Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

01.07.2016 [10:04]

Öz inkişafına görə regionun lider dövlətinə çevrilən Azərbaycanda bütün sahələrdə uğurların əldə edilməsi davamlı xarakter daşıyır. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində uğurla inkişaf edən Azərbaycanın ötən il və bu ilin geridə qalan aylarında da dinamik inkişafı təmin edilib, beynəlxalq mövqeləri daha da möhkəmlənib, ölkəmizin bütün regionlarında iqtisadi və sosial proqramlar müvəffəqiyyətlə icra olunub.
Cənnəti xatırladan Gəncə
Bu istiqamətdə dahi Nizaminin vətəni Gəncənin xüsusi olaraq fərqləndiyini desək, heç də yanılmarıq. Çünki yerli sakinlərin qeyd etdikləri kimi, ölkədə həyata keçirilən quruculuq siyasəti, həmçinin Prezident İlham Əliyevin bu qədim diyara xüsusi diqqəti, qayğısı nəticəsində Gəncə hazırda inkişaf dövrünü yaşayır və 2011-ci ilin fevralından sonra bu diyarda xüsusi canlanma müşahidə edilir. Dövlət başçısı kimi Gəncəyə 15 dəfə səfər edən cənab İlham Əliyevin hər səfəri gəncəlilərin və bu şəhərin tarixində əlamətdar hadisələr, möhtəşəm açılışlarla yadda qalıb.
Son illər burada görülən quruculuq-abadlıq işlərinə keçməzdən öncə bildirək ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən olan Gəncənin şəhər kimi formalaşması haqqında bir çox tarixi fərziyyələr mövcuddur. Qədim Zərdüştü mənbələrindən birində Gəncənin əsasının 3000 il bundan əvvəl olan qədim türk tayfalarından biri, Saklar tərəfindən qoyulması haqqında məlumat verilib. Vaxtı ilə Qətran Təbrizinin “İndi Gəncə sanki cənnəti xatırladır” deyə vəsf etdiyi bu diyar dəfələrlə dəhşətli zəlzələlərin qurbanı olub, habelə yadelli qəsbkarların hücumlarına məruz qalıb.
Cavad xandan Cümhuriyyətə qədər keçilən yol
Gəncə deyiləndə ilk ağla gələn Nizami Gəncəvi olursa, dərhal da Cavad xanın qəhrəmanlıqları yada düşür. Məlum olduğu kimi, Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, 1804-cü ilin yanvarında rus imperiyasının əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xana Gəncə şəhərində layiqli məqbərə ucaldılıb. Gəncə xanlığının tarixi emblemi bərpa edilib, açıq səmada etnoqrafik muzey olan Cavad xan küçəsi yaradılıb.
1804-cü ildən 1918-ci ilə qədər çar I Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılan Gəncənin şərəf tarixinə bu şəhərin Azərbaycan Demokratik Respublikasının (ADR) ilk paytaxtı olmaq da yazılıb. Belə ki, 1918-ci ildə Bakı bolşeviklərin və erməni daşnaklarının əlində olduğu üçün Gəncə müvəqqəti olaraq ADR-in paytaxtı elan edilib. 1918-ci il 30 iyul tarixli qərarla Gəncənin adı özünə qaytarılıb. Lakin 1935-ci ildə Moskvanın göstərişi ilə Kirovabad adlandırılan Gəncənin adı 1989-cu ildə yenidən bərpa olunub.
Ulu öndər Heydər Əliyev Gəncənin tarixi adının özünə qaytarılması istiqamətində mühüm işlər görüb
1969-cu ildən etibarən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Gəncənin inkişafı istiqamətində mühüm işlər görülüb. Öncə bərbad vəziyyətə düşmüş şəhərin tarixi abidələri bərpa edilib. Bütün bunlarla yanaşı, Ulu öndəri narahat edən əsas məsələ şəhərin tarixi adının özünə qaytarılması idi. Lakin S.M.Kirovun adı verilmiş bu qədim şəhərin əvvəlki adını bərpa etmək o qədər də asan iş deyildi. Bu çətinliklərə baxmayaraq, ciddi addımlardan biri 1980-ci ildə Ümummilli liderimiz tərəfindən atılıb və Kirovabad şəhərində yaradılan iki yeni rayondan birinə Gəncə adı verilib. Həmçinin orada salınan təzə yaşayış massivi də “Yeni Gəncə” adlandırılıb.
1969-1982-ci illərdə Ulu öndər 7 dəfə Gəncə şəhərinə gəlib, sənaye müəssisələri, mədəniyyət obyektləri ilə tanış olub, mədəniyyət xadimləri, yazıçı və alimlərlə, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Ümumiyyətlə, 1969-1982-ci illərdə Gəncədə yaradılan obyektlərin sayı 40-dan artıq olub. Eyni zamanda, müstəqillik dövründə də Ulu öndərin rəhbərliyi ilə Gəncənin inkişafı üçün mühüm addımlar atılıb.
Prezident İlham Əliyevin diqqət və qayğısından güc alan müasir Gəncə
Hazırda isə Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarının şəhər rəhbərliyi tərəfindən layiqincə yerinə yetirilməsi nəticəsində Gəncə müasir memarlığın tələblərinə cavab verməklə, ənənəvi Şərq üslubu qorunmaqla yeniləşir, inkişaf edir. Gəncə gözoxşayan binaları, parkları, muzeyləri, küçələri ilə baxanları heyrətləndirir. Belə yerlərdən biri şəhərin ən qədim küçələrindən olan açıq səma altında canlı muzeyə bənzəyən Cavad xan küçəsidir. Müasirliyin və qədimliyin qovuşduğu Cavad xan küçəsi şəhər sakinlərinin və turistlərin ən çox gəzdiyi, asudə vaxtlarını səmərəli keçirdikləri məkanlardan biridir.
Bu gün Gəncə həm də öz tarixini yaşadır, yetişdirdiyi şəxsiyyətləri təbliğ edir, onların xatirəsini əbədiləşdirir. Belə ki, Prezident İlham Əliyevin 2013-cü il yanvarın 16-da imzaladığı Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncama əsasən Gəncədə Məhsəti Gəncəvi Mərkəzi inşa olunub. Mərkəz, həmçinin Məhsəti bağı hazırda yerli sakinlərin və xarici qonaqların sevə-sevə gəldikləri yerlərdən biridir.
Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilən Nizami Gəncəvi Muzeyi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat almağa imkan yaradır.
Bu istiqamətdə həyata keçirilən işlərdən danışarkən inşası 2014-cü ilin yanvarında başa çatdırılan Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini qeyd etmək yerinə düşər. Gəncə şəhərindəki Heydər Əliyev park-kompleksi və Heydər Əliyev Mərkəzi, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, həmçinin “Gəncə - 2016-cı il Avropa Gənclər Paytaxtı” parkı, “Gəncəçay” park-bulvar kompleksi, XVII əsrdə tikildiyi ehtimal edilən, aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu ilin fevralında qapılarını yenidən ziyarətçilərinin üzünə açan “İmamzadə” dini kompleksi, XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas Məscidi də Gəncəyə xüsusi zövq verir. Yeri gəlmişkən, dünyanın beş ən böyük parkından biri, ərazisi 450 hektar, uzunluğu 2 kilometr olan Heydər Əliyev Parkında yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm “Zəfər tağı” ucaldılıb. Buraya gələn qonaqlar “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə bilirlər.
Çəkilən zəhmətin bəhrəsi, yaxud Gəncənin daha bir uğuru
Qeyd edək ki, həyata keçirilən işlər, çəkilən zəhmət heç də hədər getmir. Və nəinki xalqımız, eyni zamanda, beynəlxalq ictimaiyyət də Gəncədəki işləri yüksək qiymətləndirir. Buna misal olaraq bildirək ki, bir müddət öncə “The Business Year” şirkətinin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra şəxslərə “İlin birincisi” mükafatları təqdim olunub. Onlar arasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də var. Elmar Vəliyev bu mükafata müxtəlif ümumşəhər xarakterli təşəbbüslərin həyata keçirilməsində oynadığı rola və Gəncənin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsindəki xidmətlərinə görə layiq görülüb. Təqdimetmə mərasimində çıxış edən Elmar Vəliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün regionlarında uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. O, Gəncədə müxtəlif sahələrə aid mühüm layihələrin icra olunduğunu, şəhərin inkişaf dövrünü yaşadığını bildirib.
Gəncənin əldə etdiyi iqtisadi uğurlara gəlincə, bu, 2016-cı ilin birinci rübündə və sonrakı aylarda da davam edib. Belə ki, 2016-cı ilin birinci rübü ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən 68 milyon 874 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Emal sənayesində, kompüter, elektron və optik məhsulları, qida məhsulları, tikinti materialları, kağız və karton, nəzarət ölçü cihazları, maşın və avadanlıqlardan başqa, hazır metal məmulatları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində, həmçinin metallurgiya sənayesində artım qeydə alınıb. Şəhərin nəqliyyat sistemi daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə investisiyaların yönəldilməsi, avtomobil yollarının yenidən qurulması, genişləndirilməsi, təmir və bərpası istiqamətində görülən işlər davam etdirilib.
Gəncə həm də gənclər şəhəridir
Gəncədən danışarkən bu şəhərin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsini xüsusi vurğulamaq lazımdır. Əslində, bu qərarın qəbulu heç də təsadüfi deyil. Əvvəla ona görə ki, dünyada gənclər ümumi əhalinin 28 faizini, Avropada 21 faizini, Azərbaycanda 28,1 faizini təşkil edir. Gəncədə isə bu göstərici daha yüksəkdir - 29,6 faiz. Digər tərəfdən, Gəncədə gənclərə hər zaman xüsusi diqqət və qayğı göstərilib. Hazırda bu şəhərdən Milli Məclisə seçilən deputatlar arasında gəncliyin nümayəndəsi Naqif Həmzəyevin olması da gənclərə göstərilən diqqət və qayğıdan, Gəncənin həm də gənclər şəhəri olmasından xəbər verir.
Öz növbəsində, Gəncə şəhərinin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsinin Azərbaycan və ölkə gəncləri üçün qürurverici bir hadisə olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, Gəncənin bu uğuru heç də təsadüfi deyil. Onun sözlərinə görə, malik olduğu mədəni müxtəliflik Gəncənin nəinki Azərbaycanın mədəniyyət mərkəzi kimi, həm də Avropa gənclərinin paytaxtı kimi bütün dünyada tanınmasına imkan yaradır: “Heç şübhəsiz, bu şəhərdəki gənclərin imkan və bacarıqlarının yüksək qiymətləndirilməsi, gənclərin səmərəli fəaliyyəti üçün çoxsaylı infrastrukturlar yaradılması, asudə vaxtlarının maraqlı keçməsi üçün parkların salınması, yeni layihələrin həyata keçirilməsi, həmçinin 2012-ci ildə Azərbaycanın Gənclər Paytaxtı seçildikdən sonra atılan digər mühüm addımlar da həmin qərarın qəbulunda öz rolunu oynayıb”.
Eyni zamanda, “Gəncə Avropa Gənclər Paytaxtı -2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Strasburqda keçirilən Avropa Parlamentində Avropa gənclərinin ikinci toplantısındakı (EYE 2016) çıxışında Gəncənin bu ada layiq görülməsi ilə fəxr etdiyini bildirib. O qeyd edib ki, bu uğur Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının, ümumiyyətlə, ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir. Ölkəmizdə gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən E.Vəliyev Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsinin şəhərin gəncləri üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.
Bir sözlə, 2016-cı ildə Avropa gənclərinin diqqəti Gəncəyə yönələcək ki, bu da qədim şəhəri, onun timsalında ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli imkan yaradacaq.
Nadir AZƏRİ
“Gəncə şəhər İcra Hakimiyyəti və
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1260 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30