Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni müharibəni kim “arzulayır”?

Yeni müharibəni kim “arzulayır”?

15.08.2023 [10:00]

Savaş anonsları, aktiv silahlanma, hərbi komplektləşmə cəhdləri...

İrəvanın yeni səhvləri...

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi və hərbi reallıqlar formalaşdırdı. Özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan yeni mərhələdə regionda sülhün və təhlükəzisliyin təmin olunması üçün bütün səylərini səfərbər edib. Təəssüf ki, ölkəmizin bu humanist mövqeyi Ermənistan tərəfindən lazımi şəkildə dəyərləndirilmir. Artıq iki ildir ki, davam edən sülh danışıqlarını min bir yolla manipulyasiya etməyə çalışan rəsmi İrəvanın davranışlarını adekvat saymaq olmaz. Kasıb, sosial problemlərin girdabında boğulan bu dövlətin xaricdən silah alması, hərbi təxribatlara əl atması anlaşılan deyil. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan özünün “hərbi komlektləşməsini” həyata keçirir ki, bu da müəyyən dərəcədə düşündürücü faktordur. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açmalı olan, hətta bu məsələlərin həyata keçməsini təmin etmək məcburiyyətini üzərinə öhdəlik kimi götürən İrəvan  bu  öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Yeri gəlmişkən, Ermənistan silahlı qüvvələrinin bölmələri yenə Azərbaycanın Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır. Bunu əks etdirən görüntülər “Caliber”də paylaşılıb. Videoda da dörd “KamAZ” markalı hərbi maşın, həmçinin, döyüş sursatları daşıyan iki “KamAZ” markalı avtomobilin hərəkəti aydın görünür. Son bir neçə ayda baş tutan danışıqlar prosesindəki aktivlik, bəyan edilən müsbət impuls münasibətlərin normallaşması, problemlərin həlli ilə bağlı müəyyən nəticələrə ümid yaratmışdı. Amma Ermənistanın son addımları bu ümidi də puça çıxarır. Bu ölkənin apardığı təxribatçı siyasət danışıqlar prosesi ilə yanaşı, iki dövlət arasında münasibətlərin normallaşmasına da maneədir. Azərbaycanın möqelərini atəşə tutan, intensiv hərbi təxribatlar törədən Ermənistan bununla açıq şəkildə sülhü manipulyasiya etdiyini göstərir. Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən Ermənistan davranışları ilə hələ də tam əksinə müəyyən “qaranlıq məsələlərə” ümid etdiyini ortaya qoyur. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döymək”lə yanaşı, Azərbaycanı “günahkar” çıxarmağa da niyyətlənir. Fransa ilə birgə həyata keçirməyə çalışdıqları planın tərkib hissəsi kimi silahlı qarşıdurmaları yenidən körükləmək həvəsi İrəvanı yeni səhvlərə yönəldir. İrəvan anlamalıdır ki, Fransaya uyub bu kimi addımlar atması onun üçün ağır nəticələr vəd edir  - artıq Ermənistan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır.

Silahlandırma siyasəti...

Son baş verənlər göstərir ki, bu ölkə 44 günlük müharibədə uğradığı məğlubiyyətdən nəticə çıxartmayıb. Nə qədər qəribə görünsə də, iqtisadiyyatı investisiya cəlbediciliyini tamamilə itirən, ordusu çökən ölkədə revanşizm çağırışları artmaqdadır - ən əsası isə Ermənistan sürətlə silahlandırılır. Həm Fransa, həm də digər ölkələr İrəvanı aktiv şəkildə silahlandırırlar. Bununla bağlı Ermənistan KİV-i məlumat yayır - məsələn, bir müddət öncə bildirilirdi ki, Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən müqavilənin bəzi detallarını da açıqlamışdı - bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında ötən il sentyabrın əvvəllərində imzalanıbmış. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük etməyi planlaşdırıb. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur.

Ermənistana göndəriləcək silahlar barədə Hindistan mətbuatında da vaxaşırı materiallar dərc olunur. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir.

Azərbaycan xəbərdarlıq edib...

Təsadüfi deyil ki, iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşmüşdü. Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirmişdi. Prezident Administrasiyasının rəsmisi vurğulamışdı ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.

Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırmışdı.

Yeni müharibə dərsi...

Bu kimi məqamlar isə Ermənistanın yeni müharibə hazırlıqları kimi dəyərləndirilə bilər. Amma bu, Ermənistan üçün bütün mənalarda son ola bilər. Çünki ilk növbədə Ermənistanın müharibə hazırlıqlarının əbəs olduğunu təsdiqləyən ən mühüm fakt bu ölkənin cəmiyyətində hansısa bir motivasiyanın olmamasıdır. İrəvanda, digər şəhərlərdə keçirilən aksiyalarda əsgər anaları öz övladlarını Azərbaycan ərazilərində döyüşməyə göndərmək istəmədiklərini açıq şəkildə bildirirlər. İkinci Qarabağ müharibəsində Ermənistanın silahlı birləşmələrində 11 min fərari qeydə alınmışdı. Onlar postlarını, silahlarını ataraq qaçıblar. Müharibə hazırlıqları görən zaman Ermənistan hakimiyyəti bunları nəzərə almalıdır.  

Azərbaycan Ordusunun gücü...

Eyni zamanda, Ermənistan hakimiyyəti Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin gücünü yaddan çıxarmamalıdır. İndiyədək Azərbaycan Ordusu öz gücünü  bir neçə dəfə düşmənə göstərib. Aprel döyüşləri, Cünnüt və Tovuz əməliyyatları buna misaldır. Silahlı Qüvvələrimiz düşmənə ən böyük dərsi Vətən müharibəsində verdi. Ordumuz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Sonrakı mərhələdə isə onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatla üzərinə müəyyən öhdəliklər götürən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi.

Müharibə başa çatsa da, ölkəmizdə ordu quruculuğu siyasəti davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələr təşkil olunub, təchizat yolları çəkilib, xarici şirkətlərlə müasir silahların alınmasına dair kontraktlar imzalanıb. Yeri gəlmişkən, postmüharibə dövründə Ordumuzun Ermənistanın əl atdığı təxribatlara da cavabı çox sərt olub. Azərbaycanın gücünü və həmrəyliyini təcəssüm etdirən “?əmir yumruq” bundan sonra da yerində olacaq və düşmənin başını əzəcək.

Ermənistan məhvə sürüklənir...

Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi-siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil.

Azərbaycanın “qırmızı xətti”...

Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsada, “qırmızı xəttimiz” bəllidir - imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi ilə bağlı cəhdləri də fiaskoya məhkumdur. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir. Sülh müqaviləsi iki ölkə arasında bağlanacaq və Azərbaycanın daxili işi olan Qarabağ məsələsi ilə bağlı orada hər hansı bir qeydin olması mümkün deyil. Xüsusi vurğulanmalıdır ki, Ermənistanın son oyunları da məhz Qarabağdakı separatçılara “yardım” görüntüsü yaratmağa istiqamətlənib.

S.İsmayılzadə

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31