Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın gələcəyini quran partiya

Azərbaycanın gələcəyini quran partiya

21.11.2017 [09:56]

Ölkəmiz iyirmi altı ildir ki, müstəqillik yolu ilə irəliləyir. Bu yolda - dövlət quruculuğunda, iqtisadi və sosial sahədə böyük uğurlar qazanmış, mürəkkəb siyasi və sosial problemləri həll etmişik. Hazırda respublikamızda siyasi sabitlik hökm sürür, iqtisadi inkişafımızın artım templəri bütün dünyanı heyran qoyur. Vətənimiz böyük yüksəlişdədir, hara baxsan, abadlıq-quruculuq işləri aparılır, şəhər və kəndlərin siması, mənzərəsi dəyişir. Azərbaycan fəal şəkildə öz gələcəyini qurur. Müstəqillik şəraitində Azərbaycanın yeni bir vətəndaş nəsli də yetişir.
Lakin bu, bir həqiqətdir ki, dövlətçilik sahəsindəki uğurlar heç də asanlıqla əldə edilmir. Bu uğurların əldə edilməsi üçün gərgin əmək sərf edilir, əzmkar fəaliyyət göstərilir. Bizim iyirmi altı illik müstəqillik tariximiz də bunu təsdiq edir. Bugünkü rifah xalqımıza və cəmiyyətimizə asan başa gəlməyib. Eyni zamanda, bunun tam iyirmi beş ili xalqımız üçün Ulu öndər Heydər Əliyevin və Onun şah əsəri olan Yeni Azərbaycan Partiyasının (YAP) gərgin mübarizə yolu kimi tarixə düşüb. Bu yolda vətənpərvər əsgərlərimiz cəbhələrdə canlarından keçib, xalqını sevən siyasətçilər müstəqilliyimizin ziddinə olanlara, siyasi avantürizmə qarşı ağır mübarizələr aparıblar. Bu mübarizələrin ön xəttində gedən YAP prinsipial rol oynayıb, Ulu öndər Heydər Əliyevin milli xilaskarlıq missiyasının həyata keçirilməsində fəal yardımçı olub.
Yeni Azərbaycan! Zaman keçdikcə bu iki kəlmə bir siyasi ideal kimi səslənir. Ulu öndərin düşündüyü bu sadə və mənalı adda hər şey vardır. Ən çox isə bu ad xalqımızın çıxdığı yeni tarixi yola, qurduğu dövlətin müstəqilliyinə və müasirliyinə işarədir. Bu gün Ümummilli liderin siyasi varisi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən quruculuq işləri - Vətənimizi, onun hər bir guşəsini, xüsusilə doğma Bakımızı yeniləşdirir. Mən cəsarətlə deyərdim ki, hər tərəfdə görünən yeniləşmə cənab İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının dövlətçi və qurucu mahiyyətinin və varisliyinin yenilməz bir təzahürüdür.
Azərbaycanın yaxın keçmişi, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti ilə bağlı elə cəhətlər var ki, yeni nəsillər onları bilməli, siyasi və dövləti nəticələrini qiymətləndirməyi bacarmalıdırlar.
Ötən əsrin 80-ci illərinin ortalarından SSRİ-nin dağılma prosesi bariz bir formada özünü göstərsə də, Azərbaycan cəmiyyətində böyük ehtiyatlılıq vardı. Bu da müəyyən mənada təbii idi. Çünki hamı bilirdi ki, sovet rejimi özünü qorumaq üçün bütün vasitələrə əl atan qəddar bir rejimdir. Amma 80-ci illərin sonları göstərdi ki, həyatın özü insanların və tarixçilərin düşünə bildiyindən qat-qat zəngin və mürəkkəbdir. Beləliklə, həmin vaxt gedən proseslərin nəticəsi olaraq sovetlər imperiyası dağıldı.
Məlum olduğu kimi, ermənilər SSRİ dağılmazdan az qala üç il əvvəl bizə qarşı ərazi iddiası irəli sürmüşdülər və 1917-1920-ci illərdə olduğu kimi, ərazilərimizi işğal etmək üçün müharibəyə başlamışdılar. Nəticədə, Azərbaycanın müstəqilliyə gedən yolunda həm də işğalçı Ermənistanla müharibə aparmaq lazım gələcəkdi. Belə şəraitdə Azərbaycanda sadəlövh siyasətçilərdən ibarət rejimin hakimiyyətdə olması - Ermənistanın torpaqlarımızı işğal etməsində də öz “rolunu” oynadı. O biri tərəfdən, təcrübəsiz, səriştəsiz insanlardan ibarət hökumətin “fəaliyyəti” Azərbaycanda sovetlərdən qalma dövlət strukturlarının dağılmasını, müstəqillik əvəzinə ölkənin siyasi anarxiya meydanına çevrilməsini qaçılmaz edirdi.
Sovetlərin dağılma ərəfəsində Xalq Cəbhəsi ölkədə yeganə siyasi qüvvə deyildi. Əvvəl Moskvanın Qarabağı ermənilərə vermək üçün formal bir hakimiyyət kimi yaratdığı Vəzirov rejimi var idi. Nəhayət, Azərbaycanın kommunist elitasının Moskva tərəfindən formalaşdırılmış siyasi qurumu - Ali Sovet var idi. Vəziyyət gərginləşəndə aparat məmurları Ali Soveti yada salır, onun iradəsizliyini öz mürtəce qərarlarına çevirirdilər. Ona görə də Ali Sovet böhranlı vəziyyətdə müstəqilliyimizi müdafiə üçün siyasi iradə ortaya qoymaqda aciz qaldı, özünün sovet dövrü Konstitusiyasındakı səlahiyyətlərindən belə yararlana bilmədi.
Həmin vaxt ölkədə, belə demək mümkünsə, daha bir siyasi qüvvə vardı: bu, Naxçıvanda yaşayan Heydər Əliyev və Onun ətrafında olan vətənpərvər insanlar, Onun yetişdirdiyi xalqa sadiq kadrlar idi. Heydər Əliyev Ona edilən çoxsaylı təkliflərə baxmayaraq, siyasi partiya yaratmağa tələsmirdi. Bunun köklü səbəbləri vardı və O, partiyanın yaradılmasına ancaq 1992-ci ildə razılıq verdi.
Azərbaycanda müstəqilliyin ilk illərində yaranan hakimiyyət boşluğu dövlətçilik strukturlarının dağılması istiqamətində ən təhlükəli proses idi. Xocalı faciəsi isə təkcə kommunist rejiminin deyil, həm də Xalq Cəbhəsinin hərbi məğlubiyyəti idi. Faciə cəbhə batalyonlarının hərbi potensialının yoxluğunu göstərdi və ermənilər də bunu anladılar. Hərbi əməliyyatlarda məğlubiyyətlərin də əsas məsuliyyəti “cəbhə”çilərin üzərində idi. Amma 1992-ci ilin aprel-may aylarında Xalq Cəbhəsinin liderləri belə fikirlərdən uzaq idilər. Xarici məsləhətçilər də onları ancaq hakimiyyət davasına sürükləyirdilər. Nəticədə, Bakıdan verilən göstərişlərlə Laçından və onun ətrafındakı cəbhə bölgələrindən hərbi batalyonların Bakıya gətirilməsi prosesi başladı. Vəziyyəti bilən və müşahidə edən ermənilər Laçını və Şuşanı da, əslində, döyüşsüz aldılar. Xalq Cəbhəsinin qərargahında isə hakimiyyətdən və seçkilərdən danışırdılar.
Lakin həmin dövrdə Azərbaycanın taleyini düşünən hər kəs ölkəmizin müstəqilliyinin yenidən itirilməsi təhlükəsi ilə baş-başa qaldığını görürdü. Və bunun qarşısını almaq üçün xalqımız yeganə ümid yeri kimi Naxçıvana üz tutmağa başladı. Hamı Heydər Əliyevdən vəziyyəti düzəltmək üçün məsləhət istəyirdi. Ən uzaqgörən ziyalılar isə Ona siyasi partiya yaratmaq təklifi edirdilər.
Beləliklə, Azərbaycan xalqı siyasi bir qüvvə kimi meydanda idi: Ulu öndər məhz xalqa arxalanıb yeni müstəqil dövlət qurmalı idi. O, bu xalqı tanıyır, sevir, onun gücünə inanırdı. Lakin böyük rəhbərin qarşısında süni şəkildə yaradılmış hələ xeyli siyasi maneələr var idi. Bu maneələr Ulu öndərə 1992-ci il prezident seçkilərində iştirak etməyə imkan vermədi. Xalqın böyük bir şansı itirildi və dövlətçiliyin dağılması, torpaqların itirilməsi prosesi bir il də davam etdi.
Ölkədə hərc-mərclik böyük sürətlə artırdı. Bununla belə, AXC-“Müsavat” hakimiyyəti dövründə mətbuatda Heydər Əliyevi siyasi həyata çağırış məzmununda olan fikirlərin sayı da artırdı. Bir şairin məqaləsi belə adlanırdı: “Heydər Əliyevi sevən Azərbaycanı sevər”. Belə yazılar sayca çox, məzmunca təkidli idi. Həmin vaxt doxsan bir ziyalının Ulu öndərə xalqın dadına çatmaq barədə müraciəti də bu qəbildən idi. Uzaqgörən adamlar, AXC-“Müsavat” cütlüyünün ölkədəki yarıtmaz fəaliyyətini izləyən vətənpərvər insanlar bu cütlüyün yaratdığı hökumətin ölkəmizə yeni dağıntılardan başqa heç nə verməyəcəyini də görürdülər.
Beləliklə, Azərbaycanın acınacaqlı durumda olduğunu görən Ulu öndərin qərarı qətiləşdi. Üç-dörd aylıq hazırlıqdan sonra Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayı baş tutdu. Bu qurultay Heydər Əliyevin siyasi qüdrətinə inanan geniş xalq kütlələrinin, ziyalı hərəkatının, Ümummilli liderin Özünün yetişdirdiyi vətənpərvər şəxslərin birgə mübarizəsinin yekunu idi. Ulu öndər Heydər Əliyev yekdilliklə Azərbaycanı xilas edib gələcəyə aparacaq qüdrətli partiyanın Sədri seçildi. Onun rəhbər orqanlarına vətənpərvər ziyalılar, elm və mədəniyyət adamları daxil oldu. Qurultayın təşkili isə ozamankı Azərbaycan hakimiyyətinin ardıcıl təxribat və maneçilikləri şəraitində baş tutdu. Amma böyük rəhbərin dəmir iradəsi öz işini gördü.
Azərbaycan xalqı Heydər Əliyevin partiyanın Sədri seçilməsi xəbərini ümidlərlə qarşıladı: tarix xalqımıza böhrandan çıxmaq, milli dövlətçiliyin dağılması prosesinin qarşısını almaq üçün şans vermişdi. Ulu öndəri tanıyan, Onun siyasi gücünə inanan və Onu sevən xalq bu hadisəyə sevindi. Xalq Cəbhəsinin saxta milli şüarlarla əhalinin başını qatmasına baxmayaraq, hələ 1992-ci ilin payızında Yeni Azərbaycan Partiyasına axın başladı: ölkədə yaşayan sadə insanlar kütləvi surətdə YAP-a daxil olurdular. Cəbhə mətbuatının fitnəkar təbliğatı, Ulu öndəri nüfuzdan salmaq cəhdləri buna mane ola bilmirdi.
Eyni zamanda, YAP yaranan vaxtdan ona qarşı düşmənçilik siyasəti yeritməyə başladılar. Naxçıvana uçan təyyarələrdə Ulu öndərlə görüşə gedən yüzlərlə ziyalıya maneçilik törədilir, Onun ətrafında sağlam qüvvələrin toplaşmasının qarşısını almağa cəhdlər göstərilirdi. Amma bu tədbirlər Ulu öndərin iradəsini qıra bilməzdi, Onun geriyə çəkilməsi mümkün deyildi: Çünki söhbət Azərbaycanın taleyindən gedirdi. Ulu öndər üçün xalqın təəssübündən, ona xidmət etməkdən yüksəkdə heç nə yox idi. Ona görə də Naxçıvanda Ulu öndəri təcrid etmək kimi sərsəm planlar baş tutmadı. Naxçıvanın sadə adamları Onu və tərəfdarlarını yalın əllə, böyük inamla müdafiə etdilər. Sadə naxçıvanlılarda sağlam düşüncə, Vətənin, torpaqların mənafelərini yüksək tutmaq əzmi Xalq Cəbhəsi liderlərindən güclü oldu. Sonrakı tarixi hadisələr, AXC-“Müsavat” rejiminin süqutu onların siyasi cılızlığını sona qədər üzə çıxardı.
1993-cü ilin aprel-may aylarında AXC hökuməti parçalandı: əslində buna qədər də Cəbhənin rəhbərliyi müxtəlif klanlar, xaricilər tərəfindən idarə olunan dəstələrdən ibarət idi. Cəbhə bölgəsindəki və iqtisadi-inzibati sahədəki uğursuzluqlar AXC-nin içində diskussiyaları gücləndirdi: liderlərin bir hissəsi təkidlə Heydər Əliyevin hakimiyyətə dəvət olunmasını tələb edirdilər.
Təəssüflə qeyd olunmalıdır ki, AXC sıralarına dolmuş məsuliyyətsiz ünsürlərin əksəriyyəti ölkəni fəlakət həddinə çatdırsalar da, qardaş qanı tökülsə də, hakimiyyətdən getmək və Ulu öndərin başçılığı ilə milli birlik hökumətinin yaradılmasına yol vermək istəmirdilər. Bu adamların siyasi tamahları və siyasi geriliyi onlara dövlətçiliyin bir fəlakət həddində olmasını görməyə imkan vermirdi. Lakin Heydər Əliyev də bu vəziyyətdə misilsiz bir dözüm və səbir nümayiş etdirir, xalqın mənəvi gücünü səfərbər etmək üçün deputat olmayan ağsaqqalları belə Milli Məclisin iclaslarına dəvət edirdi. Bütün varlığı heç nəyə dəyməyən adamların xəstə şıltaqlığına, arxasında aparılan xəyanətkar təbliğata dəyanətlə, səbirlə dözürdü.
Xarici qüvvələrin köməyi ilə hakimiyyət qazananların acı taleyi haqqında istənilən qədər misallar çəkmək mümkündür. Amma buna ehtiyac yoxdur: bircə Azərbaycanda Xalq Cəbhəsi hökumətinin şüurlu, yaxud sadəlövh xəyanətlərini xatırlamaq kifayətdir. Onların nəticəsi Azərbaycan ərazisinin 20 faizinin itirilməsi oldu.
Onların xəyanətləri, dağıdıcı mövqeyi, ümumxalq mənafeyini inkar etmələri böhranlı dövrdə Azərbaycanın yeni ərazilərinin itirilməsi ilə nəticələndi. Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçiləndən sonra da yerlərdə hakimiyyətin peşəkar adamlara təhvil verilməsi təşəbbüsü böyük müqavimətlə qarşılanırdı. Cəbhəçilər postlardan gedəndə dövlət resurslarını dağıdıb, talan edib gedirdilər. Yeni Azərbaycan Partiyası talan edilmiş, faktiki olaraq büdcəsi olmayan, maliyyə sistemi dağılmış bir Azərbaycanla üzləşməli oldu.
Nə yaxşı ki, cəmiyyətdə sağlam qüvvələr üstünlük təşkil edirdi. Lakin bu üstün qüvvə də siyasətdən uzaq, kənar idi. Bunun əksinə, ixtilafçı və destruktiv qüvvələr siyasi mühitdə və Milli Məclisin tərkibində kifayət qədər idi. Ulu öndər isə siyasi mühitdəki oyunlara qınaqla baxan sağlam insanlara, ilk növbədə, ziyalılara, sadə əməkçi adamlara arxalanırdı. Siyasətdən və diplomatiyadan uzaq olan bu adamlar sağlam düşüncə ilə vəziyyətə düzgün qiymət verirdilər. Bu qiymətin formulası sadə idi: xalqı bu ağır vəziyyətdən, sonsuz bəlalardan ancaq Ulu öndər Heydər Əliyev xilas edə bilər.
Bu vəziyyətdə ən asan yol tələsik və zorakı qərarların qəbulu ola bilərdi. Lakin YAP bu yoldan imtina etdi. O, bütün cəmiyyətin və siyasi qüvvələrin konsensusu ilə, tam legitim prosedurlarla qərarlar qəbul etmək yolunu tutdu. Bu yol uzun müzakirələr tələb edir və çoxlu vaxt aparırdı. Ancaq dağılmış dövləti necə qurmaq barədə qərarlar cəmiyyətin rəyi nəzərə alınmaqla və Milli Məclisdə legitim səsvermə formasında qəbul olunurdu. Bu, elə bir zaman idi ki, “cəbhə”çilər ölkədə yaranmış real vəziyyəti qiymətləndirə bilmir, öz şəxsi maraqları arxasında milli fəlakəti görmürdülər.
Ağır siyasi vəziyyətə baxmayaraq, YAP 1993-cü ilin böhranlı payız aylarında xalqın qüvvələrinin cəbhə bölgəsinə səfərbər edilməsi üçün misilsiz təşkilatçılıq işləri gördü. Çox yerlərdə yeni təyin olunan icra başçıları vaxtlarının çoxunu hərbi komissarlıqlarla işdə keçirir və hücum əməliyyatları aparılması üçün peşəkar zabitlərlə möhkəmləndirilən yeni hərbi hissələr təşkil edir və cəbhəyə yollayırdılar. Ulu öndərin istiqamət verdiyi partiya AXC dövründə sıxışdırılan, gözümçıxdıya salınan peşəkar hərbi kadrların orduda üstün mövqeyini təmin etdi. Heydər Əliyevə inanan, vaxtilə Onun keçmiş ittifaqın hərbi məktəblərinə yolladığı zabit kadrları kütləvi surətdə vətənə qayıdıb torpaqlarımızın müdafiəsinə qoşuldular. Onların vətən qarşısında öz borclarını icra etmələri üçün artıq heç bir maneə yox idi. Qısa vaxtda Azərbaycan ordusunun bütün cəbhə boyu hücumları öz nəticəsini verdi: ordumuzun gücünü görəndən, strateji təşəbbüs bizdə olandan sonra ermənilər atəşkəsə razılıq verdilər. 1994-cü ilin mayında atəşkəs elan edildi.
Yeni Azərbaycan Partiyasının əsas tarixi xidməti xalqın mənəvi gücünü səfərbər etməkdir. Əsl müstəqil dövlət də bunun nəticəsi və yekunu olur. Yalnız öz xalqının mənəvi potensialını üzə çıxara bilən, dövləti və onun daxili və xarici siyasətini formalaşdıra bilən millətlər həqiqi müstəqillik əldə edir və dövlətçi xalqlar siyahısına düşürlər.
Ümummilli liderin azərbaycançılığı və iqtisadiyyatda liberalizmi Yeni Azərbaycan Partiyasının da əsas prinsipləri oldu. Azərbaycan açıq və sözün tam mənasında müstəqil olmalıdır. Bu həm də ən optimal tərəqqi formulası idi. 1993-1995-ci illərdə Ulu öndər və Onun partiyası bu siyasəti böyük çətinliklərlə, eyni zamanda, qətiyyətlə reallaşdırdı. Bütün siyasi qəsdlər dəf olundu. Bu isə müstəqil dövlətin sabitləşməsi demək idi.
Azərbaycan on dörd ildir ki, Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və yeni-yeni uğurlara imza atır. Bunun əsas səbəbi isə respublikamızda siyasi varisliyin yüksək səviyyədə təmin edilməsi və Heydər Əliyev ideyalarının praktiki müstəvidə ardıcıllıqla həyata keçirilməsi ilə bağlıdır. 2003-cü ildə ölkəmizdə keçirilən növbəti prezident seçkilərində xalq Ulu öndərin siyasi məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyevi müstəqil Azərbaycanın dövlət başçısı seçdi. Bu, Heydər Əliyev ideyalarına, Onun əvəzsiz irsinə Azərbaycan cəmiyyətinin sonsuz inamının ifadəsi idi. Prezident seçkilərində xalqımız cənab İlham Əliyevin namizədliyini dəstəkləməklə onu istəyirdi ki, bir neçə onillik ərzində şəxsən onların özlərinin və bütövlükdə Azərbaycanın həyatının müsbət dinamika ilə dəyişməsini təmin edən Heydər Əliyev ideyaları bundan sonra da yaşasın. Cəmiyyətin yekdil sosial sifarişi əsasında Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının sükanı arxasına keçən cənab İlham Əliyev ölkədə siyasi varisliyi yüksək səviyyədə təmin etdi. Cənab İlham Əliyev hələ 2003-cü ildə dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə xalqın etimadını doğrultmaq və Heydər Əliyev siyasətini davam etdirmək olacaq. Son 14 ildə Azərbaycanı inamla idarə edən Prezident İlham Əliyev Ulu öndərin əsasını qoyduğu siyasəti həm yüksək səviyyədə davam etdirib, həm də müasir çağırışları nəzərə alaraq yeni çalarlarla daha da zənginləşdirib.
Bir sözlə, Prezident İlham Əliyevin Ulu öndərin güclü, nüfuzlu Azərbaycan quruculuğu siyasətini uğurla davam etdirməsi bu gün Azərbaycanı regional və qlobal güc amilinə çevirib. Hazırda Azərbaycan bütün dünyada milli maraqların keşiyində qətiyyətlə dayanan, eyni zamanda qlobal əməkdaşlığa, dünya miqyasında terrora, milli-dini-irqi təhdidlərə qarşı mübarizəyə sanballı töhfələr verən ləyaqətli ölkə kimi tanınır.
Təbii ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasətində ilk növbədə özünün güclü iqtisadiyyatına istinad edir. 2004-cü ildən bəri respublikamızın iqtisadiyyatı 3 dəfədən çox genişlənib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Güclü dayaqların yaradılması, ələlxüsus da zamanında neftdənkənar iqtisadiyyat quruculuğuna böyük diqqət göstərilməsi xarici mənfi təsirlər nəticəsində yaranan və bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də Azərbaycanın inamlı inkişafını təmin edir. Son illərdə respublikamızın həyatı konseptual yanaşmalara əsaslanan dərin məzmunlu islahatlarla səciyyələnir.
Dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində cəmiyyətdən gələn sosial sifarişləri əsas tutan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində prinsipial mövqedən çıxış edir. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, Ermənistanın işğalçılıq siyasətinə adekvat qiymət verilməli və ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir. Respublikamız Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı nümayiş etdirdiyi prinsipial mövqeyində özünün güclü ordusuna, eyni zamanda cəmiyyətin vətənpərvərliyinə arxalanır. Aprel döyüşləri dövlətimizin və ordumuzun misilsiz gücünü ortaya qoydu, igid Azərbaycan əsgərinin, gənclərimizin Qarabağı, işğal altındakı bütün torpaqlarımızı geri qaytarmaq əzmini nümayiş etdirdi. Erməni təxribatçıları aldıqları zərbədən hələ də özlərinə gələ bilməyiblər. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan düşmən yeni-yeni fitnələrə əl atır. Lakin qisas qiyamətə qalmaz, deyib atalar. Xalqımızın qüdrətli yumruğu xainlərə öz yerini tezliklə göstərəcək. Biz buna əminik.
Prezident İlham Əliyevin siyasi strategiyasında təhsil, elm və mədəniyyət sahələri prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələri yüksək səviyyəyə ilk növbədə təhsilin, elm və texnologiyanın sayəsində çatıblar. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da məhz bu yolu tutub. Ölkəmizdə innovasiyaların tətbiqi, insan kapitalının inkişafı yüksək səviyyədə dəstəklənir. Milli təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində zəruri islahatlar bu gün də davam etdirilir. Dövlət başçısının təhsildə keyfiyyət məsələsini ön plana çəkməsi böyük aktuallıq daşıyır. Uzun illərin təcrübəsinə əsaslanıb deyə bilərəm ki, sağlam və dünyəvi təhsil sistemi hər cür mənəvi deqradasiyaya qarşı mübarizənin ən fundamental formasıdır.
Yeni Azərbaycan Partiyası Ulu öndərimizin və xalqın qarşılıqlı inamı, etimadı əsasında yaranıb. Hazırda respublikamızda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qətiyyətli və praqmatik siyasəti sayəsində xalq-iqtidar həmrəyliyi yüksək səviyyədə təmin edilir. Ölkədə həmrəyliyin və inkişafın təmin olunmasından söhbət açarkən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin önəmini də xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti saysız-hesabsız sadə insanın inamını və məhəbbətini qazanıb, milli birliyimizin mühüm amillərindən birinə çevrilib.
Mehriban xanım Əliyevanın Azərbaycan naminə fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir. Bu fəaliyyət sahələri bir-birlərindən nə qədər fərqlənsə də, Mehriban xanım Əliyeva ona həvalə olunan bütün işlərə son dərəcə məsuliyyətlə yanaşıb və diqqətəlayiq uğurlar qazanıb. Mehriban xanım Əliyevanın istər ölkənin Birinci vitse-prezidenti, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti ilk növbədə humanizm prinsiplərindən, mənəvi dəyərlərdən qidalanır. Hamı tərəfindən birmənalı şəkildə qəbul olunur ki, o özünü məhz insanlara, ələlxüsus da aztəminatlı insanlara kömək əli uzadanda rahat və xoşbəxt sanır. Mehriban xanım Əliyeva həyatının xoş günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyin himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Deyilənlər baxımından Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində ilk müşavirəsini cəmiyyətin həssas təbəqəsinin problemlərinə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi də təsadüfi deyil. Hazırda bu istiqamətdə işlər Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində intensiv şəkildə davam etdirilir. Partiyamızın Sədr müavini Mehriban xanım Əliyevanın daim qayğıya ehtiyacı olan insanların yanında olması, onların sosial müdafiəsinin gücləndirilməsinə yönələn təşəbbüslər irəli sürməsi cəmiyyətdə ona qarşı böyük rəğbət hissi formalaşdırır, eyni zamanda YAP-ın nüfuzunun daha da artmasına müsbət təsir göstərir.
Bizim partiyanın əsas amalı dövlətimizə, Prezidentimizə, xalqımızın mənəvi və iqtisadi tərəqqisinə xidmət etməkdir. Ulu öndərin yadigarı olan Yeni Azərbaycan Partiyası daim dövlətçiliyin keşiyindədir. Onun digər partiyalardan fərqi də bundadır. Məhz xalq və dövlət üçün konkret işlərə istiqamətli olduğuna görə bu partiya ənənəvi olaraq parlament və prezident seçkilərində qalib gəlir və xalqımıza şərəfli xidmətini davam etdirir. Milyonlarla insanlar əmindir: gələcəyimizin qurucusu olan Yeni Azərbaycan Partiyası həmişə qalib partiya olub və sabah da qalib olacaqdır.
Nurlana ƏLİYEVA,
YAP İdarə Heyətinin üzvü,
YAP Qadınlar Şurasının sədri,
filologiya elmləri doktoru, professor

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31