Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Son peşmanlıq fayda verməz!

Son peşmanlıq fayda verməz!

23.09.2023 [15:32]

Ölümə aparan arıqlama kofeləri…

Y.BAYRAMOVA

Gözəl və formada olmaq hər bir qadının arzusudur. Amma yəqin ki, bu gözəllik uğrunda ölümlə nəticələnəcək yollara üz tutmağı heç kim istəməz. Düzdür, “gözəllik qurban tələb edir” deyiblər. Lakin bu fədakarlıq insanın sağlamlığına fəsad verib onun həyatına son qoyulması, ya da xəstəliklərlə nəticələnməməlidir.

İdman və pəhriz saxlamaq kimi sağlam yollar olsa da, tənbəllik edən bir çox xanımlar daha asan üsullara əl atır. Arıqlama çayları, kapsulları barədə çox yazmışıq. Bu dəfə isə bir müddətdir sosial şəbəkələrdə, küçədə reklam lövhələrində davamlı reklam olunan arıqlama kofelərindən bəhs edəcəyik.

Təəssüf ki, bəzi insanlar bu arıqladıcı məhsullardan istifadənin qarşılığını həyatları ilə ödəyir. Maraqlısı da budur ki, həmin məhsulları məşhurlaşdırıb reklam edənlərin bir çoxu məşhur müğənnilər və digər tanınmış simalardır. Bu məhsulları reklam edənlər bilmirlər ki, bir məhsulu milyonlarla insana tövsiyə etməmişdən öncə onu araşdırmaq lazımdır? Görünən odur ki, pul qazanmaq, reklamlarla varlanmaq həvəsi insanların gözünü kor edib. 

Bu zərərli pəhriz məhsulları toz, tablet, çay, kofe və ya digər formalarda ola bilər. Ən son variantı isə kofedir. Kofenin maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək etdiyini bilirik. Bəlkə də bu səbəbdən son zamanlar arıqlama kofeləri daha çox dəbdədir. Lakin unutmayaq ki, bunlar marketlərdə satılan və ya kafedə sifariş etdiyimiz qəhvə növləri deyil. Bu qəhvələr ölümə apara bilər. Mütəxəssislər qəhvə, çay və ya kapsul şəklində olan arıqlama və pəhriz məhsullarının heç bir arıqlama təsirinin olmadığını bildirir. Təsirlərinin qısa müddətli olmasına baxmayaraq, həmin məhsullar qaraciyər və ya böyrəklərə zərər verə, ciddi fəsadlara səbəb ola bilər.

Məlumat üçün qeyd edək ki, son zamanlar bu məhsulların bir sıra Qərb ölkələrində qadağan olunduğunun şahidi oluruq.

Psixotrop preparatlardan hazırlanır…

Həkim-terapevt Elxan Şəfiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dəb halına çevrilmiş arıqlama eşqi xüsusilə də, tənbəl insanların gözünü qaraldıb. Belə ki, onlar doğru-düzgün kilo vermək əvəzinə, yəni vaxtlı-vaxtında idmanla məşğul olaraq qida rasionunda düzgün bir pəhrizlərə riayət etməkdənsə, daha tez effekt ala biləcəyi dərman preparatlarına, arıqlama kofelərinə üz tuturlar: “Lakin unudurlar ki, bu kofelərin uzaq və yaxın gələcəkdə verə biləcəkləri yan təsirləri, fəsadları, ağırlaşmaları və yarada biləcək xəstəliklər orqanizm üçün fəsadlarla nəticələnə bilir. Çünki bu dərman preparatlarının bir çoxları qeyri-qanuni laboratoriyalarda istehsal olunur, onların tam tərkibi, instruksiyaları dəqiqliklə göstərilmir. Dəfələrlə şahidi olmuşuq ki, bir çox bu kimi preparatların tərkibi düzgün labaratoriyada araşdırıldıqda onların tərkibində metamfetamin, flyuksetin kimi psixotrop antidepressant preparatlar var. Metafarmin, sildenafil kimi kimyəvi preparatlar da var ki, bunlar bir çox xəstəliklərin müalicəsində həkim tərəfindən diqqətlə, yüz ölçülüb bir biçilən dərmanlar siyahısındadır. Ona görə də bu kimi kofelərin istifadəsi orqanizmə ciddi şəkildə təsir göstərə bilir. Bu təsirlər birinci növbədə həzm sistemində olur. Belə ki, mədə-bağırsaq sistemində mədə-bağırsaq qanamaları, həzm prosesinin pozulmaları, bağırsaq mikroflorasının pozulması, xüsusilə də, disbakteriozun olması baş verir. Uzun müddət sürdüyü zaman bağırsaq çatları olur, hansı ki artıq konservativ medikamentoz yolla müalicə olunmur, bunlarda birbaşa cərrahi əməliyyatlara göstəriş verilir”.

Nevroloji psixomatik xəstəliklərə səbəb olur

Həkim qeyd edib ki, arıqlama kofelərinin tərkibində olan bir çox psixotrop maddələr ciddi şəkildə asılılıq yaradır, sonra insanlar həmin kofelərdən istifadə etmədikdə bir çox nevroloji psixomatik xəstəliklərlə üzləşirlər: “Çünki bu cür insanlar həmin qida əlavələrinin tərkibini bilmədikləri üçün adətən həkimə də bu barədə demirlər. Xəstəliklərlə rastlaşdıqları zaman artıq araşdırmasına da düzgün diaqnozun tapılması üçün çox böyük bir vaxt lazım olur. Bu da təbii ki, düzgün müalicənin tətbiq olunmasında da zaman kəsiyi qismində çox uzadıldığı üçün müalicənin effektivliyi həm uzanmış, həm azalmış olur.

Bütün bunları nəzərə alaraq insanlarımıza doğru-düzgün pəhrizlərlə arıqlamağı tövsiyə edirəm. Bunun üçün qida rasionumuzdan karbohidratları, yəni şirniyyatları çıxarmamız lazımdır. Daha çox zülal və proteinli qidalardan istifadə etməliyik”.

Biznes maraqları…

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova isə bildirib ki, ümumiyyətlə, arıqlama kofeləri biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır: “Bu zaman istehlakçıları aldatdıqları və ən çox istifadə etdikləri üsul bunların bitki mənşəli olması ilə bağlıdır. Unutmayın ki, bir məhsulun bitki mənşəli olduğunu demək onun hər zaman faydalı olduğunu göstərmir. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, yan təsirləri də var. Əgər bitki mənşəli hər hansı bir çay insanlarda arıqlamaya səbəb olursa, bu, insan orqanizminin təbii prosesinin müdaxilə yolu ilə pozulması deməkdir. Çünki bunlar insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, yaxud qusma halları yaradır. Bu da orqanizmdən vitamin və mineralların yuyulub getməsi, eyni zamanda bağırsaq mikroflorasının pozulması ilə nəticələnir. Belə olan halda insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avtoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur”.

1 ayda 7-8 kilo çəki atılırsa…

M.Hüseynovanın sözlərinə görə, gənc xanımlar ana olmadan öncə belə kofelərdən istifadə edirsə, bu zaman orqanizmin zədələnməsinə və dünyaya gələcək körpənin xəstə doğulmasına  səbəb olur: “Həmçinin, xərçəngə, diabetə və mədəaltı vəzinin tamamilə sıradan çıxmasına səbəb olur. Çünki süni müdaxilələr orqanizmə zərərlidir.

Bu məhsullar daha çox reklamlarla satılır. Onların harada istehsal olunduğu, mənşəyi bəlli olmadığı və istehsalçı şirkət haqqında məlumat olmur. Bu zaman da istifadəçilər hara və kimə müraciət edəcəyini bilmir. Fəsadlarla qarşılaşdıqdan sonra isə demək olar ki, gec olur.

Əgər çəkimizi normada saxlamaq istəyiriksə, mütləq sağlam qidalanmağa, gündəlik həyat tərzinə, yuxu rejiminə və fiziki aktivliyimizə diqqət edək. Çünki yalnız bu yolla sağlam çəkini saxlamaq olar. Qalan digər vasitələrin mütləq şəkildə fəsadları olacaq.

Bir insan 1 ayda 7-8 kilo çəki atırsa, bu orqanizmdə əzələ itkisində və dəri sallanmasına səbəb olur. Bunlar da qarşısıalınmaz problemə çevrilir”.

Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31