Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və çoxsaylı partiya fəalları Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz və unudulmaz xatirəsinə dərin ehtiram ifadə olunub.
Ziyarət zamanı dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafı naminə göstərdiyi misilsiz xidmətlər yad edilib. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində böyük inkişaf yolu keçərək ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilmişdir. Bu gün partiya Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin zəngin siyasi irsinə və dövlətçilik ideyalarına sadiq qalaraq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş qalib ölkəmizin bütün sahələr üzrə tərəqqisi naminə fəaliyyətini uğurla davam etdirir. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin daim uca tutulması, müəyyən etdiyi siyasi kursun yaşadılması və gələcək nəsillərə çatdırılması hər bir partiya üzvünün mənəvi borcudur.
Eyni zamanda bir qrup partiya fəalının təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP-ın yaradılmasının 34-cü ildönümü münasibətilə işğaldan azad olunmuş ərazilərə 20 nəfər partiya fəalının səfərinin təşkil olunması qərara alındı.