14 sentyabr 2022- ci il tarixdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Tərtər şəhər sakini Qəhrəmanlı Yaqub Abdulla oğlunun və Tərtər rayonu Qaradağlı kənd sakini Məmmədli Sənan Səlim oğlunun doğum günləri məzarları yanında anılmışdır.
Şəhidlərin doğum günü tədbirində YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları, partiya fəalları, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Tərtər şəhər “Cümə” məscidinin axundu Sadiq Cəfərov, şəhidin yaxınları, qazilər, kənd sakinləri , ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər. Ziyarətçilər şəhidlərin ailə üzvlərinə başsağlığı verib, məzarları üzərinə gül dəstələri qoyaraq ruhlarına dualar oxuyublar.
Çıxış edənlər şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Qəhrəmanlı Yaqub Abdulla oğlu və Məmmədli Sənan Səlim oğlu iştirak edərək böyük qəhrəmanlıqlar nümayiş etdiriblər. Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.
44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yaqub Qəhrəmanlı "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə , Sənan Məmmədli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Sonra tədbir iştirakçıları şəhid ailələrinə başsağlığı verərək, belə qəhrəman övladlar böyütdükləri üçün minnətdarlıqlarını bildirib, qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.