Turizm cənnəti Antalya xarici turistlər üçün ideal məkandır
03.07.2021 [09:51]
Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizm məkanı olmağa davam etmək üçün bütün tədbirləri görür
2019-cu ilin dekabrında Çində qeydə alınan və daha sonra dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası, demək olar ki, bütün həyatı iflic etdi. Məhz pandemiya səbəbindən, hətta dünyanın öndə gedən ölkələrinin iqtisadiyyatı belə ciddi zərər gördü. Pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri isə turizmdir. Çünki pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektoruna mənfi təsir göstərib.
Bu gün dünya üzrə yoluxmalarda azalma müşahidə edilsə də, pandemiya davam edir. Bununla belə, həyat da davam edir. Bu baxımdan, dünyada, o cümlədən Türkiyədə pandemiya şəraitinin mövcud olduğu bir şəraitdə turizm obyektlərinin yenidən fəaliyyətə başlaması üçün ciddi təhlükəsizlik tədbirləri görülür. Məlumat üçün bildirək ki, pandemiyaya qədər dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri Türkiyə idi.
Türkiyənin ən məhşur istirahət mərkəzləri Aralıq dənizi sahillərindədir ki, burada da əsas yeri Antalya tutur
Qeyd edək ki, Türkiyədə bütün növlər üzrə kurortlar, istirahət mərkəzləri var. Ölkənin ən məhşur kurortları isə Aralıq dənizi sahillərindədir ki, burada da əsas yeri Antalya tutur. Elə Azərbaycan və Özbəkistan KİV nümayəndələrinin Antalyaya səfərinin təşkil olunmasında da əsas məqsəd bu diyarın turizm potensialı, həmçinin hazırkı dönəmdə həyata keçirilən təhlükəsizlik tədbirləri barədə əyani məlumat vermək idi. Xatırladaq ki, səfər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə baş tutdu.
Çoxlu sayda 2, 3, 4 və 5 ulduzlu hotellərin fəaliyyət göstərdiyi Antalya daha çox yaxta gəzintiləri, Sidə, Likiya və digər qədim şəhərlərə, Düdən, Kurşunlu şəlalələrinə təşkil edilən ekskursiyaları ilə məşhurdur. Antalya barədə bir qədər sonra daha geniş məlumat verəcəyik. Hələlik isə qayıdaq pandemiya dövründə görülən təhlükəsizlik tədbirlərinə. Öncə onu qeyd edək ki, koronavirus pandemiyası müddətində Türkiyə turizm sahəsində gördüyü tədbirlərlə nümunə olub.
“Təhlükəsiz Turizm Sertifikatı” proqramının Türkiyədə tətbiq dairəsi hər keçən gün daha da genişlənir
Məsələn, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) koordinasiyası ilə turizm sektorunda çalışan işçilərin hamısı peyvəndlənib. Peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini, həmçinin peşəkar bələdçiləri də əhatə edib. Peyvəndləmə proqramı “Təhlükəsiz Turizm Sertifikatı” proqramı çərçivəsində yay mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etməyi və turizm işçiləri ilə yerli turistlərin sağlamlıq və təhlükəsizliklərini təmin etməyi hədəfləyib. Dünyanın bu sahədəki ilk və ən müvəffəqiyyətli nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikatı” proqramının Türkiyədə tətbiq dairəsi hər keçən gün daha da genişlənir. Qardaş ölkədə iyunun 10-dək 5216-sı mehmanxana, 2035-i restoran və kafe olmaqla ümumilikdə, 10457 müəssisə və nəqliyyat vasitəsinə “Təhlükəsiz Turizm Sertifikatı” verilib. COVID-19-a qarşı bütün tədbirlərin görüldüyünü təsdiqləyən sertifikat çərçivəsində xidmət göstərən turizm sektoru istirahət üçün gələnlərdə təhlükəsizlik hissi yaradır. Proqram çərçivəsində hotellərdən tutmuş restoranlara, kafelərə və transfer xidməti göstərən nəqliyyat vasitələrinə qədər kriteriyalar müəyyənləşdirilib.
Beləliklə, Türkiyə turizm müəssisələrində göstərilən xidmətin yerli və xarici turistlərin etibarını qazanmasına görə fərqlənib. Yeri gəlmişkən, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, may ayında Türkiyəni 936 282 turist ziyarət edib.
Bir sözlə, Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizm məkanı olmağa davam etmək üçün bütün tədbirləri görür və beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq. Və heç şübhəsiz ki, bu sırada yenə də turizm cənnəti olan Antalyanın ön sırada olacağı şübhəsizdir.
Türkiyənin turizm paytaxtı hesab edilən Antalya mavi dənizi və gözəl çimərlikləri ilə seçilir
Məlumat üçün bildirək ki, Antalya Türkiyənin cənubunda, Aralıq dənizinin qərb sahillərində yerləşən məşhur kurort şəhəridir. Antalya Türkiyənin əhalisinin ən sıx olduğu beşinci, sahəsinə görə isə altıncı böyük şəhəridir. Bu şəhərdə iqtisadi həyat ticarətə, kənd təsərrüfatına və turizmə əsaslanır. Antalyanın əhatə etdiyi bölgə tarixboyu bir çox mədəniyyətə sahib olub. Türkiyədə ən çox antik şəhər də məhz bu ərazidə yerləşir. Öz növbəsində, Likiya, Lidiya, Berqama, Roma, Bizans, Səlcuqlu, Osmanlı dövlətləri və son olaraq da Türkiyə Cümhuriyyətinin hakimiyyətində olan Antalya bu mədəniyyətlərin heç birində paytaxt olmayıb.
Bu şəhər mavi dənizi və gözəl çimərlikləri ilə seçilir. Yeni və tarixi hissədən ibarət olan şəhərdə Aralıq dənizi iqlimi hakimdir. Ümumiyyətlə, Türkiyənin Aralıq dəniz sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab olunur. Antalya şəhəri 1980-ci ildən sonra əlverişli iqliminə görə sürətlə inkişaf etmiş turizm bölgəsinə çevrilib. Ərazisi 1,4 min kvadratkilometr, əhalisi 2 milyondan çox olan Antalya pandemiyaya qədər il ərzində orta hesabla 10-12 milyon turist qəbul edirdi. Hər il Antalyaya Rusiya, Almaniya, İngiltərə, Hollandiya, Azərbaycan və digər ölkələrdən milyonlarla turist gəlirdi. Antalya ilin 300 günü günəşli olan, yayı isti və quru, qışı mülayim və yağmurlu şəhərdir. Türkiyənin turizm gəlirinin təxminən 35 faizi Antalyanın hesabına ödənilirdi. Ümumilikdə, Türkiyənin ildə ən çox turist çarpayısı satılan şəhəri də 65 faiz göstərici ilə məhz Antalyadır.
Beləliklə, bu cür yüksək imkanlara malik Antalya postpandemiya dövründə də turistləri qarşılamağa hazırdır. Hələlik isə pandemiyadan sonra bura ilk turist qrupları Rusiyadan gəldi. Daha doğrusu, iyunun 24-dən sonra rus turistlərin axını başıladı.
Antalya özünəməxsus arxitekturası, tarixi abidələri ilə də məşhurdur
Vurğulandığı kimi, Antalya özünəməxsus arxitekturası, tarixi abidələri ilə də məşhurdur. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır. Burada Osmanlı imperiyasına qədər olan dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş etdirilir. Xarici turistləri bu diyara cəlb edən Antalyanın təbiəti, turistlərə göstərilən yüksəksəviyyəli diqqətlə yanaşı, həm də buradakı antik şəhərlər, tarixi yerlərdir.
Elə səfər çərçivəsində ilk baş çəkdiyimiz Perge antik şəhəri də belə yerlərdən biridir. Pergenin tarixinə dair müxtəlif məlumatlar var. Bunlardan birində qeyd edilir ki, Antalya şəhərinin 18 km şərqindəki Aksu rayonunda yerləşən Perge böyük hamam və çoxsaylı fəvvarələrinə görə “Su şəhəri” də adlandırılıb. Məlumata görə, qədim Pamfiliyadakı Perge Troya müharibəsindən qaçan köçkünlər tərəfindən eramızdan əvvəl 1000-ci ildə qurulub. “Parha” adı ilə tanınan və Hitit dövründə də mövcudluğunu qoruyan şəhər, Roma dövründə Anadolunun ən inkişaf etmiş şəhərlərindən biri olub.
1946-cı ildə başlanan qazıntılar bu qədim şəhərlə bağlı çoxsaylı qiymətli tapıntıların üzə çıxmasına səbəb olub. Böyük bir Roma amfiteatrı, Roma qapısı, həmçinin şəhər divarlarının xarabalıqları, akropol və Bizans bazilikası bu tapıntılara aiddir. Bundan başqa, mərmər lövhələrlə üzlənmiş və qədim heykəllərlə bəzədilmiş məşhur Roma hamamları da Pergedə qorunub saxlanılıb. Perge şəhərinin planının əsasını biri Şərq-Qərb, digəri Şimal-Cənub istiqamətində uzanan iki əsas küçə təşkil edir. Antik Perge şəhərinin əsas təməl quruluşu olan stadion, Türkiyənin ən yaxşı qorunan qədim stadionlarından biridir. Bələdçimiz Meltem Karamete dedi ki, eramızın II əsrində tikilən stadion təxminən 12 min tamaşaçı tutumuna malik olub. Amma romalılar bu stadionda heç də futbol oynamayıblar. Meltem xanımın sözlərinə görə, burada qədimdə qladiator döyüşləri, atletika və at yarışları keçirilib. Yarışlardan öncə stadionda məşq edən idmançılar buradakı böyük hamamda çimiblər. Vurğulamaq yerinə düşər ki, qədim romalılar bu hamamda hər cür şərait yaradıbmışlar. İsti su, soyuq su olan otaqlar və s.
Liman şəhəri kimi önə çıxan Pergedə qədimdə geniş bir bazar da olub. Özü də bu bazar sayəsində Perge sakinləri zəngin həyat sürüblər. Aksu çayı vasitəsilə dünyanın müxtəlif yerlərindən bu şəhərə üz tutan xarici tacirlər çoxsaylı mallar gətirirmişlər. Bazarda çoxsaylı dükanlar olub. Meydanın ortasında isə balıqçılara yer ayrılıb.
Antalyaya səfər edən xarici turistlərin üz tutduğu tarixi məkanlar arasında ön sıralarda dayanan Pergedə eramızdan əvvələ aid mağaralara və məskunlaşmalara rast gəlinməkdədir. Antik dövrdə şəhərin əzəmətini əks etdirən digər sosial və mədəni quruluşlara düzbucaqlı planlı bir aqora, hündür qüllələr, abidəli fəvvarələr və bir də Roma qapısı daxildir. Roma qapısı da eramızın ikinci əsrində tikilib. Meltem xanım dedi ki, bu qədim abidənin bir sirri var. Ortadakı iki daşı götürsən, bütün qapı divarları dağılar.
Roma qapısının üzərinə çəkilmiş akantus isə qədimdən yunanlar və romalılar tərəfindən bərəkət çiçəyi kimi dəyərləndirilirmiş. Bir də, Pergedə əksər daşların üzərində akantusla yanaşı, yumurta rəsminə rast gəlmək mümkündür. Meltem xanımın sözlərinə görə, qədim romalılar yumurtanı da bərəkət simvolu kimi qəbul edirmişlər.
Bakıdakı İçərişəhərin “əkiz qardaşı” Qalaiçi...
Səfər çərçivəsində baş çəkdiyimiz növbəti məkan Qalaiçi adlanan qədim şəhər oldu. Bu qədim şəhərin özəllikləri barədə məlumat verməzdən öncə bir məqamı vurğulamağı borc bilirəm. Qalaiçi dar və dolambaclı küçələri, qədim evləri, qədimlikdən güc alan kiçikçaplı alış-veriş nöqtələri və turistləri razı salan kiçik, lakin ekzotik auraya malik restoranları ilə Bakıdakı İçərişəhəri xatırladır. Əslində, Qalaiçini bu özəlliklərinə görə Bakıdakı İçərişəhərin “əkiz qardaşı” da adlandırmaq olar.
Antalyada turist axınının daha çox qeydə alındığı bölgə də məhz Qalaiçidir. Bu da səbəbsiz deyil. Əvvəla, bələdçimiz Meltem xanımın bildirdiyi kimi, təkcə yay mövsümündə deyil, ilin 365 gününü Qalaiçini gəzmək mümükündür. Əgər dəyərli oxucularımızdan Antalyaya yolu düşənlər olsa, ilk növbədə, Qalaiçini görmələri məsləhətdir.
Digər tərəfdən, Antalyanın görməli yerlərinin əksəriyyəti də, demək olar ki, bu ərazidə yerləşir. Buradakı evlərin çoxu mehmanxana və restorana çevrilib. Yivli minarə isə Antalyanın simvolu hesab edilir. Hündürlüyü 39 metrə çatan abidə 1230-cu ildə Sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Binanın gövdəsi kərpic və firuzə rəngli plitələrdən ibarətdir. Gövdəsində olan 8 yarımsilindrik forma bu minarəni misilsiz edir. Bir sözlə, 8 yivi var və yivlərinə görə Yivli minarə kimi populyarlaşmışdır. Səlcuqlu dekorativ sənətlərində böyük məna kəsb edən “səkkiz guşə” və ya “səkkiz nömrə”ni tez-tez görürük. Bu xüsusiyyəti Yivli minarədə də görürük.
Qalaiçində əsası XIX əsrdə qoyulan Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları şəhər sakinlərinin və qonaqların sevimli istirahət məkanlarıdır.
Tarixin müxtəlif dönəmlərində müxtəlif imperatorluqların nəzdində sürətlə böyüyən Qalaiçi 1207-ci ildən etibarən türklərin nəzarətinə keçib. Anadolu Səlcuqlu dövlətinin hökmdarı I Qiyasəddin Keyxosrov tərəfindən ələ keçirilən Qalaiçi qısa müddət sonra itirilsə də, 1216-cı ildə Anadolu Selçuqlu Sultanı I İzzəddin Keykavus tərəfindən yenidən fəth edilib. Qalaiçinin həm daxildən, həm də xaricdən at nalı şəklində olan divarlarının 2000 illik yaşı var.
Hər biri ayrı gözəlliyə sahib 3000-ə qədər ev Qalaiçinin inciləridir. Burada əksər evlər ikimərtəbəlidr. Lakin üçmərtəbəli evlər də var. Antalyaya səfər edib, qədim şəhərdə qalmaq istəyənlər bu evlərdə kirayə qala bilərlər. Qalaiçi evləri rəngarəng boyaları və bir çox özəllikləri ilə minlərlə turistə xidmət edir. Qalaiçinin bir başqa özəlliyi isə etnik tərkibi ilə bağlıdır. Belə ki, əsrlərboyu Qalaiçində fərqli din, dil və irqə məxsus insanlar dostcasına yaşayıb, hazırda da yaşayırlar.
Qalaiçinə gələn turistlər burada bir sıra maraqlı muzeylərə də baş çəkə bilərlər. Ən nəhayət, bu qədim şəhəri gəzdikdən sonra limana düşüb, balıq yemək də məsləhətdir. Yəni siz həm gözəl dəniz mənzərəsini seyr edə, həm də yaxşı nahar edə bilərsiniz.
Aspendos teatrı kiçik Asiyada romalılar tərəfindən inşa edilən ən böyük teatrlardan biridir
Antalyanın təqribən 50 kilometr şərqində yerləşən Aspendos antik şəhəri də ziyarətə gələn turistlərin diqqətini çəkən ən böyük tarixi yerlərdən biridir. Pandemiyaya qədər hər il minlərlə yerli, xarici turist Aspendosu ziyarət edirmiş. E.ə. X əsrdə Akalar tərəfindən qurulmuş Aspendos antik dövrün çox zəngin şəhərlərindən biri olub. Şəhər biri böyük, biri kiçik iki təpə üzərinə qurulub.
Bələdçimiz Hasan Çalışkan dedi ki, Aspendosun ən əhəmiyyətli abidəsi teatrıdır. Buradakı Aspendos teatrı kiçik Asiyada romalılar tərəfindən inşa edilən ən böyük teatrlardan biridir. II əsrdə inşa edilmiş, Roma imperatorluğunun ən böyük memarlıq əsərlərindən biri olan Aspendos teatrı Serik ilçəsinin Belkis kəndi ərazisində yerləşir. Memarı Aspendoslu Teodorusun oğlu Zenondur.
Onu da xüsusi olaraq vurğulayaq ki, bu binanın restavrasiya olunmasına Mustafa Kamal Atatürkün göstərişindən sonra başlanılıb. 1930-cu ildə Antalyaya səfəri çərçivəsində Aspendos antik şəhərini də ziyarət edən Mustafa Kamal Atatürk belə bir göstəriş verir: “Bu teatrı restavrasiya edin. Ancaq qapısına kilid vurmayın. Burada tədbirlər keçirin”.
Dahi Atatürkün həmin göstərişindən sonra qədim teatra yeni həyat verilib. Restavrasiyadan sonra yeni həyatına qədəm qoyan bu ecazkar bina hər il Aspendos Opera və Balet Festivalına ev sahibliyi edir.
Yeri gəlmişkən, turistlər daha çox teatrı görmək üçün buraya gəlsələr də, digər ecazkar yerləri də səyahət edirlər. Bu sıraya Aspendosun şimalındakı akropol təpə, möhtəşəm bir qədim su kəməri və bir-birinə bağlanan iki su qülləsinin qalıqları da daxildir.
Tarixə şahidlik etmiş Side antik şəhəri
Antalyada turistlər üçün cəzbedici məkanlardan biri isə Belekdən 44 kilometr cənub-şərqdə yerləşən Side antik şəhər-muzeyidir. Burada bəzi binaların ən azı 2 min illik tarixi var. Apollon məbədinin xarabalıqları, böyük bir Roma amfiteatrı, liman hamamları, bazilika xarabalıqları və arxeoloji muzey bu yeri daha da maraqlı edir. Bələdçilərimizin məlumatlarına əsasən, antik dönəmdə Pamfilyanın ən önəmli liman şəhəri olan Side, Antalyanın 80 kilometr şərqində, Manavqatın 7 kilometr cənub-qərbində yerləşən 350-400 metr genişliyində bir yarımada üzərində qurulub.
Side eramızdan əvvəl VII əsrdə bir yaşayış mərkəzi olub. Eramızdan əvvəl VI əsrdə bütün Pamfilya ilə birlikdə Lidya Krallığının, Lidya Krallığının çöküşündən sonra isə farsların nəzarətində olub. Həmin dövrdə müstəqilliyi bir formada qoruyan şəhərin adına qızıl sikkə buraxılıb. Böyük İsgəndərin Anadolu səfərində heç bir dirəniş göstərmədən qapılarını Makedonya kralına açan Side daha sonralar İsgəndərin qurduğu böyük sikkə zərbxanalarından biri olub. Uzun zaman Roma imperiyasının tərkibində olan, ticarət və liman şəhəri olaraq tanınan Sidenin qalıqları üzərində XX əsrin əvvəllərində Giritli köçkünlər tərəfindən Selimiye kəndi qurulub. Onu da qeyd edək ki, tarixi kompleksdə bir çox restoran və mağaza var. Buraya gələn turistlərə, həmçinin yaxta turları və paraşütlə tullanma təklif olunur.
Səfər zamanı baş çəkdiyimiz “Əfsanələr diyarı” və Antalya Akvariumu da turistlərin gözəl vaxt keçirməsi üçün maraqlı məkanlar sırasındadır.
Sonda qeyd edək ki, Antalya komfortlu və sakit istirahəti sevənlərlə yanaşı, çılğın həyatı sevən turistlər üçün də möhtəşəm məkandır. Kemer, Alanya və Side gecə həyatı, rəngarəng əyləncələri ilə yay boyu hər kəsə möhtəşəm anlar yaşadır.
Nadir AZƏRİ
Bakı-Antalya-Bakı
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

