Yeni Azərbaycan Partiyasının (YAP) digər yerli strukturları kimi, YAP Pirallahı rayon təşkilatı da Milli Məclisə seçkilərlə əlaqədar uğurla fəaliyyət göstərir. Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinin başlanması ilə əlaqədar təşkilatın Seçki Qərargahı da bu istiqamətdə fəaliyyətini gücləndirib.
Rayon təşkilatının sədri Manaf Manafov bildirib ki, parlament seçkiləri ilə bağlı təşkilatda 11 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Onun sözlərinə görə, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi üzrə YAP-ın namizədi Rauf Əliyevdir. Seçki Dairəsi üzrə 10 seçki məntəqəsi var: “Oktyabrın 9-da təbliğat prosesinin başlanması ilə əlaqədar partiyanın plakatları, namizədin portretləri lövhələrə vurulub. Bu prosesdə gənclərimiz çox fəal iştirak ediblər. Bu işlər bütün seçki məntəqələrinin ərazisini əhatə edib”.
M.Manafov deyib ki, öz işini YAP Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun quran rayon təşkilatı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışır: “Biz parlament seçkilərində partiyamızın parlaq qələbə qazanacağına əminik”.