18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə YAP Bərdə rayon təşkilatı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirib.
Əvvəlcə YAP rayon təşkilatının rəhbərliyi və fəalları turnir iştirakçıları ilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Turnirin açılışında çıxış edən YAP Bərdə rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Fəqət Şadlinskaya ölkəmizin müstəqillik tarixindən, dövlətçilik ənənələrindən söz açıb. O, 44 günlük Vətən müharibəsinin tariximizdə mühüm yer tutduğunu bildirib.
Turnirin açılışında məktəblilər şəhidlərimiz və qələbə haqqında şeirlər söyləyiblər.
Turnir 4 yaş qrupu üzrə şagirdlər arasında keçirilib. Turnir qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.