Ali təhsil müəssisəsinin işgüzar nüfuzunu müəyyən edən göstəricilərdən biri yüksək indeksli jurnallarda nəşr olunun elmi əsərlərin sayıdır. Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Aqrar Universitetində professor-müəllim heyətinin, doktorantların və magistrantların elmi fəaliyyətinin stimullaşdırılması, dərsliklərin, dərs vəsaitlərinin, habelə nüfuzlu beynəlxalq jurnallarda məqalələrin nəşr olunmasına dəstək diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Bu məqsədlə universitetin büdcədənkənar vəsaiti hesabına müəlliflərə mükafatlar verilir, “İlin dərsliyi”, “İlin məqaləsi” nominasiyaları üzrə qaliblər müəyyən olunur. Bu kimi tədbirlərin nəticəsidir ki, universitet əməkdaşlarının yüksək indeksli beynəlxalq jurnallarda nəşr olunan məqalələrinin sayı artır. Buna misal olaraq, 23-30 mart 2015-ci il tarixdə Londonda “Elm və cəmiyyət” mövzusunda keçirilmiş 7-ci beynəlxalq elmi praktik konfransda universitetin elmi işlər üzrə prorektoru, aqrar elmlər üzrə elmlər doktoru Nizami Seyidəliyevin müəllifliyi ilə “Gübrə normalarının, suvarmaların, bitki sıxlığının məhsuldarlığa və lifin texnoloji göstəricilərinə təsiri” adlı məqalənin nəşr olunmasını göstərmək olar. Məqalədə müəllif tərəfindən aparılmış elmi araşdırmaların, qoyulmuş təcrübənin nəticələri müqayisəli şəkildə təhlil olunur, səmərələşdirici təkliflər verilir.