“Ömürlük məhbusların işinin asan həll yolları var. Həmin şəxslər Əfv Komissiyasına və məhkəmələrə müraciət etməlidirlər”. Bu sözləri “Mediaforum” saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov vaxtilə ölüm hökmünün ləğvi nəticəsində ömürlük həbsə məruz qalanların cəzasının yüngülləşdirilməsi ilə bağlı bəzi millət vəkillərinin fikirlərinə münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, dünya təcrübəsində bununla bağlı bir sıra məqamlar yer alıb: “Həbsdə olduğu müddətdə davranışında və digər fəaliyyətində qanun pozuntusu olmayan şəxsin ömürlük həbs cəzası müddətli cəza ilə əvəz edilir. Vaxtilə ölüm hökmü almış ömürlüklər də yuxarı məhkəmə instansiyalarına müraciət etməlidirlər. Həbs müddətini nizamlı formada çəkən şəxslərə əfv verilməsi də mümkündür”.