100 il öncə Bakıdan gələn səs...

100 il öncə Bakıdan gələn səs...

Televiziya və radio işçilərinin bayramıdır

Bir vaxtlar radionun səsi evlərdə ən doğma səslərdən biri idi. Günün xəbərlərini öyrənmək, sevilən mahnıları dinləmək üçün insanlar radio qarşısına toplaşardılar. Sonra həyatımıza televiziya daxil oldu. Kiçik ekranlarda böyük hadisələr canlandı, sevincli anlar, tarixi günlər, unudulmaz çıxışlar milyonlarla tamaşaçının gözü qarşısında yaşandı. Bu gün isə bütün bunlar bir toxunuşla əlçatandır. Dəyişən yalnız texnologiya, yayım imkanları və zamanın tələbləridir. Radio və televiziyanın həyatımızda tutduğu yer isə özünəməxsusluğu ilə seçilir.

1926-cı il noyabrın 6-da Bakının küçə və meydanlarında quraşdırılmış reproduktorlardan eşidilən “Danışır Bakı!” ifadəsi ölkəmizin media tarixində yeni mərhələnin başlanğıcı oldu. O gün sadəcə radio yayımı başlamadı, Azərbaycan cəmiyyətinin dünyaya açılan yeni bir informasiya pəncərəsi yarandı. Bu il həmin tarixi hadisədən düz 100 il ötür. Bir əsrlik radio yoluna, 70 illik televiziya təcrübəsinə nəzər saldıqda qarşımızda yalnız texniki inkişafın deyil, bütöv bir xalqın ictimai, mədəni və mənəvi həyatının salnaməsi canlanır.

Bir əsr əvvəl başlayan böyük yol

20-ci əsrin əvvəllərində radio dünyada yenilik hesab olunurdu. İnsanların uzaq məsafələrdən səs eşitməsi, xəbərləri operativ şəkildə alması, musiqini və müxtəlif verilişləri eyni vaxtda dinləməsi həyatın informasiya ritmini dəyişdirirdi. Azərbaycan da bu yeniliyin bir parçasına çevrildi.

İlk verilişlər o dövrün texniki imkanları ilə məhdudlaşsa da, radionun cəmiyyətə təsiri böyük idi. Paytaxtın küçələrində və meydanlarında səslənən radio verilişləri insanları bir araya gətirir, ölkədə və dünyada baş verən hadisələr barədə məlumatlandırırdı. İlk radio studiyasının yerləşdiyi məkan da bu tarixin maraqlı detallarındandır. Azərbaycan radiosu fəaliyyətinin ilk dövründə keçmiş İsmailiyyə binasında, indiki AMEA-nın əsas binasında cəmi 3 otaqda yerləşirdi. Bu kiçik studiyadan başlayan yol zamanla böyük bir yayım sisteminə çevrildi.

Radio təkcə xəbərlərin çatdırılması vasitəsi olmadı. Musiqi, ədəbiyyat, teatr, maarifçilik və mədəniyyət onun əsas məzmun istiqamətlərinə çevrildi. Beləliklə, radio Azərbaycan dilinin, milli musiqinin, söz sənətinin və ictimai düşüncənin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynamağa başladı.

Səsə görüntü əlavə olundu...

Radio insanlara hadisələri dinlətmişdisə, televiziya onları izləmək imkanı yaratdı. Azərbaycan üçün bu, yeni mərhələnin başlanğıcı 1956-cı il fevralın 14-nə təsadüf edir. Həmin gün Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxdı. İlk yayımın yaddaşlarda qalan ən mühüm məqamlarından biri görkəmli aktrisa Nəcibə Məlikovanın ekranda görünməsi idi. Onun səsləndirdiyi “Göstərir Bakı!” sözləri Azərbaycan televiziyasının tarixində xüsusi yer tutdu. Həmin gün tamaşaçılara “Bəxtiyar” bədii filmi də təqdim edildi.

İlk televiziya yayımı indiki imkanlarla müqayisədə olduqca məhdud idi. Verilişlər azsaylı saatlarda yayımlanır, texniki imkanlar geniş proqram seçiminə şərait yaratmırdı. Lakin televiziyanın meydana çıxması insanların gündəlik həyatına tamamilə yeni bir vərdiş gətirmişdi: artıq hadisələri yalnız eşitmək deyil, görmək də mümkün idi.

O illərdə televiziya qülləsinin qurulması, yayım əhatəsinin genişləndirilməsi və yeni texniki avadanlıqların tətbiqi bu sahənin inkişafına təkan verdi. 1957-ci il iyunun 28-də səyyar televiziya vasitəsilə Respublika stadionundan ilk canlı yayımın həyata keçirilməsi isə Azərbaycan televiziya tarixində növbəti əlamətdar hadisə oldu.

Ağ-qara ekrandan rəngli dünyaya...

Televiziyanın inkişafı yalnız proqramların çoxalması ilə məhdudlaşmadı. Texniki yeniliklər efirin keyfiyyətini də dəyişdirdi. İlk illərdə tamaşaçılar hadisələri ağ-qara görüntülərdə izləyirdilər. Sonrakı mərhələdə rəngli yayımın tətbiqi televiziya qarşısında yeni imkanlar açdı.

1960-cı illərdə bölgələrdə televiziya stansiyalarının yaradılması yayım coğrafiyasını genişləndirdi. Gəncə, Göyçay və Şuşada televiziya stansiyalarının qurulması, Naxçıvanda yayım imkanlarının yaradılması paytaxtdan kənarda yaşayan insanların da bu informasiya məkanına qoşulmasına şərait yaratdı.

1967-ci ildən Azərbaycanda rəngli televiziya yayımına keçid başlandı. Bu yenilik efirin vizual imkanlarını genişləndirməklə yanaşı, tamaşaçıların televiziya təcrübəsini də dəyişdi. Artıq tamaşaçılar konsertləri, teatr tamaşalarını, mədəniyyət tədbirlərini və müxtəlif proqramları daha canlı görüntülərlə izləyə bilirdilər.

1996-cı ildə Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsi isə radio-televiziya yayımının texniki imkanlarının genişlənməsində mühüm mərhələ oldu.

Müharibə illərində efir məsuliyyəti

Azərbaycanın müasir tarixində televiziya və radionun üzərinə düşən ən mühüm vəzifələrdən biri də ölkənin taleyüklü hadisələrini işıqlandırmaq, həqiqətləri ictimaiyyətə və beynəlxalq auditoriyaya çatdırmaq olub. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Birinci Qarabağ müharibəsi, torpaqlarımızın işğalı və sonrakı illərdə baş verən hadisələr zamanı efirlərimizin informasiya missiyası daha da aktuallaşdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın mübarizə əzminin, milli birliyin və dövlətçilik mövqeyinin ifadə olunması televiziya və radionun mühüm fəaliyyət istiqamətlərindən biri idi.

44 günlük Vətən müharibəsi dövründə də informasiya cəbhəsi mübarizənin mühüm istiqamətlərindən birinə çevrildi. Cəbhədən hazırlanan reportajlar, rəsmi məlumatlar, ekspert çıxışları və xüsusi proqramlar ictimaiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynadı.

İşğaldan azad edilən ərazilərdə radio-televiziya yayımının bərpası da bu baxımdan xüsusi məna daşıyır. 2020-ci il dekabrın 31-dən Şuşa, Xankəndi və Xocalı, Ağdam, Bərdə rayonlarının bir sıra ərazilərində yayımın bərpası informasiya məkanının genişlənməsi ilə yanaşı, həyatın yenidən canlanmasının da rəmzi hadisələrindən biri oldu.

Yeni dövrün efiri

Bu gün radio və televiziya artıq yalnız qəbuledici aparat və ekranla məhdudlaşmır. İnternet, peyk yayımı, rəqəmsal platformalar və mobil tətbiqlər informasiya istehlakının formasını köklü şəkildə dəyişib. İnsanlar sevimli radio proqramlarını avtomobildə, telefonda, kompüterdə dinləyə, televiziya verilişlərini isə canlı yayım zamanı və ya daha sonra internet üzərindən izləyə bilirlər. Ənənəvi efir yeni media platformaları ilə birləşərək daha geniş auditoriyaya çıxış imkanı qazanıb.

Bununla belə, müasir dövrdə informasiya bolluğu ilə yanaşı, yeni problemlər də meydana çıxıb. Sosial şəbəkələrdə yayılan yoxlanılmamış məlumatlar, saxta xəbərlər, manipulyativ məzmun və informasiya çirkliliyi peşəkar medianın məsuliyyətini daha da artırır. Belə bir şəraitdə televiziya və radionun əsas üstünlüyü etibarlılıq, obyektivlik, operativlik və peşəkar yanaşma olmalıdır. Çünki müasir auditoriya yalnız məlumat almaq deyil, həm də həmin məlumatın doğruluğuna əmin olmaq istəyir. Efirin nüfuzu isə məhz bu etimad üzərində formalaşır.

Efirin görünməyən qəhrəmanları

Televiziya və radio dedikdə, ilk növbədə, ekran qarşısında gördüyümüz aparıcılar, diktorlar, müxbirlər yada düşür. Halbuki hər bir verilişin, reportajın və canlı yayımın arxasında böyük bir kollektivin əməyi dayanır. Jurnalistlər, redaktorlar, rejissorlar, operatorlar, səs rejissorları, montajçılar, mühəndislər, texniki heyət və bir çox başqa peşə sahibləri efirin fasiləsiz fəaliyyətini təmin edirlər. Tamaşaçıya bir neçə dəqiqəlik təqdim olunan süjetin arxasında bəzən saatlarla davam edən hazırlıq, araşdırma və çəkiliş prosesi dayanır.

Xüsusilə, canlı yayım zamanı bu məsuliyyət daha aydın hiss olunur. Saniyələrin belə əhəmiyyət daşıdığı efirdə peşəkarlıq, çevik qərarvermə, komanda işi və məsuliyyət əsas şərtlərdir. Ekranda görünməyən, amma hər gün efirin arxasında çalışan insanların zəhməti də bu peşə bayramının mühüm məqamlarından biridir.

Yeganə BAYRAMOVA