25 Noyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan, tarixi ədalətin bərpasını, milli iradənin gücünü və dövlətimizin qətiyyətli siyasətinin nəticələrini təcəssüm etdirən əlamətdar günlərdən biridir. Bu tarix Kəlbəcər şəhərinin işğaldan azad olunmasının ildönümü kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Kəlbəcər Şəhəri Günü təkcə bir şəhərin azadlığı deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi tarixi Zəfərin mühüm səhifəsidir.
Kəlbəcər Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi-mədəni irsi, mineral su ehtiyatları və strateji coğrafi mövqeyi ilə seçilən qədim yaşayış məskənlərindən biridir. Uca dağları, sıx meşələri, şəfalı bulaqları, təbii sərvətləri və bənzərsiz gözəllikləri ilə seçilən bu diyar xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir. Kəlbəcər yalnız coğrafi məkan deyil, həm də minilliklərə söykənən tariximizin, mədəniyyətimizin və milli kimliyimizin mühüm parçasıdır.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ağır faciələrə, dağıntılara və məcburi köçkünlük ağrılarına şahid oldu. Şəhər və rayon ərazisindəki tarixi abidələr, yaşayış məntəqələri, mədəniyyət nümunələri dağıdıldı, maddi-mədəni irsimizə ciddi ziyan vuruldu. Kəlbəcər sakinləri doğma yurdlarından didərgin düşərək uzun illər Vətən həsrəti ilə yaşadılar. Lakin xalqımız doğma torpaqlara qayıdacağına, tarixi ədalətin bərpa olunacağına inamını heç vaxt itirmədi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfərə imza atdı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsində əldə olunan qələbədən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Beləliklə, Kəlbəcər şəhəri və rayonun digər yaşayış məntəqələri üzərində Azərbaycanın suverenliyi bərpa olundu. Bu hadisə xalqımızın yaddaşında böyük sevinc, qürur və tarixi ədalətin təntənəsi kimi özünə yer tapdı. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi günün dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir.
Kəlbəcərin azad olunması yalnız hərbi-siyasi uğur deyil, həm də Azərbaycan dövlətinin prinsipial və ardıcıl siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü strategiya ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin qorunmasını, ərazi bütövlüyümüzün bərpasını və milli maraqlarımızın təmin edilməsini şərtləndirdi. Azərbaycan xalqı bir daha sübut etdi ki, milli birlik, güclü dövlət və qüdrətli ordu qarşıya qoyulan ən mürəkkəb vəzifələrin həyata keçirilməsində həlledici amillərdir.
Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri bu ərazilərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. İşğal dövründə dağıdılmış şəhər və kəndlərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Avtomobil yolları, tunellər, körpülər, elektrik və su təchizatı sistemləri, sosial obyektlər, yaşayış binaları inşa edildi. Kəlbəcərin iqtisadi potensialının bərpası, turizmin inkişafı, kənd təsərrüfatı və sənaye imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilməyə başladı.
Xüsusilə Kəlbəcərin yol-nəqliyyat infrastrukturunun yenilənməsi bölgənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu, Murovdağ silsiləsindən keçən tunel və digər infrastruktur layihələri bu qədim diyarın ölkənin iqtisadi və sosial həyatına daha sürətli inteqrasiyasına imkan yaradır. İstisu mineral su mənbələrinin yenidən dirçəldilməsi, turizm və rekreasiya imkanlarının genişləndirilməsi Kəlbəcərin gələcək inkişaf perspektivlərini daha da artırır.
Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri Böyük Qayıdış proqramının mühüm tərkib hissəsidir. Doğma yurdlarına qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait yaradılır. Yeni yaşayış evləri, məktəblər, inzibati binalar və digər sosial obyektlər istifadəyə verilir. Uzun illər Vətən həsrəti ilə yaşayan insanların doğma torpaqlarına qayıdışı Azərbaycanın tarixi Zəfərinin ən mühüm mənəvi nəticələrindən biridir.
Kəlbəcərin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı isə heç vaxt unudulmayacaq. Onların Vətənə sədaqəti, fədakarlığı və misilsiz döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Bu gün azad Kəlbəcərdə dalğalanan üçrəngli Azərbaycan Bayrağı şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi hesabına əldə edilmiş tarixi qələbənin rəmzidir.
Bu gün Kəlbəcər yalnız keçmişin xatirələrini yaşadan bir diyar deyil, həm də Azərbaycanın gələcəyə inamla baxan inkişaf məkanlarından biridir. Burada həyata keçirilən quruculuq işləri dövlətimizin iqtisadi gücünü, siyasi iradəsini və işğaldan azad edilmiş ərazilərə göstərdiyi diqqəti nümayiş etdirir. Kəlbəcərin yenidən dirçəldilməsi ölkəmizin milli inkişaf strategiyasının, suverenliyimizin möhkəmləndirilməsinin və Böyük Qayıdışın mühüm göstəricisidir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə xalqımız bir daha öz tarixinə, milli birliyinə və qəhrəman övladlarının şücaətinə ehtiramını ifadə edir. Bu əlamətdar gün bizə xatırladır ki, Vətən torpağının hər qarışı müqəddəsdir və onun qorunması hər bir vətəndaşın mənəvi borcudur.
Kəlbəcərin azadlığı tarixi ədalətin qələbəsi, yenidən qurulması dövlətimizin qüdrətinin, doğma yurda qayıdışı isə milli iradəmizin təntənəsidir. Azad Kəlbəcər bundan sonra da Azərbaycanın inkişaf edən, çiçəklənən və gələcəyə inamla addımlayan diyarlarından biri olacaqdır.
Yaşasın azad Kəlbəcər! Yaşasın bütöv və suveren Azərbaycan!
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi