Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq təşkilatlar “kar” və “lal” olanda...

Beynəlxalq təşkilatlar “kar” və “lal” olanda...

16.08.2023 [10:10]

Baş verənləri sükutla izləmək bu cinayətə şərik olmaq deməkdir

Son dövrlərdə beynəlxalq münasibətlər sistemi yeni və daha böyük gərginliklərə şahid olur. İstər Ukraynada hərbi eskalasiyanın davam etməsi, istər Yaxın Orta Şərqdə yeni təhdidlərin meydana çıxması, istərsə də Cənubi Qafqazda baş verən hadisələr mühüm müzakirələrə yol açır. Xüsusilə, Cənubi Qafqazda - Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması   prosesinə vurulan “zərbələr” beynəlxalq aləmin diqqətini cəlb etməlidir. Ermənistan və havadarları, eləcə də bu xora qoşulanlar Azərbaycanın sərhəddinə “tır karvanı” “göndərir”, Qarabağda yaşayan ermənilərə “humanitar yadım” şousu düzəldirlər. Axı, illərdir, hətta bir əsrə yaxındır ki, bu kimi məsələlər beynəlxalq qanunvericiliklər, qətnamələr və konvensiyalarla tənzimlənir. Necə olur ki, Fransanın timsalında beynəlxalq hüquqa qarşı nümayiş etdirilən hörmətsizliyə bu qədər dəstək verilir? Axı, susmaq razılıq əlamətidir - beynəlxalq aləm baş verən haqsızlıqlara, Azərbaycana qarşı ədalətsiziyə, rəsmi Bakının bölgədə formalaşdırmağa çalışdığı təhlükəsizlik arxitekturasına qarşı təhdidlərə susursa... Beynəlxalq aləmin “karlığı” və “lallığı” yeni qarşıdurmaları körükləyir, yeni eskalasiyaların yaranmasına stimul verir.

BMT seyirçi olmağa “üstünlük verir”...

İlk növbədə baş verənlərə reaksiya BMT-dən gəlməlidir. Azərbaycanın ərazi bütövlüyü müzakirəolunmaz mövzudur - BMT TŞ hətta 30 ilə yaxındır ki, erməni işğalının dayandırılması üçün 4 məlum qətnamə qəbul edib. Və 30 ildir ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. BMT ötən dövrdə işğalçı ölkəyə qarşı hər hansı bir sərt reaksiya göstərməmişdi və cəzasızlıq mühiti də Ermənistanı yeni işğallara sövq etmişdi. Azərbaycan öz gücü ilə həm ərazi bütövlüyünü təmin etdi, həm də BMT TŞ qətnamələrinin icrasını reallaşdırdı. Beləliklə, indiki halda BMT yenidən “susqun moda” keçməklə yeni təhlükələrə zəmin yaradır.

Təsəvvürlərdə “BMT dünya nizamına cavabdeh qurumdur” obrazı formalaşıb. Reallıqda isə biz bu “cavabdeh qurum”un zəruri məqamlarda adekvat fəaliyyət sərgiləmədiyinin, bir sıra hallarda proseslərə, bəşəriyyət üçün taleyüklü məsələlərə belə seyirçi qaldığının şahidi oluruq. Dünyanın müxtəlif bölgələrində milli, irqi, dini zəmində alovlanan münaqişələrin fonunda BMT-nin, necə deyərlər, heyrət doğuran susqunluq nümayiş etdirməsi təzadlı mənzərə yaradır və suallar doğurur. Əgər BMT zəruri anlarda müvafiq qərarlar qəbul etməyəcəksə və yaxud Azərbaycanın nümunəsində olduğu kimi, qətnamələrinin icrasını taleyin ümidinə buraxacaqsa, onda bu qurumun mövcudluğunun və dövlətlərin burada bir çətir altında birləşməsinin nə faydası var? 

Təhlükəsizlik Şurası funksionallığını itirib...

Qurumun yaranmasından ötən 80 ilə yaxın zaman kəsiyində yeni siyasi reallıqlar ortaya çıxıb. BMT TŞ artıq “nizam tərəzisi” funksiyasını itirir. Hazırda bu qurumda iki düşmən tərəf yanaşı oturmaq “məcburiyyətindədir”. Rusiya Ukraynada həm də Qərbin verdiyi dəstəyə qarşı vuruşur. Belə olan təqdirdə BMT TŞ hansı qərarı verə bilər, hansı əsaslı fikri və ya iddianı müdafiə edə bilər? BMT TŞ-nin hazırkı strukturu ilə BMT “dünya hökuməti” funksiyasını həyata keçirmək iqtidarında deyil, daha çox “siyasi alət” qismində çıxış edir. Buradan da dünya nizamının tənzimlənməsində ikili standartlar ortaya çıxır, bütün qlobal proseslər BMT-nin iradəsi ilə deyil, əsasən güc mərkəzlərinin diktəsi ilə yönləndirilir. Azərbaycana qarşı haqsızlıqlarda bu özünü daha qabarıq göstərir.

UNESCO-nun “susqunluğu”...

Burada məsələ yalnız BMT ilə məhdudlaşmır. Digər beynəlxalq təsisatlar da eyni vəziyyətdədir - siyasi gündəmə münasibət bildirmək, siyasi reallıqları müdafiə etmək, günahkarı adı ilə çağırmaq onlar üçün müşkül məsələyə çevrilib. Fəaliyyət normalarına uyğun olan addımları belə atmayan beynəlxalq qurumlar öz günahlarını o dərəcədə bilirlər ki, hətta özlərini müdafiə belə etmirlər. Daha doğrusu, edə bilmirlər - çünki qeyri-real münasibətlər onların azadlığını əllərindən alıb. Adi bir fakt - 30 ilə yaxın davam etmiş işğal faktı sadəcə olaraq Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi ilə məhdudlaşmayıb. Bu dövr ərzində, ermənilər Azərbaycanın milli mədəni, dini - tarixi dəyərlərinə, irsinə qarşı da təcavüzkar siyasət həyata keçirib, vandalizm nümayiş etdirib. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş regionlarımızda yerləşən abidələrimiz, milli dəyərlərimiz dağıdılmış vəziyyətdədir. Onlar ötən 30 ildə bu milli abidələrdən Azərbaycan izlərini silməyə çalışsalar da, buna nail olmayıblar. Vətən müharibəsi isə bütün bu haqsızlıqlara və ədalətsizliklərə son qoydu. Artıq üç ilə yaxındır ki, torpaqlarımız kimi milli dəyərlərimiz - abidələrimiz, məscidlərimiz, meşələrimiz, kəndlərimiz və şəhərlərimiz, bir sözlə, həmin ərazidəki tariximiz öz azadlığına qovuşub. Həmin yerləri ziyarət edən beynəlxalq aləm, xarici ölkələrin və təşkilatların yerli nümayəndələri, səfirlər, konsullar və digər şəxslər baş verənləri öz gözləri ilə görürlər, dəyərləndirirlər. Baş verənlər isə sanki bir soyqırımıdır. Tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO isə ötən dövrdə bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndəriməyib. Halbuki, baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO-nun üzərinə götürdüyü missiya və vəzifədir.

UNESCO Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur və əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizə edilməsidir. Amma Azərbaycana münasibətdə fərqli standartların şahidi oluruq. Bunun səbəbi nədir?

Göründüyü kimi, UNESCO-nun Azərbaycanla bağlı davranışları, fikirləri ikili standarta söykənir. Bu mənada, düşünmək olar ki, bu qurum fərqli güclərin, dairələrin maraqlarına xidmət edərək əsl həqiqətlərin üzə çıxmasında, erməni vandalizminin dünyaya tanıdılmasında maraqlı deyillər. Əks halda, işğal faktının aradan qaldırılmasından ötən iki ildə erməni təcavüzünə məruz qalmış tarixi abidələr onların marağını və diqqətini “cəlb edərdi”.

Aİ missiyasının naməlum “missiyası”...

Bu siyahıya bir çox təşkilatların adını yazmaq olar. Məsələn, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində aktiv iştirakçı olan Aİ Şurasının uğurlu fəaliyyətinin tam əksi olaraq Aİ-nin Ermənistana göndərdiyi “missiya” anlaşılan deyil. Çünki bu missiya ilə bağlı bəzi “pərdələr”  qalxdıqca, məqsəd və məramlar ortaya çıxır - bu missiyanın mülki deyil, hərbi kontingentə bənzəməsi daha çox gözə çarpır. Bunu sənədlər belə təsdiqləyir - Aİ-nin rəsmi saytında yerləşdirilən 32023D0162 nömrəli sənədin, yəni Şuranın Avropa İttifaqının Ermənistandakı missiyası haqqında 23 yanvar 2023-cü il tarixli 2023/162 nömrəli qərarının mətnini diqqətlə baxdıqda missiyanın mülki dən çox hərbi missiyaya bənzəməsinin şahidi oluruq.

Bəzi seçmələrə diqqət yetirək: “Strateji məqsəd Ermənistanın münaqişə yaşanan və sərhəd ərazilərində insidentlərin sayının azalmasına kömək etmək, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmaqdır”; “Təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumat əldə eləmək”; “Mülki əməliyyat komandiri”; “Missiya rəhbərinə missiyanın təhlükəsizlik üzrə əməkdaşı kömək edəcək” və s.

Aİ-nin missiyası deyəsən məsələni qarışdırır - 30 ilə yaxın işğalçı siyasət aparan, təcavüzkarlıq edən Ermənistan olub. Eyni zamanda, hazırda bəlli olmayan sərhədlərdə də hərbi insidenti yaradan məhz erməni silahlı birləşmələridir. 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına əməl etməyən, bu razılaşmanın 4-cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Ermənistan Azərbaycaqn torpaqlarından çıxarmadığı silahlı qruplarla təxribatlar törədirlər.

Digər tərəfdən, əgər Aİ regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdırsa, problemin həllinə nail olsun - Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasını təmin etsin. Hazırki mövqe ədalətsiz olduğu qədər, həm də birtərəflidir. Çünki Ermənistanla Azərbaycan arasında sərhədd xətti bəlli deyil - delimitasiya və demarkasiya prosesi həyata keçirilməyib. Beləliklə, Aİ “missiyası”nın hansı risk səviyyəsində danışması da bəlli deyil.

Tarixi və ilahi ədalət...

Belə anlaşılmaz davranışlar, beynəlxalq hüquqa əsaslanmayan mövqelər beynəlxalq təsisatlara olan inamı da azaldır. Dünyada sülhün, təhlükəsizliyin qorunması ilə görəvləndirilən bu təşkilatlar öz missiyalarından kənar fəaliyyətlə həm də öz imiclərini yerlə -yeksan edirlər. Bu isə olduqca ağır nəticələrə yol aça bilər - bu gün Cənubi Qafqazda Ermənistanın timsalında şərə, böhtana, yalan və qərəzə dəstək olanlar sabah özləri eyni aqibəti yaşamaq məcburiyyətində qalacaqlar. Bunu tarix dəfələrlə sübuta yetirib...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31