Sabah bəzi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir

Sabah bəzi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir

Azərbaycanda avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz təşkil edəcək.

Avqustun 8-də Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 12-16°, gündüz 18-23° isti olacağı ehtimal edilir.