Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Salam, cənab Prezident! Mən Milli Qəhrəman Polad Həşimovun qızıyam

Salam, cənab Prezident! Mən Milli Qəhrəman Polad Həşimovun qızıyam

04.02.2022 [10:36]

Prezident: Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub,var və xalqımızın qəlbində əbədi yaşayacaq!

Fevralın 2-də  Gülüstan sarayında Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Tədbirdə  ölkənin fəal gəncləri, məcburi köçkün və şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları Prezident İlham Əliyevlə görüşərək, öz fikirlərini bildiriblər, onları maraqlandıran sualları veriblər.

Görüşün ən maraqlı, hətta kövrək məqamlarından birisi şəhid generalımız Polad Həşimovun qızı Aybəniz Həşimova ilə ölkə başçısı arasında gedən dialoq oldu.

“Salam, cənab Prezident. Mən, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsiyəm, Milli Qəhrəman Polad Həşimovun qızıyam”.

Elə bu bircə sətir Prezidentin də, bu anları izləyən tamaşaçıların da diqqətini cəlb etməyə yetdi. Çünki Azərbaycan xalqının da, cənab İlham Əliyevin də Polad zirvəsinə sonsuz sevgisi var.

Aybəniz Həşimova sualı olmadığını qeyd edərək, dövlət başçısına şəhid ailələrinə göstərdiyi diqqət  üçün təşəkkürünü bildirdi. Əzizini itirməyin acısını ən dərindən hiss etmiş bir şəhid balasının böyük qürurla, sevgiylə səsləndirdiyi təşəkkür, əslində bütün şəhid ailələrinin dilindən səslənmiş sayıla bilərdi. Biz cənnətdə şəhidlər ordusu olan millətik və o nur üzlü igidlərin də önündə Polad dayanır. Ölümsüzlük zirvəsinə ucalan bu insanların hamısı Polad yolunu getdi,  Vətən yolunda şəhidlik şərbətini sevərək içdi.

Polad Həşimovun qızını dinləyərkən Prezidentimizin üzündə görünən təbəssümü qayğı və kədər əvəz edir. Hiss olunur  ki, bir anlıq yaxın keçmişdə baş verənləri xatırlayır:

“Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm ümumiyyətlə gələcək haqqında öz sözlərimi dedim. Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq”. 

Bir qəhrəmana ölkə liderinin  göstərdiyi  hörmət, dəyərdir bu. Polad Həşimov  sağlığında da dövlət başçısının diqqətində olub, fəaliyyəti qiymətləndirilib.

“Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir. Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı azad etməliyik”, - deyə cənab Prezident qeyd edir.

 Dövlət başçısı müharibədə qələbə çalmaq  üçün vacib olan amilləri sadalayarkən, I Qarabağ müharibəsi zamanı  o vaxtlar ölkəyə rəhbərlik etmiş şəxslərin törətdiyi ağlasığmaz hərəkətlər barədə də danışıb.

“Müharibəni aparmaq üçün bütün amillər olmalıdır, bütün amillər - güc, iradə, cəsarət, vətənpərvərlik....

Baxın, bizdə müharibə dövründə bir nəfər də fərari olmamışdır. Amma Birinci Qarabağ müharibəsində olmuşdu. Nə üçün? Çünki o vaxt inam yox idi. O vaxt müharibə gedə-gedə ovaxtkı iqtidar Gəncəni bombalayırdı. Təsəvvür edirsənmi? Burada torpaqlar əldən gedir, bunlar isə bax, burada, Bakıda oturan iqtidar Gəncəni bombalayırdı və Azərbaycan əsgərlərini əsir götürmüşdü. Belə iqtidarla müharibəni udmaqmı olardı? Əlbəttə ki, yox. İnam yox idi və orada torpaqlar əldən gedirdi, burada isə bu yaxın yerlərdə, bu Milli Məclisin qabağında mitinqlər təşkil edirdilər, bir-birini ittiham edirdilər, boş-boş sözlər deyirdilər, vədlər verirdilər. Hamısı da boş idi. Ona görə xalq da hazır olmalı idi. Polad Həşimov öz şəhadəti ilə, deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin olardı”.

 Az öncə qeyd edildiyi kimi, şəhid generalın övladının dilindən səslənən təşəkkürü, əslində bütün şəhid yaxınlarının dilindən səslənmiş kimi qəbul etmək olar. Çünki itkilərimizə, əziyyətimizə baxmayaraq, xalq bu müharibədə yalnız irəli getmək, 30 il irinli yaraya çevrilmiş bu münaqişəni biryolluq həll etmək əzmindəydi. Hər kəs ölkə başçısının ətrafında birləşib, bir olmuşdu. Ona olan güvən, sevgi sonsuz idi. Kimsə şəxsi itkilərinin hesabını aparmır, hər kəs “hər şey Vətən üçün” deyirdi. Elə dövlət başçısı da bu sevgini hiss etməmiş deyildi və gənclərlə görüş zamanı bunu dilə gətirdi:

“Mən bu yaxınlarda Gəncədə ermənilər tərəfindən dağıdılmış evlərin önündə demişdim ki, hətta o dağıntılardan çıxanlar, öz yaxınlarını itirənlər deyirdilər ki, ancaq irəli getməliyik. Yadımdadır, mən müharibə zamanı bir çox müsahibələr vermişdim. Bir sual bu günə qədər yadımdadır. Bir jurnalist demişdi ki, ya Bərdədə, ya Tərtərdə dəfn mərasimində olub. Bu müsahibədən sonra söhbət əsnasında dedi ki, təəccüb etdim, gördüm ki, Sizə qarşı, iqtidara qarşı heç bir narazılıq yoxdur. Mən gözləyirdim ki, orada Sizi ittiham edəcəklər, deyəcəklər, nə üçün İlham Əliyev bu müharibəni başlayıb ki, biz yaxınlarımızı itirmişik. Dedi ki, mən bir çox yerlərdə, döyüş yerlərində olmuşam, belə ruh yüksəkliyi görməmişəm. Hamı deyirdi ki, Prezidentin arxasındayıq, hamı deyirdi ki, ancaq dayanmasın. Bilirsən, bax, budur, xalq. Xalq buna hazır olmalı idi və hazır oldu”.

Çıxışının sonunda dövlət başçısı Polad Həşimov itkisinin hər bir azərbaycanlı  üçün böyük dərd olduğunu bir daha vurğuladı: “Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə, sənin üçün, sənin yaxınların üçün. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və xalqımızın qəlbində əbədi yaşayacaq”.

Polad Həşimov yalnız evinin yox, elinin də oğlu idi. Onun kimi bir soydaşımızın olması ilə hər birimiz qürur duyuruq. İllər ötəcək, Poladların qəhrəmanlıq məktəbindən dərs alan gənc oğullar bu Vətənin köksü  bir daha parçalanmasın deyə onun sərhədlərində dağlar kimi çiyin-çiyinə sıralanacaq,  duruşları ilə düşmənlərin ürəyinə dağ çəkəcəklər. Polad kimi qəhrəmanlar o günə qədər yaşayacaq ki, onların adları  ürəklərdə səslənəcək. Polad bu xalqı birləşdirən, bir-birinə bağlayan polad bağ oldu əslində.

Əsas odur ki, vətən, xalq yolunda canını fəda etmiş bu qəhrəmanlara  xalqın adından danışan dövlət başçısı, Ali Baş Komandan tərəfindən layiqli qiymət verilsin, dəyərləndirilsin.  Və o bunu edir.

O yaxşı bilir ki, 2 fevral-Gənclər  Günü II Qarabağ müharibəsində 19 yaşında canından keçmiş  150 şəhidin, ömrünün 20-ci baharında “vətən sənə canım fəda  demiş”  300 igidin, 21 yaşını qeyd etmiş 170 bahadırın, 22 yaşında əbədiyyətə gedən 190 qəhrəmanın, 23 yaşında ölümü gülə-gülə qəbul etmiş 220 əbədi gənc qalacaq oğulun günüdür. Bu igidlərin hər biri onun üçün qürur yeri, fəxr yeri, eyni zamanda ürək sızısıdır. Amma məhz belə igidlər sayəsində Vətən bütövdür, güclüdür, sarsılmazdır, AZƏRBAYCANDIR.

İlhamə RƏSULOVA

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31