Mübariz Qurbanlı: Heç bir dövlət bizim daxili işlərimizə qarışa bilməz
“ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” radiosuna müsahibəsi zamanı böyük yanlışlığa yol verib və heç bir hüququ olmadığı halda ölkəmizin daxili işlərinə qarışıb”. Bu sözləri Editor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsi zamanı Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən belə deyib.
Onun sözlərinə görə, səfir diplomatik normaları kobud sürətdə pozub: “Azərbaycan müstəqil siyasət yürüdən, xarici siyasətdə yalnız dövlətin maraqlarını öndə tutan ölkədir. Biz heç bir ölkənin daxili işlərinə qarışmadığımız kimi, heç bir dövlət də bizim daxili işlərimizə qarışa bilməz. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın son müsahibəsi zamanı səsləndirdiyi fikirlər heç bir halda qəbulolunan deyil. Əvvəla, səfir reallıqla heç bir formada əlaqəsi olmayan, müxtəlif qərəzli QHT-lərin rəyinə əsaslanaraq belə fikirlər səsləndirib. Onun sonradan balanslaşdırılmış açıqlama verdiyini deməsi də doğru deyil. Bütün hallarda ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, o cümlədən ABŞ səfiri öz bəyanatlarında məsuliyyətli olmalı və diplomatik normaları gözləməlidirlər”.