Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kimsə vasitəçilik etmək istəyirsə...

Kimsə vasitəçilik etmək istəyirsə...

13.10.2023 [10:05]

Müharibənin qalib tərəfi olan Azərbaycan regiona uzunmüddətli sülh gəlməsi üçün əlindən gələni edir. O cümlədən respublikamız sülhyaratma prosesinə xoş məramla qoşulan, konstruktiv mövqe sərgiləyən bütün vasitəçilərin səylərini qəbul edir və yüksək dəyərləndirir. Bununla bağlı ölkəmizin mövqeyini Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb. Ancaq təəssüf doğuran haldır ki, tənzimləmə prosesinə qoşulmaq istəyən ölkələrin və beynəlxalq təşkilatların heç də hamısı xoş məram nümayiş etdirmir və regionda öz maraqlarının təmin olunmasını önə çəkirlər. Bəzi iddialı dövlətlərin və beynəlxalq qurumların Ermənistana açıq şəkildə himayədarlıq etmək istədikləri də heç kəsə sirr deyil.

Azərbaycan qərəzli vasitəçiləri qəbul etmir

Müharibə səhifəsini birdəfəlik bağlamaq istəyən və gələcəyə baxmaq əzmi ortaya qoyan qalib Azərbaycan qərəzli vasitəçiləri əsla qəbul etmir. Ölkəmizin belə birmənalı yanaşmasını Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bir daha diqqətə çatdırıb. “İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Mən bu yaxınlarda demişəm ki, əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik. Amma Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir”.

Qeyd edək ki, postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesinə vasitəçilik etmək istəyən Brüssel, Vaşinqton və Moskva platformaları formalaşıb. İndiyədək hər üç formatda Azərbaycan və Ermənistan liderlərinin, xarici işlər nazirlərinin və digər yüksəksəviyyəli rəsmilərin iştirakı ilə çoxsaylı görüşlər keçirilib və sənədlər qəbul olunub. Bununla belə, sülh prosesinin rəvan irəlilədiyi fikrini söyləmək mümkün deyil. Tərəflər bir neçə dəfə sülh sazişini imzalamağa yaxın olduqlarını bildirsələr də, hələlik bu baş verməyib. Əlbəttə, burada əsas günah Ermənistanın üzərinə düşür. Məğlub ölkə xaricdəki havadarlarının təhriki ilə davamlı şəkildə manipulyasiyalara əl atır, verdiyi vədlərdən geri çəkilir, bununla da hər şeyi təzədən başlamaq lazım gəlir.

Məğlub Ermənistanı sülh prosesinə pəl vurmağa təhrik edən ölkə qismində ilk növbədə Fransa çıxış edir. Fransa vasitəçilər arasında öz rolunu daha qabarıq şəkildə nəzərə çarpdırmaq istəyir. Ancaq bu ölkənin niyyəti qərəzdən qaynaqlanır. Buna görə də Fransanın fəallığı obyektivlikdən çox-çox uzaqdır. Vasitəçi ədalətli olmalı və sırf beynəlxalq prinsiplərə əsaslanmalıdır.  Belə yanaşmanı Fransanın davranışlarında müşahidə etmək mümkündürmü? Əsla! Bu ölkə daim Ermənistanı müdafiə etməklə ədalət tərəzisinin gözünü əyir və ona olan inamı sarsıdaraq sıfıra endirir. Fransa işğal dövründə keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupunda həmsədrlərdən biri idi. Lakin bu ölkənin və bütövlükdə Minsk qrupunun fəaliyyəti nəticəsiz oldu. İlk növbədə ona görə ki, təcavüzkar dövlətlə işğala məruz qalamn tərəf arasında bərabərlik işarəsi qoyulurdu, işğalçılq siyasətindən əl çəkməyən Ermənistan cəzalandırılmırdı. Bu da keçmiş münaqişənin düz üç onillik ərzində uzanmasına gətirib çıxartdı. 44 günlük müharibədən əvvəlki mərhələdə keçmiş status-kvonun sonsuzluğadək saxlanılması üçün əlindən gələn hər şeyi edən Fransa postmüharibə mərhələsində də öz qərəzli ampluasında qalmaqla Cənubi Qafqaza sülh gəlməsini əngəlləyir. Məsələn, Emmanuel Makronun canfəşanlığı ilə Ermənistana Avropa İttifaqının uzunmüddətli missiyasının göndərilməsi sülhə hansı töhfəni verə bilər? Və yaxud sülyaratma prosesində bir növ Ermənistanın suflyoru qismində çıxış edən və beynəlxalq təşkilatlara Azərbaycandan şikayətlər ünvanlayan bu ölkənin vasitəçilik missiyasında səmimi olduğuna inanmaq mümkündürmü?

Fransa Ermənistanın yanında olmasını daha çox Brüssel formatında nümayiş etdirir. Xatırladaq ki, liderlər arasında Brüsseldə ilk görüş 2021-ci il dekabrın 14-də keçirildi. Lakin Azərbaycanın məmnuniyyətlə qoşulduğu bu formatda danışıqlar müntəzəm aparılmır. Buna səbəb isə yenə də Fransanın sərhəd tanımayan ermənipərəstliyidir. Azərbaycan bu ölkənin Brüssel platformasında yer almasına etiraz edir və danışıqların üçtərəfli formatda aparılmasını istəyir. Emmanuel Makron isə hər dəfə yuyulmamış çömçə kimi özünü ortaya atır.  İspaniyanın Qranada şəhərində oktyabrın 5-də keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin hələ xeyli müddət bundan əvvəl anonsu verilən görüşü də məhz bu səbəbə görə baş tutmadı.  Sammitdən əvvəl məlum oldu ki, liderlərin görüşünün  Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, eləcə də Almaniya kansleri Olaf Şoltsun və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Azərbaycan Brüssel formatında tərəf saxlayan Fransanın qatılmasına etirazını bildirdi. Lakin ölkəmizin haqlı etirazına rəğmən, Emmanuel Makronun görüşə qatılacağı dəqiqləşdi. Belə olan halda Azərbaycan qardaş Türkiyənin də masada yer almasını istəyib. Bu təklif qəbul olunmadıqda isə Prezident İlham Əliyev qardaş Türkiyəyə növbəti dəfə həmrəylik jesti edərək Qranadaya getməyib. Beləliklə də, ilk növbədə Fransanın günahı ucbatından lidelərin növbəti görüşü pozulub.

Regionun məsələləri region dövlətlərinin iştirakı ilə həll olunmalıdır

Qeyd etdiyimiz kimi, sülhyaratma prosesində həmçinin Moskva platforması formalaşıb. Xatırladaq ki, 44 günlük müharibənin başa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat məhz Rusiyanın vasitəçiliyi ilə imzalandı. Həmin sənədə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri imza atıblar. Qalib Azərbaycan sülhyaratma prosesində regional platformalara üstünlük verir. Məsələn, Prezident

İlham Əliyev bu günlərdə Gürcüstanda işgüzar səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında bununla bağlı öz fikirlərini ifadə edib. “Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”.

Azərbaycan eyni zamanda region dövləti olan Rusiyanın vasitəçilik səylərini alqışlayır. Biz hesab edirik ki, Rusiya vasitəçilik missiyasını daha səmərəli şəkildə həyata keçirə bilər. Belə bir inam o amillə şərtlənir ki, Rusiya həm Azərbaycana, həm də Ermənistana yaxın ölkədir, onilliklər ərzində hər iki dövlət ilə müxtəlif istiqamətlərdə sıx əlaqələri formalaşıb. “Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur”, - deyə Prezident İlham Əliyev bəhs olunan görüşdə vurğulayıb.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31