq bir həftədən çoxdur ki, qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir və ordumuz vaxtilə işğal edilmiş torpaqlarımızın geri qaytarılması missiyasını uğurla həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır
Azərbaycan işğalçı ölkə deyil. Xalqımızın başqalarının torpağında heç vaxt gözü olmayıb. Respublikamız yalnız tarixən ona məxsus olan, işğal edilmiş torpaqların geri qaytarılmasını istəyir. Məlum olduğu kimi, artıq üç onillikdir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın təxminən 30 ildir ki, danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiqliyinin ifadəsidir. Azərbaycan həmişə birmənalı şəkildə bəyan edib ki, aparılan danışıqlar substantiv nəticələrə hesablanmalıdır. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, beynəlxalq birliyə etibar edib. Təəssüf ki, xalqımızın etibarından sui-istifadə olunub. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub.
Bundan sonra respublikamız mənasız danışıqlarda iştirak etmək niyyətində deyil. Ordumuzun komandanlığının yuxarıda bəhs olunan qərarı bir daha təsdiqləyir ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunmasında, vaxtilə işğala məruz qalan torpaqların geri qaytarılmasında prinsipial yanaşmadan çıxış edir və buna tam haqqı var. Əks-hücum əməliyyatı uğurla davam edir. Müdafiə Nazirliyindən verilən məlumata əsasən, strateji əhəmiyyət daşıyan yüksəkliklər, ayrı-ayrı yaşayış məntəqələri işğaldan azad edilib. Xatırlatmaq yerinə düşər ki, işğal edilmiş digər ərazilərimizin azad edilməsi prosesi və doğma torpaqlara qayıdışımız Cocuq Mərcanlıdan başlayıb. Ətrafdakı yüksəkliklər Ordumuzun rəşadəti sayəsində işğaldan təmizləndikdən sonra Cocuq Mərcanlıya həyat qayıdıb. Burada gözəl qəsəbə salınıb, müasir infrastruktur qurulub, iş yerləri yaradılıb. Sakinlər də doğma yerlərə məmnuniyyətlə qayıdıblar. Deyə bilərik ki, Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının yenilməz iradəsinin rəmzinə çevrilib. Cocuq Mərcanlının timsalında biz görürük ki, xalqımız işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Bu amilə diqqət çəkən dövlətimizin başçısı “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”, - deyə vurğulayıb. Hazırda döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirirlər. Şübhəsiz ki, bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.
Dağlıq və aran Qarabağ vəhdət təşkil edir. Burada tarixən xalqımıza xas olan ənənələr formalaşıb. Xalqımız bu yerlərdə yüzilliklər boyunca maddi və mənəvi mədəniyyət nümunələri yaradıb. Eyni zamanda, ortada tarixi sənədlər var. Dağlıq Qarabağın Rusiya imperiyasının tərkibinə qatılması ilə bağlı Kürəkçay müqaviləsində və digər sənədlərdə ermənilər barədə ümumiyyətlə söhbət getmir. Bütün bunlar ona dəlalət edir ki, Qarabağ bizim əzəli tarixi torpağımızdır, ermənilər buraya sonradan köçürülüblər və dərhal öz xislətlərinə uyğun olaraq torpaq iddiaları irəli sürməyə başlayıblar.
Tarixi ədalət, xilaskarlıq missiyası uğurunda vuruşması Silahlı Qüvvələrimizin şəxsi heyətinə əlavə güc verir. Xəbər verildiyi kimi, oktyabrın 4-də uzun illərin həsrətinə son qoyulub - Cəbrayıl şəhəri, Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad edilib. Beləliklə, qaçqın və məcburi köçkün soydaşlarımız əmin ola bilərlər ki, Azərbaycan dövləti onları da, onların dədə-baba torpaqlarını da geri qaytaracaq.
Təbii ki, torpaqların işğaldan azad edilməsi Azərbaycan xalqının böyük sevincinə səbəb olub. Bu günlərdə bütün Azərbaycan xalqı torpaqlarımızın erməni vandallarından təmizlənməsini əsl bayram kimi qeyd edir. Bütövlükdə, Azərbaycan cəmiyyəti torpaqlarımızın işğaldan azad edilməsi məsələsində qətiyyətli siyasi iradə ortaya qoyan Prezident, Ali Baş Komandan İlham Əliyevə və müzəffər Ordumuza hərtərəfli dəstək nümayiş etdirir. İnsanlar Prezident İlham Əliyevə ünvanladıqları çoxsaylı məktublarda torpaqlarımızın işğaldan azad edilməsinin sevincini bölüşürlər, eyni zamanda, güclü ordu quruculuğuna görə Ali Baş Komandana dərin minnətdarlıqlarını bildirirlər.
Məlum olduğu kimi, ermənilər zor gücünə işğala məruz qoyduqları Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparıblar, eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İşğalın davam etdiyi illərdə Azərbaycan təbiətinə ciddi ziyan vurulub, işlək müəssisələrin avadanlıqları sökülərək Ermənistana daşınıb. Erməni vandallarının maddi və mədəniyyət abidələrimizə sahib çıxmaq cəhdləri də heç bir əndazəyə sığmır. Onlar öz xislətlərinə uyğun olaraq abidələrimizi özününküləşdirməyə çalışıblar, bu mümkün olmadıqda isə onları dağıdıblar. Bütün tarixi abidələrimizin bərpa olunacağını bildirən Prezident İlham Əliyev deyib: “Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil
Azərbaycanın 30 il ərzində səbr və təmkin nümayiş etdirməsi fonunda işğalçı Ermənistan daha da azğınlaşıb. Biz işğalçı Ermənistan nümunəsində nəyi müşahidə edirdik? Onu müşahidə edirdik ki, təcəvüzkar işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid etməyə çalışır, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını bəyan edirdi. Beynəlxalq hüquqa meydan oxuyan Ermənistan münaqişənin mərhələli şəkildə həlli ilə bağlı baza prinsiplərindən geri çəkilmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan ciddi-cəhdlə danışıqların formatını dəyişdirməyə çalışırdı. İşğalçı dövlətin baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurmuş və onu mənasız etmişdi. Bunlar azmış kimi, Ermənistan Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələməyə başlamış, davamlı şəkildə təxribatlar törətmişdir. Cari ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutulub. Avqust ayında işğalçı dövlət respublikamıza diversiya qrupu göndərib. Bundan başqa, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirir, Ermənistanın baş naziri Şuşada, Cıdır düzündə rəqs edir, qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi ilə bağlı planlar qurulur, Cəbrayıla Ermənistandan yeni yolun çəkilişi həyata keçirilir, işğal altında olan ərazilərdə qanunsuz məskunlaşma aparılır, Cenevrə Konvensiyasının tələbləri kobud şəkildə pozulurdu. Hətta işğalçı Ermənistanın baş naziri getdikcə azğınlaşaraq Azərbaycana şərtlər irəli sürürdü. Halbuki onun səsləndirdiyi 7 şərtin heç birinin hüquqi əsası yoxdur. Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlər isə beynəlxalq hüquq normalarına və hazırkı vəziyyətə tam adekvatdır. Dövlətimizin başçısının irəli sürdüyü şərtlər belədir: Ermənistan Azərbaycanın torpaqlarından çıxmalıdır, işğalçı dövlət Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, Ermənistanın baş naziri Azərbaycan xalqından üzr istəməlidir və deməlidir ki, Qarabağ Ermənistan deyil, Ermənistan işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini təqdim etməlidir. Yalnız bu şərtlər yerinə yetiriləndən sonra atəşkəs rejiminin bərpa edilməsi məsələsinə baxıla bilər. Prezident İlham Əliyev bildirib ki, Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır.
Onu da qeyd edək ki, indiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıblar və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Bu günə kimi Azərbaycanın haqlı tələblərini qulaqardına vuranların hazırda əl-ayağa düşməsi ikili standartların bariz nümunəsidir. Kimlərinsə Azərbaycanı ittiham etməyə heç bir haqqı və hüquqi əsası yoxdur. Hazırkı vəziyyətin yaranmasında əsas günahkar Ermənistan və bu məsələyə biganə yanaşan, daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, bu gün Azərbaycanın həyata keçirdiyi işğaldan azadetmə tədbirlərinin çox ciddi əsasları vardır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 339 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31