Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mediası aprel hadisələri ərəfəsində milli maraqlara söykənən mövqe nümayiş etdirdi

Azərbaycan mediası aprel hadisələri ərəfəsində milli maraqlara söykənən mövqe nümayiş etdirdi

12.07.2016 [10:05]

Müasir dövrdə informasiya siyasi, ictimai, iqtisadi, hərbi və digər proseslərə təsir edən strateji faktor kimi çıxış edir. Xüsusilə də hərbi-psixoloji amillərin mövcud tendensiya və proseslərdə əhəmiyyətli rol oynadığı bir dönəmdə informasiya institutlarının fəaliyyəti birbaşa təsir mexanizmidir. Müharibə şəraitində olan dövlətlər isə informasiya amilinə, klassik (əsasən yazılı) və sosial medianın bu sahədəki fəaliyyətinə xüsusi diqqət yetirirlər. Çünki müharibə təkcə ön cəbhədə deyil, eyni zamanda, informasiya cəbhəsində də aparılır.
Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dolayısıyla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və ölkəmizin müharibə şəraitində olması media institutlarını bu vəziyyətlə əlaqədar daha həssas - məsuliyyətli və diqqətli olmağa vadar edir.
Hərblə bağlı informasiyalar hərbi əməliyyatlar qədər müstəsna əhəmiyyət kəsb edir
Belə olan halda, hərblə bağlı informasiyalar hərbi əməliyyatlar qədər müstəsna əhəmiyyət kəsb edir. Çünki müharibə şəraitində olan Azərbaycan düşmənə qarşı həm diplomatik cəbhədə, həm də informasiya müharibəsində strateji üstünlük əldə etmək məqsədindən çıxış edir. Bu cür şəraitdə klassik və sosial medianın məsələyə yanaşması sırf milli maraqlar kontekstində reallıqlara söykənməlidir. Yəni sözügedən məsələdə hər hansı bir manipulyasiyaya, dezinformasiya və spekulyasiyaya yol vermək qəbuledilməzdir. Çünki nəzərə almaq lazımdır ki, hərbi vəziyyət və ya şəraitlə bağlı dezinformasiya yaymaq birbaşa həm ictimai şüura neqativ təsir etməkdir, həm də strateji baxımdan milli maraqlara qarşı yönəlmiş seçimdir.
Azərbaycan mediası informasiyanın idarə olunması təcrübəsinə malik olduğunu nümayiş etdirdi
Bəlli olduğu kimi, cari ilin aprel ayında Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı, düşmənə layiqli cavab verildi. Son hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bir sözlə, dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınadı. Əlbəttə, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölür, çoxsaylı tələfatlar qeydə alınır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunur. Bununla da Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi...
Bütövlükdə, Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5 tarixlərində 2000 hektar (ha) ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Azərbaycan ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi. Beləliklə, həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlanıla bilməz. Azərbaycan dövləti və xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir.
Buna paralel olaraq baş verən hadisələrin fonunda müşahidələr göstərdi ki, Azərbaycan KİV-i, bütövlükdə, informasiya resursları hər bir situasiyada informasiyanın idarə olunması təcrübəsinə malikdir. Məlumdur ki, 2014-cü ilin avqust ayında qoşunların təmas xəttində baş verən hadisələr zamanı Azərbaycanın bəzi media təmsilçiləri ajiotaja səbəb ola biləcək informasiyalar, bəzi hallarda isə müxtəlif dezinformasiyalar yaymaqla müəyyən xətalara yol vermişdi, düşmən tərəfindən ötürülən təxribat xarakterli informasiyaları, bir növ, mexaniki olaraq bəzi KİV-lər təkrar etmişdi. Bundan dərhal sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Geniş formatda təşkil olunmuş müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edildi. Akademik Ramiz Mehdiyev çıxışında vurğuladı ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. O zamandan bu günə qədər keçən müddət ərzində Azərbaycan mediası müəyyən təcrübə əldə edib və bəhs olunan sonuncu hadisələr zamanı müşahidə edildi ki, ölkə mediasının yol verdiyi əvvəlki səhvlər, əsas etibarilə, təkrar olunmadı.
Aprel hadisələri fonunda milli mediamızın vətənpərvər və peşəkar yanaşması təqdirəlayiq hesab edildi
Əlbəttə, informasiya məkanı dedikdə təkcə media və KİV deyil, eyni zamanda, vətəndaş jurnalistikası - sosial şəbəkələr, müəyyən internet resursları da nəzərdə tutulur. Burada vəziyyət arzuolunan səviyyədə deyildi, amma bütövlükdə, bu istiqamətdə də müsbət dinamika və tendensiyanın şahidi olduq. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qoşunların təmas xəttində baş vermiş hadisələrdən sonra AZƏRTAC-a müsahibəsində Azərbaycan mediasının indiki mərhələdə davranışlarını təqdirəlayiq hesab etdi. Akademik Ramiz Mehdiyev qeyd etdi ki, 2014-cü ilin avqustunda cəbhədə gərginliyin yaranması ilə əlaqədar Azərbaycan KİV-lərində, xüsusilə də internet media və sosial şəbəkələrdə çox ziyanlı süni ajiotaj müşahidə edildi: “Buna görə də avqustun 29-da Prezident Administrasiyası rəhbərinin sədrliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə geniş müşavirə keçirildi, mövcud vəziyyət dərindən təhlil olundu, KİV-lərə və mətbuat xidmətlərinə müvafiq tövsiyələr verildi. Sentyabrın 24-də isə Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzaladı. Sərəncamda bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyəti qaydalarının hazırlanması və təsdiq edilməsi, Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların yayılmasının yolverilməzliyi, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər öz əksini tapmışdır. Sonrakı dövrdə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilmiş, jurnalist peşəkarlığının yüksəldilməsi, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi və xüsusilə yeni medianın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü addımlar atılmışdır. Təbii ki, bütün bu tədbirlər təsirsiz qala bilməzdi. Son hadisələr də göstərdi ki, kütləvi informasiya vasitələrimiz, jurnalistlərimiz cəbhə bölgəsində gərginliyə olduqca həssas, peşəkarcasına yanaşdılar, dezinformasiyaya uymadılar. Ümumilikdə, ölkənin vətəndaş cəmiyyəti institutları, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılarımız, gənclərimiz əsl vətənpərvərlik nümunəsi və vətəndaş mövqeyi nümayiş etdirdilər. Hesab edirəm ki, müşahidə olunan milli həmrəylik bizim böyük nailiyyətimiz və gələcək uğurlarımız üçün vacib amildir”.
Bu sitatdan da göründüyü kimi, milli media resurslarımızın işində müsbət tendensiya mövcuddur və mediamız milli maraqlarımızı qorumaq üçün səfərbər oluna bilir.
Azərbaycanın milli gücü və beynəlxalq nüfuzu transmilli media qurumlarını obyektivliyə məcbur etdi
Digər tərəfdən, həyata keçirilən hücum diplomatiyası fonunda reallaşdırılan tədbirlər, görülən işlər, eləcə də uğurlu diaspor siyasəti Azərbaycan reallıqlarının beynəlxalq miqyasda uğurla təbliğ olunmasında müstəsna rol oynadı. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların fəaliyyətinin koordinasiya olunması, bu fəaliyyətin cazibə mərkəzi kimi milli maraqların müəyyən edilməsi bu prosesə əhəmiyyətli töhfələr verdi. Bunun qanunauyğun nəticəsi kimi, transmilli media orqanlarında Azərbaycanın əleyhinə olan, ciddi şəkildə təhrif edilmiş informasiyalara az rast gəlməyə başladıq. Məhz qoşunların təmas xəttində baş verən hadisələrin fonunda bu, bir daha müşahidə edildi. Həmin informasiya resursları kifayət qədər obyektivlik nümayiş etdirdi, əvvəlki illərlə müqayisədə yetərli səviyyədə neytrallıq nəzərə çarpdı.
Nurlan QƏLƏNDƏRLİ
Qarabağın Azərbaycanlı İcması ilə Parlament Jurnalistlər Birliyinin Milli Mətbuatımızın yaranmasının 141 illiyi ilə bağlı jurnalistlər
arasında “Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?”
mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 753 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30