Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan qərarsızdır: Rusiyadan qorxur, Qərbə güvənmir

Ermənistan qərarsızdır: Rusiyadan qorxur, Qərbə güvənmir

05.03.2024 [10:50]

Ermənistan hakimiyyətinin Rusiyadan incikliyi düşmənçilik həddinə çatıb. Bu vəziyyətdən məharətlə istifadə edən Qərb İrəvan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışır.

Ermənistanın baş naziri Nikol Paşinyan “bəzi məsələlər həll olunmasa” ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) de-yure çıxacağı ilə bağlı fikirlər səsləndirib: “Artıq bir ildir ki, KTMT-də daimi nümayəndəmiz təmsil olunmur. Ermənistan uzun müddətdir KTMT-nin tədbirlərində yüksək səviyyədə iştirak etmir. Bu təşkilatda qərarların qəbul edilməsi üçün konsensus prinsipi mövcuddur. Biz isə orada iştirak etmirik, çünki “nə üçün iştirak etməliyik?” sualına cavabımız yoxdur”.

Moskvadan İrəvana: “Özünüz bilin...”

Beləliklə, Ermənistan rəhbərliyi Moskvanın onların könlünü almaq üçün hansısa addımlar atacağını gözləyir. Rusiya hakimiyyəti isə hələlik soyuqqanlı şəkildə Paşinyanı ölkəsinin KTMT strukturlarında iştirakının taleyini müstəqil, məntiqə uyğun formada həll etməyə dəvət edir: “Biz çox istərdik ki, ermənilər necə yaşamaq istədiklərinə, hansı təşkilatda qalıb-qalmayacaqlarına, hansı formada təmsil olunacaqlarına özləri qərar versinlər”.

Bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov martın 2-də Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında deyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə xatırladıb ki, KTMT-nin fəaliyyətində “dondurulmuş üzvlük” kimi bir status mövcud deyil.

Beləliklə, Rusiyanın Ermənistanı “müstəqil qərar verməyə” dəvət etməsi Ermənistan hakimiyyətini xeyli çətin vəziyyətə salıb. Müstəqil qərar verməyə, müstəqil siyasət yeritməyə öyrəşməmiş bir ölkə üçün bu, heç də asan məsələ deyil. Həm də Moskvanın soyuqqanlı  “özünüz bilin” intonasiyası Ermənistan rəhbərliyinin qarşısında duran “Rusiya, yoxsa Qərb?” dilemmasının həllini daha da çətinləşdirir. Yaranmış vəziyyətdən doğru çıxış yolu tapa bilməyən Paşinyan hakimiyyəti bu dilemma qarşısında, yumşaq desək, çaş-baş durumdadır.

Fevralın 23-də KTMT-də “iştirakını dondurduğunu” elan edən İrəvan qurumla münasibətləri kəsmək istiqamətində hələlik heç bir hüquqi addım atmayıb. KTMT katibliyindən Rusiya KİV-inə verilən məlumatda bildirilir ki, bugünədək qurum rəhbərliyinə üzvlükdən çıxmaqla bağlı İrəvandan hər hansı rəsmi müraciət daxil olmayıb.

Ermənistanın Rusiya ilə münasibətlərinin pisləşməsi fonunda Paşinyan rejiminin Qərbə üz tutması İrəvandakı siyasi dairələri, üstəlik, erməni cəmiyyətini də iki cəbhəyə bölüb.

KTMT Ermənistanın nazı ilə oynamır

Rusiyalı siyasi ekspertlərin fikrincə, Ermənistanda KTMT-dən qarşılıqlı öhdəliklərlə bağlı yanlış gözləntilər formalaşıb. Paşinyan hesab edir ki, Rusiya Federasiyası KTMT, eləcə də 2020-ci ildə imzalanmış saziş üzrə öhdəliklərini yerinə yetirməyib. O, Moskva, İrəvan və Bakı arasında razılıq əldə olunandan sonra bəyan edib ki, SSRİ dönəmində Azərbaycanın ittifaq respublikalarının sərhədləri daxilində rəsmən qəbul edilmiş ərazi bütövlüyünü tanımaq istəyir. Bu tərəfdən də ruslar xatırladırlar ki, Qarabağdakı keçmiş separatçı rejim hətta İrəvan tərəfindən belə tanınmırdı. Rusiyalı siyasətçilər ermənilərin məlum iddiasına cavab olaraq “KTMT bu quruma daxil olmayan müstəqil bir dövlətin öz ərazisində, BMT tərəfindən tanınmış sərhədləri daxilində hər hansı əməliyyat keçirməsinə necə, hansı əsasla maneə ola bilərdi?” kimi arqument səsləndiriblər. 

Rusların ermənilərə hələlik ən yüngül cavabı bundan ibarətdir.

Ermənistan müxalifəti: “Rusiyadan üz döndərmək baha başa gələcək”

Təbii ki, Ermənistan rəhbərliyinin gah nala, gah da mıxa vurmasına baxmayaraq İrəvanda Moskvanın üzünə ağ olmaqdan çəkinən, Paşinyanın Qərbə meyillənməsini ölkə üçün fəlakət sayan qüvvələr də az deyil. Ermənistandakı bəzi müxalifət partiyalarının iddiasına görə, Paşinyanın hakimiyyətə gəlişi Qərbin proyektidir. Onların fikrincə, hakim komandanın antirusiya xətti tutacağı hələ 2018-ci ildən məlum idi.

Ekspertlər Ermənistanda gedən bu prosesdə Avropa İttifaqı ölkələrinin, xüsusən də Fransanın mühüm təsiri olduğunu, prosesin Cənubi Qafqaz regionundan Rusiyanı mümkün qədər sıxışdırmaq məqsədi daşıdığını vurğulayırlar.

Bir sıra erməni siyasətçilər ölkələrinin düşdüyü durumla bağlı bədbin proqnozlar verirlər: “Paşinyan öz bərbad xarici siyasəti ilə Rusiya və Qərb arasında gedən qlobal müharibəni Ermənistana da ötürür. Bunun nə ilə nəticələnəcəyini başa düşürsünüzmü? Qərb Ermənistan vasitəsilə antirusiya cəbhəsini genişləndirməyə çalışır. Bu isə Ermənistan üçün fəlakət deməkdir!”

Bu fikirləri müxalif “Ermənistan” fraksiyasının nümayəndəsi, deputat Armen Rustamyan mətbuat konfransında səsləndirib.

Simonyandan iddia: “Avropadan daha demokratik ölkəyik”

Rusiya mediası isə yazır ki, Ermənistan Azərbaycanla münasibətlərinin həllində Rusiyanı vasitəçi kimi görmək istəmir. Bəziləri Ermənistanın Avropaya yaxınlaşmaq istəyini sırf öz təhlükəsizliyini təmin etmək üçün xarici dəstək axtarışında olması ilə izah edirlər. Onların fikrincə, bu da Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ucbatından Rusiya ilə münasibətlərin dalana dirənməsindən irəli gəlir.

Məsələ burasındadır ki, Ermənistanın, Rusiya istisna olunmaqla, KTMT çərçivəsində digər üzv ölkələrlə təhlükəsizlik sahəsində hər hansı əməkdaşlığı olmayıb. Rusiyadan ümidi kəsilən İrəvan özünə yeni xarici dayaqlar axtarmaq üçün Avropa təşkilatlarına üz tutmaq qərarına gəlib. Bu siyasət isə Ermənistanda birmənalı qəbul olunmur. Əslində, Paşinyan hakimiyyəti də Rusiyadan uzaqlaşmaq üçün konkret addımlar atmır. Burada bir tərəfdən Rusiya qorxusu, digər tərəfdən də Qərbə, Fransaya güvəncsizlik, inamsızlıq özünü göstərir. 

Məsələn, Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə hazır olması ilə bağlı bu ölkənin parlament spikeri Alen Simonyanın bəyanatına fikir verək: “Biz əslində buna hazırıq. Ancaq mən Aİ-yə üzv olmaqla bağlı tələsmək istəməzdim. Biz bu istiqamətdə yaxşı düşünməliyik, tələsməyə və kəskin addımlar atmağa ehtiyac yoxdur. Şəxsən mən istəmirəm ki, biz birtərəfli addım ataq”.

Erməni spikerin sözlərindən belə çıxır ki, Avropa İttifaqı oturub bunları gözləyir. O həmin çıxışında Ermənistanın demokratik ölkə olması ilə bağlı bir sıra utopik, hətta gülməli iddialar da səsləndirib: “Bizdə demokratiyanın səviyyəsi bəzi Aİ üzvü olan ölkələrdən daha yüksəkdir”.

Bu ifadələrdə bir daha ənənəvi erməni yalançılığının, saxtakarlığının şahidi oluruq. Görəsən, özünü siyasətçi sayan birisinin ağlına niyə gəlmir ki, heç bir xalq müharibədə uduzmuş rəhbəri ikinci dəfə özünə rəhbər seçməz. Deməli, Paşinyanın “demokrat” kimi təqdim olunan imicinin arxasında xeyli şübhəli məqamlar dayanır. Seçkilər zamanı Paşinyana qarşı təşkil edilən etiraz aksiyalarını polisin necə dağıtdığını, nə qədər etirazçının həbs olunduğunu, döyüldüyünü əks etdirən videoları bütün dünya gördü.

Odur ki, həm Ermənistanda, həm də Rusiyada Simonyanın bu mənasız bəyanatını ucuz populizm adlandırırlar.

Rusiyanın səbr kasası daşa bilər

Politoloqlar hesab edirlər ki, Ermənistanın Aİ-yə üzvlük perspektivi olduqca zəifdir. Həm də çox sadə səbəbdən: Avropa İttifaqının Ermənistana ehtiyacı yoxdur. Avropa sadəcə, Ermənistanı Rusiyanın təsiri altından çıxarıb öz planlarına alət etmək niyyətindədir.

İrəvan bu yöndə atdığı qıcıqlandırıcı addımlara görə  Rusiyanın verəcəyi reaksiyalara hazır olmalıdır. Bu ərəfədə ermənilər Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlı şayiələr də yayırlar. “Bəs bu səfərə Rusiyanın reaksiyası necə olacaq?”- sualına Ermənistan parlamentinin deputatı, ölkənin müdafiə nazirinin keçmiş müavini Qurgen Melkonyan belə cavab verib: “Əgər Zelenski Ermənistana səfər etmək qərarına gəlsə, onu İrəvanda məmnuniyyətlə qəbul edəcəklər. Rusiyanın bu səfərə reaksiyası bizi maraqlandırmır”. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bu söz-söhbətə eyhamla reaksiya verib: “Ermənistan Rusiyanın müttəfiqi kimi bizim Kiyev rejiminə münasibətimizi yaxşı bilir”.

Beləliklə, Rusiyada düşünürlər ki, İrəvan öz xarici siyasətində Moskva ilə münasibətləri korlamaq kursunu müəyyənləşdirib və bu siyasəti fəal şəkildə həyata keçirir. Ekspertlər isə bildirirlər ki, bütün bunlar Ermənistan üçün çox pis nəticələrə gətirib çıxara bilər. Bəziləri isə artıq bu prosesin başlandığını deyirlər.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31