Xəbər verdiyimiz kimi, 2013-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı keçirilir.
Yanvarın 23-də başa çatacaq konfransda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, konfrans çərçivəsində mədəniyyət nazirlərinin “Dialoqun və sülhün inkişafı naminə İslam dünyasında mədəni hüquqların inkişafı” mövzusunda “dəyirmi masa”sı keçirilib. Bundan əlavə, İslam Dünyasının Mədəniyyət Strategiyasının üzv ölkələr tərəfindən tətbiq edilməsinə dair həmin ölkələrin nümayəndələrinin və baş direktorun hesabatı dinlənilib. Konfransın yanvarın 22-də keçirilən iclasında Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib.