25 Noyabr – Kəlbəcər şəhəri günü: Tarixi yaddaşdan Böyük Qayıdışa doğru

25 Noyabr – Kəlbəcər şəhəri günü: Tarixi yaddaşdan Böyük Qayıdışa doğru

25 Noyabr – Kəlbəcər şəhəri günü: Tarixi yaddaşdan Böyük Qayıdışa doğru

Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız təqvimdəki bir tarix deyil, bütöv bir xalqın yaddaşında, milli qürurunda və dövlətçilik salnaməsində xüsusi yer tutur. 25 Noyabr – Kəlbəcər şəhəri günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün doğma torpağa qayıdışın, tarixi ədalətin bərpasının, milli iradənin və Azərbaycan dövlətinin gücünün təcəssümüdür.

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin tarixi, füsunkar təbiəti, mineral su ehtiyatları, dağları, meşələri və çoxəsrlik mədəni irsi ilə seçilir. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər işğala qədər ölkəmizin ərazi baxımından ən böyük rayonlarından biri olmuş, burada on minlərlə insan yaşamış, özünəməxsus adət-ənənələr, zəngin təsərrüfat və mədəni həyat formalaşmışdır. İstisu mineral bulaqları, qədim alban məbədləri, tarixi abidələri, qayaüstü təsvirləri və təbii gözəllikləri Kəlbəcərin Azərbaycan xalqının milli-mədəni irsindəki mühüm yerini müəyyənləşdirir.

Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi rayonun tarixində ağır və faciəli bir səhifə açdı. İşğal nəticəsində dinc əhali doğma yurd-yuvalarını tərk etməyə məcbur oldu, insanların həyatına son qoyuldu, yüzlərlə tarixi və mədəni abidəyə, yaşayış evlərinə, sosial infrastruktura ciddi ziyan dəydi. Kəlbəcər sakinlərinin illərlə davam edən yurd həsrəti yalnız bir ərazinin itirilməsi deyil, həm də ailələrin, nəsillərin öz doğma torpağından ayrı düşməsi demək idi.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün qorunması, Ermənistanın hərbi təcavüzünün beynəlxalq ictimaiyyətə çatdırılması və işğal olunmuş torpaqların azad edilməsi daim mühüm yer tutmuşdur. Kəlbəcərin işğalından sonra Heydər Əliyev beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatlarda Ermənistanın təcavüzünü qətiyyətlə pisləyir, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi. 1993-cü il iyulun 5-dəki bəyanatında o, Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onun tələblərinin yerinə yetirilmədiyinə diqqət çəkərək beynəlxalq ictimaiyyətin bu məsələyə münasibətini sərt şəkildə tənqid etmişdi. Bu mövqe Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinin dövlət siyasətinin dəyişməz prinsipi olduğunu bir daha nümayiş etdirirdi.

2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Şanlı Zəfərlə nəticələnən müharibədən sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Beləliklə, 27 il davam edən işğala son qoyuldu, kəlbəcərlilərin doğma yurda qayıdış arzusu gerçəkləşməyə başladı.

İşğaldan azad edildikdən sonra Kəlbəcərdə aparılan bərpa və quruculuq işləri yeni inkişaf mərhələsinin əsasını qoydu. Dövlətimizin başçısının bölgəyə mütəmadi səfərləri, infrastruktur layihələrinin icrası, yolların, elektrik və digər kommunikasiya xətlərinin çəkilməsi, sosial obyektlərin inşası Kəlbəcərin gələcək inkişafına xidmət edir. 2022-ci ildə Kəlbəcər rayonunda yeni hərbi infrastruktur obyektlərinin istifadəyə verilməsi də bölgənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. Bu qərar həm də gələcək nəsillərə Kəlbəcərin keçdiyi tarixi yolun, xalqımızın mübarizə əzminin və dövlətimizin qələbəsinin çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

25 Noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bu torpağın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Kəlbəcərin timsalında biz bir daha şahid oluruq ki, milli birlik, dövlətə sədaqət, tarixi yaddaşa bağlılıq və məqsədyönlü inkişaf siyasəti xalqın ən böyük hədəflərinin gerçəkləşməsində mühüm rol oynayır.

Kəlbəcər bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Dağların qoynunda yenidən qurulan şəhər, doğma yurduna qayıdan sakinlər və həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir. Kəlbəcərin azadlığı ilə tarixə yazılan 25 Noyabr bundan sonra da milli yaddaşımızda qayıdışın, dirçəlişin və əbədi doğmalığın rəmzi kimi yaşayacaqdır.

 

Lamiyə Süleymanova – Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyinin

Maliyyə şöbəsinin böyük məsləhətçisi,

YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Lamiyə Süleymanova – Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyinin

Maliyyə şöbəsinin böyük məsləhətçisi,

YAP Nərimanov rayon Təşkilatının fəal üzvü