“Ağdam” adının etimologiyası: toponimdə yaşayan tarix

“Ağdam” adının etimologiyası: toponimdə yaşayan tarix

Hər bir yer adı – toponim – özündə xalqın tarixini, dilini, məişətini və dünyagörüşünü yaşadan canlı abidədir. Azərbaycanın toponimik xəritəsində Qarabağ bölgəsinin yer adları xüsusi yer tutur və onların əksəriyyəti bu torpağın əzəli sahiblərinin – türk-oğuz tayfalarının izlərini daşıyır. Belə adlardan biri də Ağdamdır. 20 Noyabr – Ağdam şəhəri günü ərəfəsində bu qədim yurdun adının mənşəyinə nəzər salmaq həm tarixi yaddaşı təzələmək, həm də işğal illərində saxtalaşdırılmağa cəhd edilən həqiqətləri bir daha xatırlatmaq baxımından əhəmiyyətlidir.
Ağdam şəhərinin yaranması XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. Tarixi mənbələrdə qeyd olunur ki, Pənahəli xan bu ərazidə özü üçün imarət, saray tikdirmiş, sonradan həmin imarətin ətrafında yaşayış məskəni formalaşmışdır. Ən geniş yayılmış versiyaya görə, “Ağdam” adı da məhz bu tikili ilə əlaqədardır: xanın tikdirdiyi ağ daşdan, ağ rəngli bina uzaqdan nəzərə çarpır və xalq arasında “ağ dam” adlandırılırdı. Zaman keçdikcə bu ifadə bütöv yaşayış məntəqəsinin adına çevrildi.
Toponimin ikinci komponenti olan “dam” sözü Azərbaycan dilində bu gün də işlənir və “ev, bina, örtük” mənalarını verir. Bəzi tədqiqatçılar bu sözün qədim türk dillərində daha geniş mənada – “tikili, sığınacaq, istehkam” anlamında işləndiyini qeyd edirlər. Bu baxımdan “Ağdam” adını “ağ qala”, “ağ istehkam” kimi izah edən yozumlar da mövcuddur. Birinci komponent olan “ağ” sözü isə türk xalqlarının dünyagörüşündə təkcə rəng bildirmir; o, həm də təmizliyi, ucalığı, müqəddəsliyi, bəzən isə böyüklüyü və hakimiyyəti ifadə edir. Türk toponimiyasında “Ağ” komponentli çoxsaylı adların olması da bunu təsdiqləyir.
Fərqli yozumların olmasına baxmayaraq, onların hamısı bir nöqtədə birləşir: “Ağdam” adı türk mənşəlidir və bu torpağın qədim Azərbaycan torpağı olduğunu təsdiqləyən dil faktıdır. Məhz buna görə işğal dövründə Ermənistanın Ağdamın adını dəyişdirmək, ona uydurma adlar vermək cəhdləri heç bir tarixi və elmi əsasa malik deyildi. Toponimlər xalqın yaddaşıdır və onları zorla silmək mümkün deyil. Ağdam adı əsrlər boyu xalqımızın dilində, şeirində, mahnısında, muğamında yaşadı və bu gün də yaşayır.
Ağdam adının tarixi ilə sıx bağlı olan məkanlardan biri İmarət kompleksidir. Burada Qarabağ xanlarının sarayı, xan ailəsinin qəbiristanlığı yerləşirdi. Görkəmli Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvan da burada dəfn olunmuşdu. İşğal illərində İmarət kompleksi də vandalizmə məruz qaldı, qəbirlər dağıdıldı, tarixi abidələr məhv edildi. Azadlıqdan sonra Prezident İlham Əliyev 2022-ci il oktyabrın 4-də Ağdama səfəri zamanı Pənahəli xanın sarayı və İmarət kompleksi ilə tanış oldu, həmin gün Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirildi. Bu, Ağdam adının tarixi kökləri ilə bağlı irsin qorunması və bərpası istiqamətində mühüm addım oldu.
Ağdam adı tarix boyu Qarabağın ən mühüm iqtisadi və mədəni mərkəzlərindən birinin adı kimi tanınıb. XIX–XX əsrlərdə Ağdam ticarət şəhəri kimi inkişaf etmiş, burada bazarlar, karvansaralar, sənətkarlıq emalatxanaları fəaliyyət göstərmişdir. Ağdam Cümə məscidi, Şahbulaq qalası, Qiyaslı türbələri, Xaçınçay boyu qədim yaşayış yerləri bu torpağın zəngin tarixinə şəhadət verir. Bütün bu abidələr “Ağdam” adının arxasında dayanan çoxəsrlik tarixin maddi sübutlarıdır.
Toponimlərin öyrənilməsi təkcə dilçilik məsələsi deyil, həm də milli kimliyin qorunması məsələsidir. Ağdamın adının mənşəyini bilmək, onu gələcək nəsillərə düzgün çatdırmaq bizim borcumuzdur. Bu gün Ağdam yenidən qurularkən, yeni məhəllələr, küçələr salınarkən tarixi adların bərpası, qədim toponimlərin yaşadılması da bu prosesin ayrılmaz hissəsidir. Çünki adı yaşayan yurd yaşayır.
Ağdam adının tarixi ilə yanaşı, onun bölgədəki digər toponimlərlə əlaqəsi də maraq doğurur. Ağdam rayonunun kənd adları – Kəngərli, Xıdırlı, Sarıcalı, Qərvənd, Şotlanlı, Tağıbəyli, Güllücə, Nəmirli, Eyvazxanbəyli və digərləri – əksəriyyəti türk tayfa adları, şəxs adları və ya təbii-coğrafi xüsusiyyətlərlə bağlıdır. Məsələn, “Kəngərli” adı qədim türk tayfası olan kəngərlərin adını yaşadır. Bu adların bir arada götürülməsi Ağdam bölgəsinin toponimik mənzərəsinin bütövlükdə türk-Azərbaycan mənşəli olduğunu göstərir. Bu gün həmin kəndlərin hər biri yenidən qurulur və onların tarixi adları qorunub saxlanılır. Bu isə yer adları ilə yaddaşın, keçmişlə gələcəyin bir-birinə bağlı olduğunun bariz sübutudur. Belə ki, yenidən salınan hər kənd həm də tarixi adını geri qaytarır, xəritədə və həyatda yenidən öz yerini tutur.
20 Noyabr – Ağdam şəhəri günü münasibətilə Ağdam adının mənasını xatırlamaq həm də onun simvolikasını dərk etmək deməkdir. “Ağ” – təmizlik, işıq və ümid; “dam” – ev, ocaq və sığınacaq. İşğaldan sonra dirçələn Ağdam bu gün məhz bu mənaları özündə birləşdirir: o, ağdamlılar üçün işıqlı gələcəyin, doğma ocağın və əbədi yurdun rəmzidir. Ağdamın adı kimi tarixi də, gələcəyi də ağ olsun!

Günay Mehdiyeva, 

YAP Nəsimi rayon təşkilatının əməkdaşı