Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli dövlətin diqqət mərkəzindədir
09.07.2016 [11:03]
Azərbaycanda qaçqın və məcburi köçkün soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində illərdir ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir. Belə ki, əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısını hiss edirlər.
Qaçqın və məcburi köçkün ailələrinə maddi-sosial dəstək dövlət siyasətinin prioritetlərindəndir
Məhz bunun nəticəsidir ki, ötən illər ərzində qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görülüb, yeni qəsəbələr salınıb, yaşayış binaları tikilib. Görülən işlərin əsas hüquqi bazasını Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmçinin, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiqlənən həmin Dövlət Proqramına əlavələr təşkil edir.
Qeyd olunduğu kimi, dövlətin həyata keçirdiyi tədbirlər, ilk növbədə, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Hələ 2003-cü ildə dövlət başçısı İlham Əliyev 2008-ci ilədək respublikadakı bütün çadır şəhərciklərinin ləğv ediləcəyini bildirmişdi. Ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində 2007-ci ilin dekabrında Saatlı və Sabirabad rayonlarındakı son 3 çadır düşərgəsinin ləğvi ilə respublikada mövcud olan 12 çadır düşərgəsi tamamilə aradan qaldırıldı. Çadır şəhərciklərinin ləğvindən sonra isə qaçqınların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin növbəti mərhələsinin icrasına başlanıldı. Bu çərçivədə fin tipli qəsəbələrdə, yataqxanalarda, ictimai binalarda, təhsil müəssisələri binalarında, uşaq bağçalarında və digər yerlərdə yaşayan məcburi köçkün və qaçqınlar müasir tələblərə cavab verən yeni qəsəbələrdə yerləşdirilir.
Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş əlavələr və digər normativ aktlar uğurla icra edilib və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir. Ümumilikdə, 2001-2015-ci illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,9 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 94 müasir qəsəbə salınıb, 49 min ailə və ya 243 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Yeni salınmış yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 Olimpiya-idman kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı, 64 ədəd nasos stansiyası tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 km drenaj şəbəkəsi çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Son bir neçə ilə gəlincə, 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb. Ötən il isə 15 min köçkün yeni evlərlə təmin edilib.
Adıçəkilən Dövlət Proqramı və Dövlət Proqramına əlavələrə uyğun olaraq işlər sistemli şəkildə davam etdirilir. Bunun təsdiqi olaraq cari ilin aprel ayında Qazax rayon ərazisində bir, iki, üç və dörd otaqlı olmaqla 304 mənzilli 10 ədəd dördmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi uzun illərdir ki, çətin şəraitdə yaşayan məcburi köçkün ailələrinin ixtiyarına verilib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq sərhəd bölgəsi olan Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün rayonun Qazaxbəyli kəndinin gözəl bir guşəsində geniş ərazini əhatə edən şəhərcik bütün zəruri sosial-texniki infrastrukturla təmin edilib. Ərazidə bundan əlavə, 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunub, hərtərəfli abadlıq və 3,6 hektarı əhatə edən ərazidə yaşıllaşdırma işləri aparılıb, 3 kilometr uzunluğunda müasir yol infrastrukturu yaradılıb. Yaşayış binasının tikintisinə 2015-ci ilin aprelində başlanılıb və həmin ilin dekabrında tam başa çatdırılıb.
Açılışdan sonra “Dövlətqaçqınkom”un Repatriasiya Departamenti tərəfindən müvafiq qaydalara uyğun olaraq Qazax rayonu ərazisindəki yataqxana və məktəblərdə, inzibati binalarda və uşaq bağçalarında məskunlaşan soydaşlarımız yaşayış kompleksindəki mənzillərə köçürülüblər.
Həmçinin Ermənistan ordusunun bu ilin aprel ayında cəbhə bölgəsindəki mülki obyektləri atəşə tutması Ağdamın, Tərtərin təmas xəttində yerləşən kəndlərində məskunlaşan məcburi köçkünlər üçün də ciddi problemlər yaradıb. Belə ki, son hadisələr zamanı ümumilikdə, məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun mediaya müsahibəsində də bildirdiyi kimi, digər sakinlər kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan dövlətinin, ölkə Prezidentinin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ən başlıcası isə, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin mayın 1-də cəbhə bölgəsinə səfəri, orada yaşayan əhali, əsgər və zabitlərlə keçirdiyi görüşlər insanların və ordumuzun əhval-ruhiyyəsini daha da yüksəldib.
“Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhaliyə atəş açmaları nəticəsində zərər çəkmiş bütün məcburi köçkünlərin evlərinin bərpası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, yerli sakinlərin mənzillərinin bərpası isə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə zərər çəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa, məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıb. Bu, 403 min manatdır. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb”, - deyə Əli Həsənov qeyd edib. Komitə sədrinin sözlərinə görə, hökumət aprel hadisələri zamanı məcburi köçkünlərə dəyən zərərin aradan qaldırılması yönündə də operativ işlər həyata keçirib.
Qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə görülən işlərin mühüm hissəsini işsizlik probleminin aradan qaldırılması təşkil edir. Məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun aradan qaldırılması məqsədilə yeni iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Görülən işlərin nəticəsi olaraq məcburi köçkünlər arasında yoxsulluq həddi 12 faizə enib. Qaçqın və məcburi köçkün ailələri dövlətin onlar üçün yaratdığı geniş imtiyazlardan istifadə edirlər.
Həyata keçirilən layihələrin maliyyələşdirilməsində Dövlət Neft Fondunun xüsusi dəstəyi mövcuddur. Ümumiyyətlə, ölkəmizin kifayət qədər geniş maliyyə imkanları digər sosial məsələlərdə olduğu kimi, Ermənistanın işğal siyasəti nəticəsində evlərindən didərgin düşmüş soydaşlarımızın da problemlərinin sürətlə aradan qaldırılmasına imkan verir. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 857 milyon manat vəsait yönəldilib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün isə ötən ildə dövlət büdcəsindən 228 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 150 milyon manat, yəni bütövlükdə 378 milyon manat vəsait sərf olunub.
Azərbaycanın həyata keçirdiyi siyasət dünyaya müsbət örnəkdir
Bildiyimiz kimi, son illərdə dünyada silahlı münaqişələrin çoxalması nəticəsində ev-eşiklərindən didərgin düşən insanların sayı kəskin şəkildə artıb. Prezident İlham Əliyevin söylədiyi kimi, vaxtilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ilk sıralarda dayanan Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı: “Ancaq buna baxmayaraq, biz lazımi tədbirlər görərək, öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən çıxa bildik. Biz köçkünlərin, qaçqınların yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilmişik”.
Azərbaycanın bu məsələyə münasibəti, dövlətin bu sahədə siyasəti və əldə olunan nəticələr dünyada kəskinləşən qaçqın probleminin aradan qaldırılmasında, qaçqınların ləyaqətli həyat şəraitinin təmin olunmasında nümunə kimi istifadə oluna bilər.
Təsadüfi deyil ki, ölkəyə gələn bir sıra xarici rəsmilərin maraqlandığı məsələlərdən biri də Azərbaycanın qaçqınların vəziyyətinin yaxşılaşdırılması sahəsindəki təcrübəsidir. Məsələn, bu ilin fevralında ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Avropada adambaşına düşən qaçqınların sayına görə ilk yerdə dayanan və onların təhsil, səhiyyə və digər sahələrdə olan problemlərinin həllində çətinlik çəkən İsveçin bu sahədə Azərbaycanın uğurlu təcrübəsindən yararlanmaq niyyətini ifadə edib.
Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünləri üçün həyata keçirdiyi və ölkə ictimaiyyəti, həmçinin beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən, dünyada oxşar problemi yaşayan ölkələr üçün nümunə kimi dəyərləndirilən bu tədbirlər özlüyündə bir daha təsdiq edir ki, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli daim Azərbaycan dövlətinin və şəxsən dövlətimizin başçısı İlham Əliyevin gündəlik diqqət mərkəzindədir. Soydaşlarımız hər zaman olduğu kimi, bu gün də dövlətin hərtərəfli diqqət və qayğısını hiss edirlər və hökumət bu sahədə tədbirləri problemlər tam aradan qalxanadək davam etdirəcəkdir.
Zahid İLHAMOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18

