Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağalar Vəliyev: 2018-ci ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinin əsas prioritet istiqamət olaraq saxlanılması mühüm əhəmiyyət kəsb edir

Ağalar Vəliyev: 2018-ci ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinin əsas prioritet istiqamət olaraq saxlanılması mühüm əhəmiyyət kəsb edir

24.11.2017 [10:05]

“2018-ci ilin dövlət büdcəsinin layihəsi möhtərəm Prezidentimiz İlham Əliyevin yeni dövrün müasir çağırışlarına cavab verən islahatlar konsepsiyasına uyğun olaraq dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyillərin və qlobal risklərin təhlili əsasında mükəmməl və şəffaf hazırlanıb. Büdcə layihəsinin tərtibi zamanı ilk növbədə 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib”. Bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Milli Məclisdə gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı deyib.
A.Vəliyev bildirib ki, dövlətimizin başçısı qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafını, bu sahənin ÜDM-də və büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasını, kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə stimullaşdırıcı vergi islahatlarının davamlılığını, azad rəqabət mühitinin inkişaf etdirilməsini və investisiya qoyuluşunun təşviqinin genişləndirilməsini 2018-ci ildə hökumətin prioritet vəzifələri kimi müəyyənləşdirib. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi hazırlanarkən məhz bu vəzifələrin icrası ilə əlaqədar maliyyə təminatının yaradılmasına, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə, kənd təsərrüfatı istehsalının stimullaşdırılmasına, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sektorlarının maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin artırılmasına önəm verilib: “Qeyd olunduğu kimi, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat və yaxud 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2 milyard 621,2 milyon manat və yaxud 15 faiz çoxdur. Büdcə gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi neft sektoru üzrə 55,1 faiz və ya 11 milyard 96 milyon manat, qeyri-neft sektoru üzrə isə 44,9 faiz və ya 9 milyard 31 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çox artım deməkdir. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 66,7 faizini və ya 6 milyard 27 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 26,9 faizini və ya 2 milyard 430 milyon manatını Dövlət Gömrük Komitəsindən daxilolmalar, 6,4 faizini və ya 574 milyon manatını digər gəlirlər təşkil edəcək. 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 650,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilə nisbətən 3,7 milyon manat və ya 0,6 faiz çoxdur”.
Komitə sədrinin müavini qeyd edib ki, son illər ərzində ölkəmizin bütövlükdə dayanıqlı sosial-iqtisadi tərəqqisi ilə yanaşı, təmsil etdiyi Goranboy, Ağdam və Tərtər rayonları da daxil olmaqla regionların tarazlı inkişafı, bölgələrdə infrastruktur layihələrin reallaşdırılması, yeni müəsissələrin açılması və sosial təyinatlı obyektlərin istifadəyə verilməsi son nəticədə büdcə gəlirlərinin artmasına əlverişli şərait yaradıb ki, bu meyil də yeni büdcə zərfində öz əksini tapıb. Məsrəflər baxımından 2018-ci ilin dövlət büdcəsinin xərcləri 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2 milyard 964,7 milyon manat və ya 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3154,4 milyon manat və ya 17,8 faiz çoxdur. Gələn il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisi ötən illə müqayisədə 3,8 faiz artaraq 30,1 faiz təşkil edəcək.
Millət vəkilinin sözlərinə görə, ölkənin davamlı inkişafının təmin olunmasında iqtisadiyyata tələb olunan strukturda, həcmdə və keyfiyyətdə investisiya qoyuluşunun əhəmiyyəti nəzərə alınaraq büdcə layihəsində bütün maliyyə mənbələri hesabına təxminən 9 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılıb: “Təqdirəlayiq haldır ki, növbəti ildə dövlət büdcəsi xərclərinin 8 milyard 512,8 milyon manatı və ya 40,7 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 3 milyard 264,1 milyon manat və ya 62,2 faiz çoxdur. Məlumdur ki, tikinti sektorunun inkişaf səviyyəsi hər bir dövlətin iqtisadi rifahının ən mühüm göstəricilərindən biridir. Bir çox inkişaf etmiş ölkələrdə iqtisadi fəallığın qiymətləndirilməsi məqsədilə tikinti sektorunun inkişaf indikatorundan istifadə edilir. Tətbiq olunan bu indikator bir makroiqtisadi göstərici kimi ölkənin milli iqtisadiyyatının real vəziyyətini əks etdirir. Hesab edirəm ki, digər təsiredici amillərlə yanaşı, bu müsbət təcrübədən Azərbaycanda istifadə olunması tikinti sektorunun inkişafını daha da stimullaşdırardı. Təbiidir ki, inşaat sektorunun canlandırılması özü-özlüyündə yeni iş yerlərinin yaradılması, büdcəyə əlavə vəsaitlərin daxil olması, abadlaşdırma işlərinin genişləndirilməsi və insanların rifah halının yüksəldilməsi deməkdir. Bu baxımdan büdcə layihəsində 4,9 milyard manatı bilavasitə tikinti sektoruna yönəldilməklə əsaslı xərclərə ümumi xərclərin 37,7 faizi həcmində və ya 7 milyard 837,4 milyon manat, başqa sözlə, əvvəlki ilə nisbətən 46 faiz və ya 2 milyard 481,1 milyon manat çox vəsaitin ayrılmasını çox önəmli məqam hesab edirəm”.
Millət vəkilinin fikrincə, son illərdə olduğu kimi, yeni ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılmasının və sosial müdafiəsinin gücləndirilməsinin əsas prioritet istiqamət olaraq saxlanılması olduqca mühüm əhəmiyyət kəsb edir.
A.Vəliyev təmsil etdiyi Goranboy rayonunun bəzi həlli vacib sosial-iqtisadi problemlərinə toxunub: “Müvafiq Dövlət proqramlarının uğurla icra olunması sayəsində Goranboy rayonunun 85 yaşayış məntəqəsindən 73-ü qazlaşdırılıb və rayon üzrə qazlaşdırma 94%-ə çatıb. Bununla belə, əksəriyyəti bilavasitə təmas bölgəsində yerləşən - Todan, Mənəşli, Qazançı, Goran, Qara Pirimli və sair kəndlər daxil olmaqla bütövlükdə 12 yaşayış məntəqəsinin qazlaşdırılmasına ehtiyac var. Eyni zamanda, son illər ərzində rayonun 80 məktəbindən 64-nün yenidən tikilməsinə və ya əsaslı təmir olunmasına baxmayaraq, Xoylu, Yolpaq, Muzdurlar, Nadirkənd, Əzizbəyov və digər kəndlərdə 14 məktəb üçün yeni binaların tikintisinə və 2 məktəbin əsaslı təmirinə tələbat hələ də qalmaqdadır. Ümidvaram ki, müvafiq hökumət strukturları və aidiyyəti dövlət qurumları səsləndirdiyim bu problemlərin həllinə həssaslıqla yanaşacaq və lazımi köməklik göstərəcəklər”.
“Cənab Prezidentin bu günlərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində qeyd etdiyi kimi, son 14 il ərzində inamla inkişaf edən Azərbaycan güclü ölkəyə çevrilib, tarixində heç vaxt indiki qədər güclü olmayıb və iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Zənnimcə, hörmətli dövlət başçımızın qarşıya qoyduğu proqram xarakterli vəzifələrə uyğun tərtib olunan və Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin bütün prioritet istiqamətlərini əhatə edən 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri qarşıdakı ildə iqtisadiyyatın səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, onun aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, sosial prioritetliyin saxlanılmasına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial rifahının artırılmasına xidmət edəcək”, - deyə A.Vəliyev vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31