Dünən Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı “Şərq” qəzetinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin komandaları arasında keçirilmiş ənənəvi mini-futbol turnirinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AzərTAc xəbər verir ki, dövlət rəsmilərinin, siyasi partiya təmsilçilərinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” təmsilçisi, ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri mərasimdə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı hər il keçirilən ənənəvi mini-futbol turnirinə verdiyi mənəvi dəstəyə görə YAP-a minnətdarlığını bildirib. Natiq, həmçinin, yarışın keçirilməsinə yaradılan nümunəvi şəraitə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, informasiya dəstəyi göstərən KİV-lərə, baş sponsor “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”na, sponsor “Muğanbank”a təşəkkür edib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ənənəvi mini-futbol turnirinin ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramın ifadəsi olduğunu söyləyərək, Ulu öndərin mətbuata və idmana verdiyi töhfələrdən danışıb, qalibləri təbrik edib.
Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkədə digər sahələrlə yanaşı, mətbuatın və idmanın da inkişafına daim mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Natiq Ulu öndərin xatirəsinə həsr olunmuş mini-futbol turnirinin qaliblərini təbrik edib.
Yarışın qalibi “Şərq” qəzetinin komandasına turnirin kuboku və pul mükafatı təqdim edilib. Turnirdə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuş “ATV” və “AzTV”nin komandaları diplom və pul mükafatlarına layiq görülüblər. Həmçinin, turnirin ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçusu, oyunçusu və ən ədalətli hakim nominasiyalarının qaliblərinə kubok, xüsusi diplomlar və pul mükafatları təqdim olunub.