Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Günvurma təhlükəsi ilə üzləşməmək üçün...

Günvurma təhlükəsi ilə üzləşməmək üçün...

13.07.2021 [08:35]

Həkimlər məsləhət görür ki, günəş şüalarının daha aktiv olduğu saatlarda küçəyə çıxmamaq lazımdır
Hazırda bəşəriyyətdə baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında hədsiz isti günlərin sayının artmasıdır. Məhz bu isti günlərin fonunda yay mövsümündə ən çox müşahidə edilən hallardan biri də günvurmadır. Həkimlər bildirirlər ki, günün çox hissəsini açıq havada keçirmək, günəş altında fasiləsiz şəkildə fiziki işlə məşğul olmaq insanı günvurma təhlükəsi ilə üz-üzə qoyur.
Öz növbəsində, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib ki, gündüz saatlarında günvurma və istivurma təhlükəsi bir qədər də artır. Onun sözlərinə görə, günvurma, adətən, günün qızmar vaxtlarında 11:00-17:00 aralığında baş verir: “Ona görə də vacib olmadığı halda, bu saatlarda küçəyə çıxmamaq lazımdır. Eyni zamanda, vətəndaşlar zəruri hallarda evdən çıxmağa məcbur qaldıqda, ilk növbədə, səhhətlərinə və geyimlərinə diqqət yetirməlidirlər. Belə ki, baş örtüklərindən və gün eynəklərindən istifadə vacibdir. Həmçinin vətəndaşlara isti aylarda bol su qəbul etmək tövsiyə olunur”.
Günvurma zamanı zərərçəkənə göstərilməsi zəruri olan ilk tibbi yardım tədbirləri barədə də danışan həkim deyib ki, ilk növbədə, günəşin təsirinə məruz qalan xəstəni sərin və kölgəli yerə çəkmək, üst geyimlərini yüngülləşdirmək lazımdır. Bədən hərarətini aşağı salmaq üçün ona soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək lazımdır: “Günvurma dərəcəsinə görə 3 növ olur: yüngül, orta və ağır. İlkin simptomlar arasında başda ağrılar, göz önündə qara nöqtələrin gəzişməsi, ürəkbulanma müşahidə edilir. Lakin xəstə həkimə müraciət etməsə və dincəlməsə, ağırlaşma baş verə bilər. Ağırdərəcəli günvurma zamanı qusma, eşitmənin pozulması, sinirmənşəli əlamətlər ortaya çıxır, xəstə huşunu itirir. Bu, daxili orqanların funksiyasının pozulması deməkdir. Belə olan halda, xəstə stasionara yerləşdirilməzsə, onun ürək-damar sistemində və böyrəklərində problemlər yarana bilər ki, bu da, öz növbəsində, tənəffüs çatışmazlığına səbəb olar. Nəticədə, xəstə günvurmadan həyatını itirə bilər”.
Sonda onu da qeyd edək ki, 30 iyun-5 iyul tarixlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardıma, ümumilikdə, 28 nəfər günvurma ilə müraciət edib. Məlumata əsasən, bəhs edilən dövrdə Bakıda 1-i uşaq olmaqla 9 nəfərdə günvurma müşahilə olunub. Böyüklərdən 3 nəfər hospitalizasiya edilib, 5 nəfərə isə yerində yardım göstərilib. Bildirilib ki, günvurma şikayəti ilə müraciəti qeydə alınan uşağa yerində yardım göstərilib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31