Kəlbəcərdə yenidən həyat başlayır

Kəlbəcərdə yenidən həyat başlayır

 

Bir zamanlar doğma yurdlarından uzaqda yaşayan kəlbəcərlilərin ən böyük arzusu öz evlərinə qayıtmaq, uşaqlıq xatirələrinin yaşadığı küçələrdə yenidən addımlamaq, ata-baba ocaqlarında həyatlarını davam etdirmək idi. Uzun illər əlçatmaz görünən bu arzu artıq gerçəkliyə çevrilib. Bu gün Kəlbəcərdə yeni evlər tikilir, yollar salınır, ailələr doğma torpaqlarına qayıdır və bölgənin tarixində yeni səhifə açılır.

Kəlbəcər təkcə Azərbaycanın coğrafi ərazisinin bir hissəsi deyil, həm də xalqımızın zəngin mənəvi dünyasını, tarixi yaddaşını və mədəni kimliyini yaşadan qədim yurd yerlərindəndir. Bu diyarın təbiəti, dağları, meşələri, çayları və şəfalı bulaqları əsrlər boyu insanların həyat tərzinin formalaşmasında mühüm rol oynayıb. Kəlbəcərin özünəməxsus folkloru, milli adət-ənənələri və mədəni irsi Azərbaycanın ümumi mənəvi sərvətinin ayrılmaz hissəsidir.

1993-cü ilin aprelində baş verən işğal bu qədim diyarın həyatını kökündən dəyişdirdi. Öz doğma evlərini tərk etmək məcburiyyətində qalan insanlar uzun illər məcburi köçkün həyatının çətinlikləri ilə üzləşdilər. Dağıdılmış kəndlər, viran qalmış yaşayış evləri və zərər görmüş mədəniyyət abidələri işğalın ağır nəticələrinin göstəricisinə çevrildi.

Ancaq illərin yaratdığı məsafə kəlbəcərlilərin doğma yurda olan sevgisini azalda bilmədi. Kəlbəcərlə bağlı xatirələr ailələrdə yaşadıldı, yeni nəsillərə ötürüldü. Hətta bu torpaqları heç vaxt görməmiş gənclər belə valideynlərinin və böyüklərinin xatirələri vasitəsilə Kəlbəcərə mənəvi bağlılıq hissi ilə böyüdülər.

2020-ci ilin payızında Azərbaycan xalqı uzun illər gözlədiyi tarixi hadisənin şahidi oldu. Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbə doğma torpaqlarından ayrı düşmüş yüz minlərlə insanın həyatında dönüş nöqtəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi, hərbçilərimizin şücaəti və xalqımızın həmrəyliyi nəticəsində işğala son qoyulması istiqamətində həlledici nəticələr əldə edildi.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, həmin il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması ilə rayon sakinlərinin uzunmüddətli yurd həsrətinin sona çatması üçün real zəmin yarandı. Bu hadisə bir daha göstərdi ki, xalqın öz torpağına bağlılığı, dövlətin strateji məqsədləri və milli birlik böyük tarixi dəyişikliklərin əsasını təşkil edə bilər.

Kəlbəcərin azad edilməsindən sonra başlayan bərpa prosesi yalnız dağıdılmış tikililərin yenidən inşası ilə məhdudlaşmır. Burada bütöv bir yaşayış mühiti formalaşdırılır, insanların sosial və iqtisadi ehtiyaclarına cavab verən müasir infrastruktur yaradılır. Aparılan işlərin mərkəzində insan rifahı, təhlükəsizlik və gələcək nəsillərin firavanlığı dayanır.

Böyük Qayıdış proqramı çərçivəsində 2025-ci il avqustun 20-dən Kəlbəcər şəhərinə əhalinin köçürülməsinə başlanılması rayonun yeni tarixinin ən əlamətdar hadisələrindən biridir. Onilliklər boyu doğma torpaqlarından uzaqda yaşayan ailələrin öz yurdlarına qovuşması Azərbaycanın müharibədən sonrakı inkişaf yolunun mənəvi mahiyyətini əks etdirir.

Kəlbəcərdə yenidən yanan ev işıqları, doğma torpaqlarında həyat qurmağa başlayan insanlar və gələcəyə ümidlə baxan ailələr Böyük Qayıdışın ən dəyərli nəticələridir. Bu proses keçmiş məcburi köçkünlərin mənzil təminatı ilə yanaşı, onların doğma mühitə inteqrasiyasını, məşğulluğunu və sosial rifahını da əhatə edir.

Bölgənin inkişafında nəqliyyat imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mürəkkəb dağlıq relyefə malik ərazidə yeni yolların, tunellərin və körpülərin inşası Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqələrini gücləndirəcək. Bu layihələr sakinlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, iqtisadi fəaliyyətin genişləndirilməsinə və turizm imkanlarının artırılmasına şərait yaradacaq.

Kəlbəcərin gələcək simasını müəyyənləşdirəcək mühüm istiqamətlərdən biri də onun təbii sərvətlərinin və turizm potensialının səmərəli dəyərləndirilməsidir. Şəfalı mineral suları, təmiz dağ havası, zəngin bitki örtüyü və əsrarəngiz mənzərələri rayonun mühüm istirahət və sağlamlıq turizmi mərkəzinə çevrilməsi üçün geniş imkanlar açır. Kənd təsərrüfatının və sahibkarlığın inkişafı isə yerli əhalinin iqtisadi fəallığının yüksəldilməsinə töhfə verəcək.

Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma siyasəti keçmişin bərpası ilə gələcəyin qurulmasını özündə birləşdirir. Kəlbəcərdə yaradılan müasir yaşayış məkanları, sosial xidmət infrastrukturu və yeni iqtisadi imkanlar bu yanaşmanın praktiki ifadəsidir. Məqsəd insanların yalnız öz torpaqlarına qayıtması deyil, həmin torpaqlarda uzunmüddətli və firavan həyat qurmasıdır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi müəyyən edilməsi bu diyarın azadlıq tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addımdır. Bu əlamətdar gün keçmişin ağrılarını, qazanılan qələbənin dəyərini və qurulan gələcəyin məsuliyyətini bir araya gətirir.

Kəlbəcərin azadlığı uğrunda göstərilən qəhrəmanlıq heç zaman unudulmayacaq. Vətənimizin ərazi bütövlüyü naminə həyatından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Bu gün azad torpaqlarda qurulan hər bir ev, salınan hər bir yol və yaradılan hər bir yeni imkan onların fədakarlığı sayəsində mümkün olan tarixi qələbənin davamıdır.

Kəlbəcər artıq ayrılığın və yurd həsrətinin deyil, qovuşmağın, yenilənmənin və gələcəyə inamın rəmzidir. Öz sakinlərinə yenidən qucaq açan bu qədim Azərbaycan diyarı müasir inkişaf imkanları ilə yeni bir dövrə qədəm qoyur. Burada həyatın yenidən canlanması xalqımızın tarixi yaddaşının, torpağa bağlılığının və quruculuq əzminin ən gözəl ifadəsidir.

 

Zərnişan Əliyeva

YAP Babək rayon təşkilatının fəal üzvü