Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir

Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir

14.04.2017 [09:23]

Müasir informasiya-nəqliyyat infrastrukturunun üstünlüklərindən istifadə etməklə özünün mal və xidmətlərini yaxın-uzaq bazarlara çıxarmaq hər bir istehsalçının arzusudur. Ancaq bazarın bütün iştirakçılarının maraqlarını qoruyan müəyyən texniki tənzimləmələr, istehsal, qablaşdırma, daşıma, mənşə və digər parametrlər üzrə hamının qəbul edəcəyi standartlar olmadan mal və xidmətlərin qlobal satış bazarlarına çıxarılması, sadəcə, mümkün deyil. Hər bir ölkənin inkişaf səviyyəsinə, tarixən yaranan ənənələrinə, istehlakçıların həyat-məişət tərzinə uyğun olaraq mal və xidmətlərə verilən tələblər də müxtəlif ola bilər. Bu halda beynəlxalq standartlar, ölkələrin razılaşmaları, keyfiyyətin idarə edilməsinə cavabdeh qurumların rəyləri köməyə gəlir və hər hansı subyektiv, yaxud lokal yanaşmalar arxa plana keçir.
Yüksək səviyyəli keyfiyyət infrastrukturunun qurulması həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Aydın məsələdir ki, mal və xidmətlərin keyfiyyət göstəriciləri yalnız ölkələrin sərhədlərinin keçilməsi ilə bağlı məsələ deyildir. Keyfiyyət istehsalçının rəqabət imkanlarını genişləndirir, müştəri məmnunluğu qazandırır və satışa müsbət təsir göstərir. Bütün bunların nəticəsi olaraq sifarişləri artan şirkətlər istehsalı davamlı şəkildə genişləndirirlər. Müvafiq ölkələrdə keyfiyyətə nəzarət infrastrukturu vasitəsilə istehsalçı şirkətlərin qarşısına müəyyən tələblər qoyulur və onlar mövcud standartlara uyğun olaraq istehsal reqlamentini ciddi şəkildə gözləyirlər. Tətbiq edilən standartlar bütövlükdə istehsal prosesində yeni yanaşmaların, elmi-texniki nailiyyətlərin, innovasiyaların tətbiqinin stimullaşdırılmasına müsbət təsir göstərir. Beləliklə də, keyfiyyətin davamlı olaraq idarə edilməsi iqtisadi tərəqqiyə yol açır, onu daha da sürətləndirir.
Keyfiyyət infrastrukturunun səmərəli fəaliyyətinin sosial önəmi də kifayət qədər böyükdür. Müəyyənləşdirilən standartlar müəssisələri keyfiyyət normalarını gözləməyə sövq edir, istehlakçıların sağlamlığına xələl gətirə biləcək məhsul istehsalının qarşısına sədd çəkir. Milli və beynəlxalq standartlar əsasında buraxılan məhsullar sanitar-gigeyenik tələblərə, ətraf mühitin qorunması ilə bağlı çağırışlara tam cavab verir ki, bütün bunlar da istehlakçıların, cəmiyyətin mənafeyi baxımdan çox vacib məsələlərdir.
Müasir dünyada ticarətin qlobal səciyyə daşıması milli dövlətlərin keyfiyyət infrastrukturu sistemlərinin fəaliyyətinin əlaqələndirilməsi, başqa sözlə desək, dünya üzrə məhsulların (xidmətlərin) oxşar standartlar əsasında hazırlanması və təqdim olunması zərurətini daha da aktuallaşdırıb. Standartlaşdırma üzrə beynəlxalq əməkdaşlığın tarixi 1921-ci ilə gedib çıxır. 1946-cı ildə BMT-nın təşəbbüsü ilə qeyri-hökumət təşkilatı olan Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat - İSO yaradılıb. Bu təşkilat beynəlxalq standartlar hazırlayır və standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir. İSO ilə yanaşı, bir sıra başqa qurumlar da beynəlxalq səviyyədə tanınan standartlar işləyib hazırlayır.
Yeni şəraitdə keyfiyyət infrastrukturu sahələrinin səmərəli fəaliyyəti ixrac siyasətinin tərkib hissəsi qismində çıxış edir
İndiki dövrdə Azərbaycanın meydana çıxan çağırışlara uyğun olaraq müəyyənləşdirdiyi yeni hədəflərdən biri də yaxın perspektivdə neftdən asılılığı tamam aradan qaldırmaqdan və qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsul istehsalını artırmaqla yeni satış bazarlarına çıxmaqdan ibarətdir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün ötən ildən başlayaraq ölkənin ixrac imkanlarının artırılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, qeyri-neft sənayesində və aqrar sektorda ixrac tutumu yüksək olan məhsulların istehsalı müxtəlif dəstək tədbirləri ilə stimullaşdırılır. Eyni zamanda, yeni nəsil iqtisadi islahatlar çərçivəsində 2016-cı ildə ölkədə ixracın təşviqi mexanizmi işə salınıb. Paralel şəkildə, son vaxtlarda Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən “Made in Azerbaijan” brendi geniş şəkildə təbliğ olunur.
Həyata keçirilən bu və ya digər tədbirlər ölkədə ixraca hesablanan qeyri-neft məhsulları istehsalının artmasını stimullaşdırır, eyni zamanda, o məqsədi daşıyır ki, Azərbaycan mənşəli məhsullar ənənəvi istehlak bazarlarında mövqeyini daha da möhkəmləndirsin və Avropada, Asiyada, Yaxın Şərqdə, Körfəz ölkələrində yeni satış bazarlarına çıxa bilsin. Burada isə beynəlxalq ticarətin qızıl qaydalarını, rəqabət amilini hökmən nəzərə almaq lazımdır. Qlobal miqyasda siyasi və iqtisadi təhdidlərin, istehlakçılara bir sıra hallarda keyfiyyətsiz, geni dəyişdirilmiş məhsullar təklif olunması risklərinin artdığı bir vaxtda ölkələr daxili bazarlarını təhlükələrdən qorumağa böyük diqqət göstərirlər. Beynəlxalq səviyyədə müəyyənləşdirilən standartlara uyğun gəlməyən məhsullar istehlak bazarlarına buraxılmır. Buna görə də istehsal olunan məhsulların keyfiyyətinə milli səviyyədə ciddi nəzarət olunması və milli standartların dünya standartlarına uyğunlaşdırılması çox böyük aktuallıq daşıyır. Yeni çağırışlar fonunda ölkənin keyfiyyət infrastrukturu sisteminin səmərəli fəaliyyəti, o cümlədən həyata keçirilən sınaq və kalibrləmə prosedurlarının, metroloji tutuşdurmaların, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın nəticələrinin beynəlxalq səviyyədə tanınması ixrac siyasətinin tərkib hissəsi qismində çıxış edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ixracın genişləndirilməsi ilə bağlı müəyyənləşdirilən hədəflərə çatılmasında keyfiyyət infrastrukturunun üzərinə düşən vəzifələrin geniş spektrinə diqqət çəkərək vurğulayıb: “Ölkə rəhbəri tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarətdə texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyət idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. Bütün bunlar ölkənin keyfiyyət infrastrukturuna birbaşa aid olan məsələlərdir”.
Deyilənlərdən də göründüyü kimi, yeni şəraitdə ölkəmizin ixrac potensialının reallaşdırılması üçün vacib açar şərtlərdən biri milli keyfiyyət infrastrukturuna inam yaradılmasıdır. Belə inam yaranacağı təqdirdə Azərbaycan mənşəli malların sərhəd tanımadan daha böyük həcmlərdə istər qonşu, istərsə də uzaq istehlak bazarlarına çıxması realdır.
Milli qanunvericilik bazası və keyfiyyət infrastrukturunun fəaliyyəti dünya standartlarına uyğunlaşdırılır
Milli qanunvericiliyin təkmilləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində həyata keçirilən normativ tənzimləmə, eləcə də milli keyfiyyət infrastrukturu sahələrinin fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə görülən tədbirlər Azərbaycanın qeyri-neft məhsulları ixracının artmasına, “Made in Azerbaijan” brendinin dünyada tanıdılmasına yeni imkanlar açır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixində “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərmana əsasən ölkəmizdə “Standartlaşdırma haqqında” yeni qanun qəbul ediləcək. Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üçün Dövlət proqramının layihəsini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Hazırda müvafiq qurumlar hər iki sənədin layihəsi üzərində intensiv iş aparırlar. Bundan başqa, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin bəhs olunan qurumun tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə “Texniki tənzimləmə haqqında” qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.
Paralel şəkildə keyfiyyət infrastrukturunun texniki-normativ bazasının təkmilləşdirilməsi və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Bu məqsədlə ötən il qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması, mebel, sənaye, metrologiya və neft-qaz sahələri üzrə texniki komitələr yeni standartların hazırlanması üzrə işləri davam etdiriblər. Bütövlükdə il ərzində 12 standart işlənərək dövlət qeydiyyatına alınıb.
Məlum olduğu kimi, hazırda ölkəmiz qida təhlükəsizliyini təmin etməyi strateji hədəfi kimi müəyyənləşdirib. Bu məqsədlə Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq ölkədə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq iş aparılır.
Ötən il metrologiya sahəsi üzrə beynəlxalq əməkdaşlıq inkişaf etdirilib. Çəkilər və Ölçülər üzrə Baş Konfransla (CGPM), Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (IAEA), Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatla (OIML), həmçinin “KOOMET” Regional Metrologiya Təşkilatı (Avro-Asiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) ilə əməkdaşlıq çərçivəsində bir neçə iclas, təlim, seminarlar keçirilib.
2016-cı il ərzində komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPatent) patent ekspertizası ilə bağlı 190 iddia sənədi daxil olub və onlar üzərində ekspertiza aparılıb. Patent Kooperasiyası haqqında Müqavilə (PCT) çərçivəsində 7 beynəlxalq iddia sənədi daxil olub və 4 iddia sənədi Beynəlxalq Büroya göndərilib. Avrasiya Patent Konvensiyası çərçivəsində Avrasiya patenti almaq üçün 31 iddia sənədi qəbul edilib. 2015-ci ildən ekspertiza mərhələsində olan iddia sənədləri də daxil olmaqla 33 iddia sənədi toplusu Avrasiya Patent İdarəsinə göndərilib.
Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən “Keyfiyyət üzrə siyasət” və “Dövlət Akkreditasiya Xidmətinin 2016-2017-ci illər üçün keyfiyyət üzrə məqsədləri” təsdiq edilib. Keyfiyyət üzrə siyasətin əsas məqsədi beynəlxalq tələblərə cavab verən akkreditasiya sistemi vasitəsilə ölkənin iqtisadi inkişafına və dünya bazarına çıxışına yardım etməkdir.
Mübariz ABDULLAYEV
“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31