Azərbaycan Dillər Universitetində “Milli adət-ənənələrimizi yaşadaq” mövzusunda ədəbi-musiqili tədbir

Azərbaycan Dillər Universitetində “Milli adət-ənənələrimizi yaşadaq” mövzusunda ədəbi-musiqili tədbir

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) xarici ölkələrin ölkəmizdəki səfirliklərinin təmsilçiləri və ali təhsil müəssisələri rektorlarının iştirakı ilə “Milli adət-ənənələrimizi yaşadaq” mövzusunda ədəbi-musiqili tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir universitetin rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayevin tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüzə və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliği məqsədilə irəli sürdüyü təşəbbüs çərçivəsində reallaşdırılıb.
Universitetin prorektoru Ələddin Əliyev və digər çıxış edənlər adət-ənənələrimizin təbliğində, milli irsimizin qorunmasında və təhsil müəssisələrində gənc nəslin milli ruhda tərbiyə olunmasında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun əmək fəaliyyətində fərqlənən bir qrup xanım əməkdaşı mükafatlandırılıb.
Universitetin “Dalğa” rəqs qrupunun, tanınmış incəsənət ustalarının və tələbələrin ifasında maraqlı konsert proqramı təqdim edilib.