“Azərbaycanda din pərdəsi arxasında iğtişaş yaratmaq istəyən bir qrup radikal-ekstremist ruhlu şəxslərin arxasında xaricdəki müəyyən dövlətlər və qüvvələr dayanır”. Bunu “SİA”ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycanın gündən-günə inkişaf etməsi, dövlət və xalqın birliyi, ictimaiyyətin dövləti dəstəkləməsi bu cür təxribatların qarşısını alır və bundan sonra da alacaq: “Bu kimi təxribatlar ilk belə hal deyil. Bu cür hallar hər an gözlənilə bilər. Bu gün dünyada baş verən hadisələr və ayrı-ayrı qurumların törətdiyi əməllər hər birimizə bəllidir. Məhz bunun nəticəsi olaraq onlar da istəyirlər ki, Azərbaycanda hansısa bir kənddə, qəsəbədə aranı qızışdırsınlar. Amma ümumilikdə bu, mümkün olan məsələ deyil”.