Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycanın müasir dövlətçilik tarixində Yeni Azərbaycan Partiyasının (YAP) özünəməxsus yeri və rolu vardır. 1992-ci il noyabrın 21-də yaradılan YAP ötən 34 il ərzində dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir. Partiyanın yaranması Azərbaycanın mürəkkəb siyasi şəraitində xalqın güclü liderə və milli maraqları müdafiə edən siyasi qüvvəyə ehtiyacının ifadəsi idi.
Həmin dövrdə ölkədə hökm sürən siyasi qarşıdurma, iqtisadi tənəzzül və hərbi uğursuzluqlar dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni siyasi təşkilata rəhbərlik etməsini xahiş etməsi tarixi hadisəyə çevrildi. Ulu Öndərin müraciətə müsbət cavabı siyasi tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Ümummilli Lider Heydər Əliyev partiyanın Sədri seçildi. Beləliklə, YAP qısa müddətdə xalqın etimadını qazanaraq Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.
Partiyanın ideoloji əsasını Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, milli maraqlara sədaqət və xalq-iqtidar birliyinin möhkəmləndirilməsi prinsipləri təşkil edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, ictimai-siyasi sabitliyi təmin etdi və dövlət idarəçiliyinin möhkəm əsaslarını yaratdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə ölkənin iqtisadi inkişafı və beynəlxalq mövqelərinin güclənməsi üçün geniş imkanlar yaratdı. Bu proseslərdə YAP dövlət siyasətinə ictimai dəstəyin təmin olunmasında mühüm rol oynadı. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın tarixi missiyasını və gələcəyə yönəlmiş fəaliyyət prinsiplərini dolğun ifadə edir.
2003-cü ildən Azərbaycanın inkişafında yeni mərhələ başlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu müasir dövrün tələblərinə uyğun davam etdirildi, ölkənin iqtisadi, siyasi və hərbi potensialı gücləndirildi. 2005-ci il martın 26-da YAP-ın III qurultayında cənab İlham Əliyevin partiyanın Sədri seçildi. Bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, enerji və nəqliyyat infrastrukturu inkişaf etdirildi, müdafiə sənayesi və ordu quruculuğu sahəsində mühüm nəticələr əldə olundu. Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik prinsipləri yeni şəraitdə daha da zənginləşdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət ölkənin strateji hədəflərinə çatması üçün möhkəm zəmin yaratdı.
Yeni Azərbaycan Partiyasının siyasi tarixində 2020-ci ildə qazanılan tarixi Zəfər xüsusi yer tutur. Sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Azərbaycan Ordusunun qüdrətinin təntənəsinə çevrildi. 44 günlük müharibə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində suverenlik tam bərpa olundu. Bu nailiyyətlər güclü dövlət quruculuğunun, ordu quruculuğunun və milli birliyin məntiqi nəticəsi idi.
2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın təşkilati yenilənməsində mühüm mərhələ oldu. Qurultayda yeni Nizamnamə qəbul edildi, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi müəyyənləşdirildi, Veteranlar Şurası yaradıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi də mühüm qərarlardan biri idi. Həmin il dekabrın 29-da təsdiqlənən yeni Proqramda partiyanın fəaliyyət istiqamətləri və 11 strateji hədəfi müəyyənləşdirildi.
Müasir dövrdə siyasi təşkilatların fəaliyyəti cəmiyyətin dəyişən tələblərinə uyğunlaşmaq, yeni ideyalar irəli sürmək və ictimai proseslərdə fəal iştirak etməklə ölçülür. Bu baxımdan gənclərin və qadınların siyasi fəallığının daha da artırılması, rəqəmsal kommunikasiya imkanlarından səmərəli istifadə və ideoloji fəaliyyətin yenilənməsi YAP-ın qarşısında duran əsas vəzifələrdəndir.
2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu. Qurultayda Prezident İlham Əliyev Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu təhlil etməklə yanaşı, qarşıdakı dövrün strateji prioritetlərini də diqqətə çatdırdı. Milli maraqların qorunması, siyasi müstəqilliyin möhkəmləndirilməsi, güclü dövlət və ordu quruculuğunun davam etdirilməsi, iqtisadi potensialın daha da artırılması əsas istiqamətlər kimi önə çəkildi. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibləri müəyyənləşdirildi. VIII qurultayın qarşıya qoyduğu əsas vəzifələrdən biri Azərbaycanın qazandığı tarixi nailiyyətləri yeni inkişaf mərhələsinin təməlinə çevirməkdir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Böyük Qayıdışın davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi bu mərhələnin başlıca prioritetləridir.
Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və tarixi Zəfərin qazanılması ilə səciyyələnən inkişaf yolunun mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini müasir dövrün tələblərinə uyğun davam etdirən YAP bu gün də ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur.
Partiyanın qarşısında duran əsas vəzifə Ulu Öndərin ideyalarına sadiq qalaraq Azərbaycanın yeni inkişaf mərhələsinin çağırışlarına uyğun fəaliyyət göstərmək, milli maraqların müdafiəsinə, dövlətin qüdrətinin və xalqın rifahının yüksəldilməsinə töhfə verməkdir. Zaman və siyasi reallıqlar dəyişsə də, müstəqil dövlətçiliyə sədaqət və milli maraqlara bağlılıq dəyişməz qalır. Məhz bu prinsiplər Yeni Azərbaycan Partiyasının dünənini, bu gününü və gələcəyini birləşdirir.