Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində

Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində

17.06.2021 [13:13]

Mənəvi dəyərlərlə müasirliyin tendensiyası bəşəri tərəqqinin ən əsas amillərindən biri hesab edilir. Bu vəhdət cəmiyyətin siyasi, sosial və mədəni inkişafında, münasibətlərin formalaşmasında zəmin rolu oynayacaq qədər böyük əhəmiyyətə malikdir desək, yanılmarıq. Azərbaycan dövləti də XX əsrin sonunda ikinci dəfə öz müstəqilliyini elan etməklə həm də mənəvi sferada bir azadlıq əldə etmiş oldu. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli Liderimiz Heydər Əliyev nəinki Azərbaycanımızı müstəqil dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi, həm də yaranan gərginliklərin, baş verən mürəkkəb və ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi azadlığa qovuşmasını təmin etdi. Azərbaycanın ən ağır günündə yenidən millətinin və dövlətinin xilasına yeganə ümid işığı olan Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızda vicdan azadlığının təmini ilə bağlı maddənin yer alması milli-mənəvi irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı, vasitəçi oldu.

2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması isə dövlət-din münasibətlərinin formalaşmasında əsaslı bir addıma çevrildi. Dövlət Komitəsi ötən 20 illik fəaliyyəti ərzində dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, Azərbaycanın tolerantlıq ənənələrinin, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, ölkəmizdə radikallığa və ekstremizmə qarşı ideoloji müstəvidə mübarizə ilə bağlı kompleks tədbirlər həyata keçirib. Fəaliyyətini həm də dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi üzərində quran Komitə əsas istiqamətlərdən biri kimi maarifləndirmə sahəsində də çoxsaylı tədbirlər həyata keçirməkdədir. Komitə tərəfindən cəmiyyətimizin maarifləndirilməsi məqsədilə müxtəlif sənədli filmlər, videoçarxlar çəkilib, kitab, broşür və digər çap məhsulları hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu təsis edilib. Eləcə də ölkə başçısının 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bir daha dövlət-din münasibətlərinin yeni müstəvidə inkişafına töhfə sayıla bilər.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin inkişafından bəhs edərək bildirib ki, kataklizmlərlə dolu dünyamızda cəmiyyətin mənəvi dəyərlərinin qorunması və inkişafı olduqca mühüm məsələlərdəndir. Dünyanın əksər ölkələrində din və cəmiyyət, eləcə də din və dövlət münasibətlərində problemlərin müşahidə olunduğunu, hətta kəskin ziddiyyətlərin meydana çıxdığını bildirən millət vəkili Azərbaycanda dinin birləşdirici funksiya daşıdığını və milli vəhdətimizin mühüm elementi rolunda çıxış etdiyini diqqətə çatdırıb. C.Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, bütün sahələrdə olduğu kimi, din-dövlət münasibətlərinin tənzimlənməsində də dəyişikliklər baş verdi. Sovet imperiyasının uzun illər tətbiq etdiyi dini qadağaların, eləcə də dini bayramların və dini ritualların qeyd edliməsində maneələrin tam aradan qaldırılması, ölkəmizdəki dini-tarixi abidələrin bərpa edilməsi, ən əsası isə 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyasında vətəndaşların vicdan azadlığının təmin olunması məhz yeni dövrdə yeni münasibətlər sistemini yaratdı: "Belə bir zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitə 20 ildir ki, olduqca mühüm və məsuliyyətli bir sahədə uğurla fəaliyyət göstərir. Vurğulandığı kimi, Komitənin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması ilə bağlıdır. O cümlədən dünyanın multikulturalizm və tolerantlıq nümunəsi sayılan Azərbaycanda bütün dinlərin, cərəyanların daşıyıcılarının normal münasibətlərinin formalaşmasına, onların öz fəaliyyətini ölkə qanunvericiliyinin tələbləri əsasında qurmasına nəzarət edən, bu istiqamətdə əsaslı tədbirləri və layihələri ilə yadda qalan Komitə səlahiyyətləri çərçivəsində dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşması, bu siyasətin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatına alınması, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə uğurlu fəaliyyət göstərir".

Millət vəkili onu da vurğulayıb ki, Komitə fəaliyyət göstərdiyi illər ərzində dini ənənələrin, dözümlülüyün qorunması, dini mühitdəki radikal elementlərin qarşısının alınması, dini qurumların dövlət qeydiyyatı məsələsinin təkmilləşdirilməsi və prosesin sürətləndirilməsi, dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparılması və yayılmasına müvafiq nəzarətin həyata keçirilməsi istiqamətində də mühüm işlər görüb. Bundan başqa, dini qurumların fəaliyyətinin milli dövlətçilik maraqlarına və cəmiyyətin sosial problemlərinin həllinə cəlb edilməsi, dini maarifçilik işinin düzgün metodlarla təşkili və gücləndirilməsi, dini sahədə qanunvericiliyin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycanın dövlət-din münasibətləri modelinin beynəlxalq aləmdə təbliğ olunması kimi mühüm məqamlar Komitənin fəaliyyətinin əsas prioritetlərini təşkil edib. "Aparılan uğurlu fəaliyyətin nəticəsi idi ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün dinlərin daşıyıcıları bir yumruq kimi birləşərək işğal altındakı torpaqlarımızın azadlığı uğrunda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübarizəyə qalxdı. Bu, bir daha ölkəmizdə dövlət-din münasibətlərinin yüksək olmasını və fərqli dinlərin daşıyıcılarının dostluq, qardışlıq mühitində inkişaf etdiyini göstərir", - deyə C.Məmmədov əlavə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova isə bildirib ki, Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi, vicdan azadlığının təmin edilməsi, milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılması, tarixi-dini abidələrimizin bərpası sahəsində uğurlu yol keçib. Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərinin əvəzsiz olduğunu vurğulayan E.Kərimova bu sahədə atılan tarixi addımlardan birinin məhz  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 21 iyun 2001-ci ildə Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Dövlət Komitəsinin qarşısında Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, dini etiqad sahəsində maarifləndirmə işinin təşkil olunması, zərərli cərəyanların fəaliyyətinə qarşı mübarizə aparılması və digər vəzifələr qoyulub. Bundan başqa, E.Kərimova bildirib ki, DQDİK həm də Prezident İlham Əliyevin 2016-cı il "Multikulturalizm İli" və 2017-ci il "İslam Həmrəyliyi İli" ilə bağlı Tədbirlər planlarına uyğun olaraq qarşısına qoyulan bütün məqsəd və vəzifələri müvəffəqiyyətlə yerinə yetirib. Belə ki, qeyd olunan illərdə dini radikalizm və ekstremizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmənin təşkili, dini qurumlarla əməkdaşlıq və s. istiqamətlərdə uğurlu işlər həyata keçirilib. "Dövlət Komitəsi ötən müddət ərzində qanunvericiliyə uyğun olaraq, dini icmaların fəaliyyətinin təşkilində, dini maarifləndirmə işinin həyata keçirilməsində, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət göstərib. Eyni zamanda, ölkədə dini sahənin öyrənilməsi, radikal, o cümlədən qeyri-ənənəvi cərəyanların mənsublarının, məzhəbçiliyi, dini dözümsüzlüyü təbliğ edən qüvvələrin fəaliyyət istiqamətlərinin araşdırılması, bu yöndə zərərli tendensiyaların müəyyən edilməsi, ölkəmizə kənardan olan dini təsirlərin və s. öyrənilməsi və dini mühitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərlər görüb. Həmçinin Komitə tərəfindən dini və məzhəb zəminində ayrı-seçkilik, tolerant ənənələrə zidd, milli-mənəvi dəyərlərimizlə uzlaşmayan, radikallığı və ekstremizmi təbliğ edən zərərli dini ədəbiyyatın aşkarlanması, onların ölkəyə idxalının və nəşrinin qarşısının alınması istiqamətində fəaliyyət bu gün də uğurla davam etdirilməkdədir", – deyən şöbə müdiri onu da əlavə edib ki, Azərbaycanın dövlətçilik tarixində dini sahədə qəbul edilmiş ən mühüm qərarlardan biri də məhz DQİDK-in tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olub. Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsis olunmuş Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas hədəfləri ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, xeyriyyəçilik ənənələrinin dirçəldilməsi, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsidir. Bu günədək Fond mənəvi dəyərlərimizin təbliği, şəhid və əlil ailələrinə yardımların göstərilməsi, genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti və rəsmi din xadimlərinə maddi dəstək verməklə üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışıb.

Pərviz SADAYOĞLU

"Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə "Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur"

Paylaş:
Baxılıb: 803 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31