Üç əsrin şahidi olan 122 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd seçki dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.
1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyeva AZƏRTAC-ın müxbirinə deyib ki, 8 övladı, 60 nəvəsi, 87 nəticəsi, 12 kötücəsi var. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Bugünkü (dünənki - red.) səsverməyə də ailə üzvləri ilə birgə gəlib.
“Sovetlər dövründə traktorçu, qabaqcıl pambıqçı olmuşam. Hər il 10 hektar pambıq becərir, gündə 150-180 kiloqram pambıq yığardım. Ulu öndər Heydər Əliyevlə də pambıq tarlalarında 3 dəfə görüşmüşəm. Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 122 yaşımda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram”, - deyə Səmərqə nənə bildirib.
Qeyd edək ki, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1141-nin yaşı 80-100 arası, 12 seçicinin yaşı isə 100-dən yuxarıdır.