Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülmüş Hadi Rəcəblinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü keçirilib. Görüşdə rayonun Gərmətük, Velədi, Balaşürük, Aşağı Nüvədi, Şüvənil, Kənarmeşə, Seydəkəran və Viyən kəndlərinin seçiciləri iştirak ediblər.
İclası açan Azərbaycan Jurnalistlər Birliyinin üzvü İltifat Əhmədov Hadi Rəcəblinin tərcümeyi-halı və onun ictimai-siyasi fəaliyyəti barədə məlumat verib.
Sonra Hadi Rəcəbli seçicilər qarşısında çıxış edərək öz platformasını qısa şəkildə diqqətə çatdırıb. O həmçinin Azərbaycanda həyata keçirilən sosial siyasət və onun uğurları barədə danışaraq vurğulayıb ki, ölkəmizdə məşğulluğun təmin olunması, əməkhaqqı və pensiyaların artırılması istiqamətində ciddi addımlar atılıb. Hadi Rəcəbli bu sahədə ölkəmiz üçün qarşıya qoyulmuş məqsədlərdən də danışıb. O qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas istiqamətini vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir.
Hadi Rəcəbli onunla görüşə belə yüksək maraq və fəallıq göstərən seçicilərə minnətdarlıq edərək 9 fevralda bütün seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Çıxış edən rayon Ağsaqqallar Birliyinin sədr müavini Sərhad Məmmədov, “Qarabağ əlilləri və şəhid ailələri” İctimai Birliyinin sədri Əbülfət Əliyev, Aşağı Nüvədi bələdiyyə sədrinin birinci müavini Hüseynağa Hüseynov, Lənkəran Dövlət Universitetinin müəllimi Müqəddim Ağayev, ilk dəfə səs verəcək tələbə Elnarə Miriyeva Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini bildiriblər.