İkinci Azərbaycan-Britaniya Siyasət Forumunda mühüm məsələlər müzakirə olunub
Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək nailiyyətlər əldə olunub.
Qeyd edək ki, ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən ?arici ?şlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu (All Party Parliamentary Group on Azerbaijan) təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib.
İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandığı vaxtdan etibarən SOCAR və BP arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.
Bundan başqa, 2018-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində BP ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənilməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Eyni zamanda, 2024-cü ilin iyulunda Prezident İlham
Əliyevin Böyük Britaniyanın Baş nazirinin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə oldu.
Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətləri də dəfələrlə Azərbaycanda səfərdə olub. Bu səfərlər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə yeni impuls qazandırır.
İki ölkə arasında əlaqələrin əhəmiyyəti bugünlərdə Londonda keçirilən İkinci Azərbaycan-Britaniya Siyasət Forumunda səsləndirilib. Britaniyadan və Azərbaycandan 70-ə yaxın diplomatı, ictimaiyyət nümayəndəsini, biznes nümayəndələrini bir araya toplayan Forumun açılış sessiyasında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən, Britaniya parlamentinin Lordlar Palatasının üzvü, hazırkı Leyborist hökumətində keçmiş nazir Lord Vajid Xan, bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycan-Böyük Britaniya münasibətləri özünün ən güclü dövrünü yaşayır.
Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov bildirib ki, Azərbaycan və Britaniya münasibətləri zamanın sınağından keçib. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərarı da mövcud etibarlı tərəfdaşlığın məntiqi davamıdır.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Norman Dunkan videoçıxışında yorumun olduqca əhəmiyyətli bir vaxtda - Azərbaycan və Britaniya arasında strateji tərəfdaşlığın sürətlə inkişaf etdiyi və iki ölkə arasında müxtəlif sahələr üzrə daha dərin əməkdaşlığa imkan yaratdığı bir vaxtda keçirilməsinin önəminə diqqət çəkib.
Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən Azərbaycana səfərlərini yada salıb. 2023-cü ildə ölkəmizə baş tutan səfəri zamanı azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə yaxından tanış olmaq imkanının yarandığını deyib. Bu xüsusda o, Britaniyanı Azərbaycanda mina fəaliyyətinə dəstək verməyə davam etməyə səsləyib.
Hakim Leyboristlər partiyasından Britaniya parlamentinin Lordlar Palatasının üzvü, həmçinin parlamentdə Azərbaycan üzrə Qrupun üzvü Lord Vajid Xan Azərbaycanla bağlı müşahidə etdiyi ən vacib məqamın Azərbaycanın öhdəsinə götürdüyü bütün vədləri yerinə yetirməsinin olduğunu deyib. O, dünyanın yaşıl keçiddən danışdığı dövrdə Azərbaycanın bu xüsusda konkret addımlar atdığını, layihələr həyata keçirdiyini, COP29 tədbirini uğurla təşkil etdiyini söyləyib. bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə iki ölkə arasında ənənəvi və alternativ enerji sahəsində həyata keçirilən layihələrdən bəhs edərək, Azərbaycan-Britaniya münasibətlərinin son üç onillikdən uzun bir müddətdə dəyişən reallıqlar fonunda uğurla təkamül etdiyini vurğulayıb.
Açılış sessiyasından sonra tədbir panel müzakirələr formatında davam edib. Regional təhlükəsizlik kontekstində ikitərəfli münasibətlərə həsr olunan birinci panelə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Panel iclasda müvafiq geosiyasi reallıqların, kritik minerallarla bağlı ehtiyacların, Mərkəzi Asiya və Azərbaycanı birləşdirən C6 formatında əməkdaşlığın, Orta Dəhlizin, müdafiə və təhlükəsizlik mühitinin Azərbaycan-Britaniya münasibətlərini necə şəkilləndirdiyi müzakirə edilib.
XLinks, Yaşıl Enerji Dəhlizi Şirkəti (GECO), Yaşıl Dəhliz Alyansının mütəxəssislərinin iştirakı ilə keçirilən Forumun ikinci paneli isə Azərbaycan və Britaniya arasında enerji əməkdaşlığının təkamülü - regional interkonnektor təşəbbüslərinin müzakirəsinə həsr olunub.
Tədbirin bağlanış hissəsində Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tərəfdaşlıqlar üzrə rəhbəri Nərgiz İsmayılova çıxış edərək ?orumun iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərinə nəzər salan əlverişli platforma təşkil etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün qarşılıqlı imkan və marağın mövcud olması ?orum iştirakçılarının yekdil mövqeyidir.
Nardar BAYRAMLI