Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Filip Rikerin regiona səfəri...

Filip Rikerin regiona səfəri...

08.09.2022 [10:16]

ABŞ özünün Cənubi Qafqaz siyasətini fəallaşdırır?

Nardar BAYRAMLI

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsində qalib gələn dövlətimiz bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlar Cənubi Qafqazda bütün ölkələr arasında əməkdaşlıq platformasını nəzərdə tutur. Ona görə də, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli, yeni reallıqları qəbul etməlidir.

Hazırda Avropa İttifaqı və Rusiya tərəflər arasında münasibətlərin normallaşması üçün vasitəçilik edirlər. Eyni zamanda, ABŞ da özünün Cənubi Qafqaz siyasətini fəallaşdırmağa çalışır. Ötən 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında heç nə ilə yadda qalmadı. Ona görə də Azərbaycan 2020-ci ildə  öz gücü ilə torpaqlarını işğaldan azad etməyə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına icra etməyə məcbur oldu. Bununla da, Dağlıq Qarabağ münaqişəsi başa çatdı və bu səbəbdən də ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Amma bütün bunların fonunda ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlığın tam təmin olunması üçün bundan sonra da yardım etməyə hazır olduğunu bəyan edib. Bu məqsədlə ABŞ Dövlət katibi Entoni Blinken dəfələrlə Azərbaycan və Ermənistan tərəfi ilə telefon danışığı aparıb. Eyni zamanda, bu ilin iyun ayında    ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ölkəmizdə səfərdə olub. Onun səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib. K.Donfrid səfər zamanı keçirdiyi brifinqdə Cənubi Qafqaz regionu ilə bağlı maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müxtəlif elementlər mövcuddur. Bu elementlər arasında kommunikasiya, tranzit əlaqələri vacibdir və hazırda bu elementlər danışıqların önəmli hissəsini təşkil edir. ABŞ rəsmisinin fikrincə, Zəngəzur dəhlizi belə imkanlardan biridir. K.Donfrid deyib ki, ABŞ tərəflər arasında sülhə nail olmağa kömək etməyə hazırdır və indi bunun üçün fürsət pəncərəsi açılıb.

Xanım Donfriddən sonra Azərbaycana ABŞ-ın növbəti yüksək ranqli siyasətçisi gələcək. ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat brifinqində deyib ki, Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker bu həftə Cənubi Qafqaz regionuna səfər edəcək. Patelin sözlərinə görə, bu, Rikerin Cənubi Qafqaza yeni postunda ilk səfəri olacaq: “Biz ümid edirik ki, bu cür səfərlər müntəzəm baş tutacaq”. Qeyd olunub ki, Filip Riker Ermənistan, Gürcüstan və Azərbaycana gedəcək və hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həll edilməmiş məsələlərin həlli və gələcək regional əməkdaşlıq üçün tərəfdaşlara kömək etməklə bağlı yollar axtaracaq. Eyni zamanda, o, birbaşa və konstruktiv şəkildə əməkdaşlıq etmək üçün yüksək- vəzifəli şəxslərlə görüşəcək.

ABŞ rəsmisinin ölkəmizə gözlənilən səfəri ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda Avropa İttifaqı və Rusiya öz vasitəçilik imkanlarını təqdim ediblər. Müharibənin dayandırılmasında Rusiyanın əhəmiyyətli rolu olsa da, Avropa İttifaqı  siyasi-diplomatik müstəvidə danışıqlar platformasında aktivliyi ilə seçilir. Belə ki, Brüsseldə ötən ilin dekabrında başlayan üçtərəfli görüşlər davam edir, avqustun 31-də isə dördüncü görüş olub. Onun sözlərinə görə, Avropa İttifaqının regionda moderatorluğu ABŞ tərəfindən də dəstəklənir: “Brüssel görüşlərinə ABŞ dövlət katibi Blinkenin mövqeyi bəllidir, o, prosesə dəstək nümayiş etdirib. Həm də, rəsmi Vaşinqton  öz maraqlarından çıxış edərək regionda möhkəmlənməyə çalışır. Nəzərə almaq lazımdır ki, postsovet məkanında mühüm geosiyasi proseslər baş verir.  Rusiya-Ukrayna müharibəsi davam edir, Cənubi Qafqaz uğrunda da böyük güclər arasında siyasi mübarizənin şahidi oluruq. Düşünürəm ki, Filip Rikerin Dövlət Departamenti tərəfindən Cənubi Qafqaz üzrə nümayəndə təyin edilməsi də bununla bağlıdır. Onun regionumuza gözlənilən səfəri haqda açıqlama verilib. Bütün bunların fonunda diqqətçəkən  məsələ bundan ibarətdir ki, ABŞ Cənubi Qafqazda öz maraqlarının təmin olunmasına çalışdığı halda, ermənilər ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədri kimi göstərməyə cəhdlər göstərirlər. F.Rikerin səfərini də bu kontekstdə qabardırlar”.

Politoloqun fikrincə, ABŞ-dakı erməni lobbisi ATƏT-in Minsk qrupunun dirçəldilməsi məqsədlərinə çata bilməyəcək. Çünki günümüzün geosiyasi reallıqları və siyasi mənzərəsi ilə ATƏT-in Minsk qrupu uyğunlaşmır. Rəsmi Bakı hesab edir ki, bu institut iflasa uğrayıb və onun heç bir siyasi gələcəyi yoxdur. Lakin belə olan halda, həm regional prosesləri yubatmaq, həm də Ermənistanın maraqları naminə hər hansı dividendlər əldə etmək istiqamətində erməni lobbisi fəaliyyətini davam etdirir. Onlar bu imkanlardan 30 il müddətində olduğu kimi gələcəkdə də yararlanmağa çalışırlar. İ.Hüseynov hesab edir ki, ABŞ strateqləri regionda yeni geosiyasi konfiqurasiyanı dəqiq analiz edəcək və buna uyğun olaraq regional problemlərə yanaşma ortaya qoyacaqlar: “Eyni zamanda, F.Rikerin regiona səfərindən sonra proseslərlə bağlı aydın mənzərə formalaşacaq».

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31