Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ömrünü elmə həsr etmiş fədakar alim, tanınmış pedaqoq və vətənpərvər ziyalı

Ömrünü elmə həsr etmiş fədakar alim, tanınmış pedaqoq və vətənpərvər ziyalı

08.02.2020 [10:34]

İqtisad elmləri doktoru, professor, YAP Yasamal rayon təşkilatının sədr müavini Rasim Nəbiyev 70 illik yubileyinin astanasındadır
Ziyalılar hər zaman ölkənin inkişafına, dövlətin qüdrətinin artmasına, gənc nəslin milli ideya və vətənpərvərlik ruhunda yetişməsinə xidmət edən fəaliyyətləri ilə fərqlənirlər. Xüsusilə də, həm cəmiyyətin tərəqqisinə, həm də elmin inkişafına dəyərli töhfələr verən insanların fəaliyyəti nümunə təşkil edir. Onlardan biri də bu il martın 1-də 70 yaşı tamam olacaq iqtisad elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədr müavini Rasim Nəbiyevdir.
Onun həyat və fəaliyyətinə nəzər saldıqda belə bir qənaəti qətiyyətlə ifadə etmək olur: Rasim Nəbiyev ömrünü elmə həsr etmiş fədakar alim, tanınmış pedaqoq, öz fəaliyyətində xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutan vətənpərvər ziyalıdır. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan R.Nəbiyev yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürməyi bacaran alim kimi bir məktəb yaradıb.
Professor Rasim Nəbiyev zəngin və şərəfli həyat yolunun bütün dövrlərində ölkəmizin milli maraqlarını, milli-mənəvi dəyərləri üstün tutaraq istər elmi-pedaqoji, istərsə də ictimai-siyasi sahədəki fəaliyyətində öz həyat salnaməsinin parlaq səhifələrini yaradıb. Onun mənalı ömür yolunun çox mühüm anlarını xatırlatmaq məqsədəmüvafiq olar.
Beləliklə, Rasim Əmir oğlu Nəbiyev 1950-ci il martın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakıdakı 172 saylı məktəbdə alıb, 3 il bu məktəbin komsomol təşkilatı katibi vəzifəsində çalışıb. Eyni zamanda, Bakıdakı 1 saylı musiqi məktəbində orta musiqi təhsili alıb.
1967-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alıb və bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. İnstitut illərində gənc R.Nəbiyev elmi axtarışları ilə fərqləndiyindən “Marks təqaüdçüsü” adına layiq görülüb, Tələbə Elmi Cəmiyyətinin sədri seçilib. Hələ tələbə ikən Moskvada keçirilən Elm günlərində R.Nəbiyev Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülüb.
Rasim Nəbiyev 1971-ci ildə təhsil aldığı institutun aspiranturasının əyani şöbəsinə daxil olub, bir il sonra hərbi xidmətə çağırılıb. Ordu sıralarından qayıtdıqdan sonra təhsilini davam etdirib. Pedaqoji-əmək fəaliyyətinə 1975-ci ilin yanvar ayında indiki Bakı Dövlət Universitetində müəllim kimi başlayan Rasim Nəbiyev qısa müddətdə universitetin Böyük Elmi Şurasının üzvü və fakültə dekanı seçilib, dövlət imtahan komissiyalarında sədr, digər şəhərlərə tələbə qəbulu üzrə komissiyanın məsul katibi, universitet partiya komitəsi nəzarət komissiyasının sədri kimi vəzifələrdə çalışıb. 1983-cü il onun həyatında xüsusilə əlamətdar olub. Həmin il Rasim müəllim Tbilisi Dövlət Universitetində çox böyük uğurla namizədlik dissertasiyasını müdafiə edib.
R.Nəbiyev pedoqoji və ictimai fəaliyyətini məntiqi ardıcıllıqla davam etdirərək respublikamızın siyasi həyatında səmərəli fəaliyyət göstərən ziyalılarımızla birlikdə həmişə milli maraqlarımıza xidmət edib. 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən ilk elmi konfransların təşəbbüskarı və təşkilatçısı kimi geniş fəaliyyəti BDU Elmi Şurası tərəfindən yüksək qiymətləndirilib. O, ölkəmizin görkəmli dövlət və elm xadimləri olan Murtuz Ələsgərov, Yəhya Məmmədov, Teymur Vəliyev kimi ziyalılarla birlikdə erməni akademik Aqanbekyanın 1987-ci ilin oktyabrında Dağlıq Qarabağla əlaqədar Fransa mətbuatındakı yazılarının yalan və böhtan xarakterli mahiyyətinin ifşa olunmasında ziyalı və vətəndaşlıq borcunu şərəflə yerinə yetirib.
Rasim Nəbiyev BDU-da diplomat ixtisası üzrə kadrların hazırlanmasında da müstəsna xidmətlər göstərib. O, BDU-nun rektorluğu və nüfuzlu müəllimləri ilə bir sırada ölkənin əsas ali təhsil müəssisəsində beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər, fəlsəfə və sosiologiya ixtisasları üzrə fakültələrin açılmasına səy göstərib. Bu təkliflər universitet rəhbərliyi tərəfindən dəstəkləndikdən sonra universitetin Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq, Beynəlxalq iqtisadi münasibətlər, Fəlsəfə və sosiologiya ixtisaslarının açılması üçün bir neçə il fasiləsiz olaraq çalışıb. Buna nail olduqdan sonra BDU-da Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq, eləcə də Fəlsəfə və sosial-siyasi elmlər fakültələrinin yaradılması və təşkilində öz xidmətlərini göstərib.
Gənc alimin təşəbbüsünün universitet rəhbərliyi tərəfindən dəstəklənməsi sayəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun alimləri Y.A.Yevseyev, F.İ.Puqaçov, V.V.Qladışev, Moskva Dövlət Maliyyə Akademiyasının professorları V.N.Şenayev, A.T.Qryaznova və başqaları bir neçə dəfə BDU-da olublar, onlar universitetin elmi-pedaqoji potensialı, tədris-metodik və maddi-texniki bazasının diplomat kadrların hazırlanmasına cavab verdiyini əsas götürərək ixtisasların açılması təşəbbüsünü yüksək qiymətləndiriblər.
Azərbaycan təhsilinin inkişafındakı xidmətləri nəzərə alınaraq Rasim Nəbiyev BDU Elmi Şurası tərəfindən universitetin nəzdində yaradılan İctimai Siyasi Kollecə direktor vəzifəsinə məsləhət görülüb. Bir neçə il sonra bu təhsil müəssisəsi Rasim Nəbiyevin rəhbərliyi ilə Azərbaycan İctimai-Siyasi Universiteti kimi fəaliyyət göstərib.
Rasim Nəbiyev həmçinin Azərbaycan iqtisad elminin inkişafına mühüm töhfələr verib. Onun bazar iqtisadiyyatının təsərrüfatçılıq metodlarının araşdırılması ilə bağlı əsərləri geniş oxucu kütləsi və iqtisadi sahədə çalışan mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. İqtisadi nəzəriyyənin mühüm problemlərinə həsr olunan “Azərbaycanın keçid dövründə kommersiya hesabatının nəzəri və praktik problemləri” monoqrafiyası Rasim Nəbiyevin doktorluq işi kimi olduqca qiymətlidir. 1 monoqrafiyanın, 2 kitabın, 50-dən çox məqalənin müəllifi olan Rasim müəllim hazırda “İqtisadi inkişafın Azərbaycan modeli” adlı kitab üzərində işləyir. Azərbaycan Dövlət İqtisad Universitetinin nəşr etdirdiyi “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” kitabında “Heydər Əliyevin neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır” adlı məqaləsi çap olunub. Eləcə də Təhsil Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən keçirilən “Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda konfransın materiallarının çap olunduğu topluda “Rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşmasında qeyri-neft sektorunun yeri” adlı məqaləsi dərc olunub. Bu məqalələrdə professor Rasim Nəbiyev Azərbaycanın iqtisadi inkişafının dərin elmi təhlilini verib.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Rasim Nəbiyev 2004-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının iqtisad və hüquq elmləri üzrə Ekspert Şurasının sədri kimi səmərəli fəaliyyət göstərib. 6 nəfər xarici ölkə vətəndaşı olan aspirant və dissertanta elmi rəhbərlik edib. Bunlarla yanaşı, 2014-cü ildən AMEA-nın Koordinasiya Şurasının üzvüdür. 2014-cü ildən ADİU-da fəaliyyət göstərən Müdafiə Şurasının, Dövlət İmtahan Komissiyasının üzvüdür. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin tam ştatda professorudur.
Rasim Nəbiyev ölkənin ictimai-siyasi həyatında da fərqlənən ziyalılarımızdandır. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1998-ci ildən etibarən YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü və hazırda rayon təşkilatının sədr müavinidir. 2010-cu ildə parlament seçkilərində 15 saylı Yasamal birinci seçki dairəsindən YAP-ın namizədi kimi iştirak edib. Yeni Azərbaycan Partiyasının I, II, III, IV və V qurultaylarının nümayəndəsi seçilən R.Nəbiyev prezident, parlament və bələdiyyə seçkilərində, Yeni Azərbaycan Partiyasının keçirdiyi bir sıra tədbirlərdə fəal iştirakı ilə nümunə göstərilir. Yasamal rayon Ziyalılar Cəmiyyətinin sədri olan, ümummilli məsələlərdə daim prinsipial mövqedən çıxış edən Rasim Nəbiyevi cəmiyyətə daha yaxşı tanıdan amillərdən biri onun Heydər Əliyev ideyalarına, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan şəxsiyyət kimi çıxış etməsidir. Professor R.Nəbiyev Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini hər zaman geniş auditoriyalarda, toplantılar və konfanslarda ictimaiyyətin diqqətinə çatdırır, Heydər Əliyev irsinin tədqiqi və təbliğinin əhəmiyyətini xüsusi vurğulayır.
Elmi-pedaqoji və ictimai-siyasi sahədəki fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik missiyasını da ləyaqətlə yerinə yetirən professor Rasim Nəbiyev şəhid və qaçqın ailələrinə, qocalara və əlillərə maddi və mənəvi kömək göstərilməsini həmişə savab iş sayıb. O, respublikamızda zəruri ehtiyac duyulan onlarca elmi əsərin, dərsliklərin çap olunmasına himayədarlıq edib. Bu əsərlərdən biri də “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”dir. Bu əsərin giriş hissəsində akademik Budaq Budaqovun yazdığı sözləri xatırlatmaq yerinə düşər: “Bu əsər... onun ilkin variantında yazılması üçün lazım olan maliyyə xərclərini öhdəsinə götürmüş Rasim Nəbiyevin qayğısı sayəsində ortaya çıxmışdır. R.Nəbiyevin yüksək vətəndaşlıq qeyrətini gələcək nəsillər, şübhəsiz ki, minnətdarlıqla xatırlayacaqlar”.
Təhsil sahəsində və ictimai fəaliyyətində qazandığı uğurlara görə Rasim Nəbiyev Yusif Məmmədəliyev adına mükafata, Təhsil Nazirliyinin və YAP Mərkəzi Aparatının fəxri fərmanlarına layiq görülüb, dəfələrlə təşəkkürnamə alıb. Eyni zamanda, 2013-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü seçilib, Uluslararası Ödül Komitəsinin 10 iyun 2013-cü il tarixli qərarı ilə türk dünyası elmi və təhsili qarşısındakı xidmətlərinə görə “Uluslararası Altın Ulduz” medalı ilə təltif olunub.
Rasim müəllimin ən böyük mükafatı isə yetişdirdiyi tələbələrin və onların valideynlərinin hörməti, məhəbbətidir. Onun xətrini iş yerində, ictimaiyyət arasında, ailəsində, dostlarının yanında olduqca əziz tutur, hörmətini saxlayırlar. 3 övlad sahibi olan Rasim Nəbiyev həm də qayğıkeş ata, gözəl ailə başçısıdır.
Beləliklə, həyatının mənasını xalqına xidmətdə görən nüfuzlu elm fədaisi Rasim Nəbiyev 70 illik yubileyi ərəfəsində, sözün əsl mənasında, ömrünün kamillik zirvəsindədir. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, həssaslıq, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan professor Rasim Nəbiyev həmkarları, tələbələri, onu tanıyanlar tərəfindən daim sevilib, sevilir və seviləcək. Zəngin mənəviyyatı, geniş dünyagörüşü və nümunəvi ağsaqqal davranışı ilə hər zaman fərqlənən dəyərli ziyalımız Rasim Nəbiyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi, ictimai-siyasi fəaliyyətində yeni və daha böyük nailiyyətlər arzu edirik!
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31