Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səmada koalisiya

Səmada koalisiya

27.05.2023 [11:43]

Ukraynaya F-16-ların tədarük edilməsi gündəmdə

MÜBARİZ

Sonu görünməyən Rusiya-Ukrayna müharibəsində yeni dönəm başlayır. Söhbət  Ukraynanın hava məkanının daha effektiv şəkildə qorunmasını təmin etmək, həmçinin bu ölkə üçün əks-hücum perspektivləri yaratmaq məqsədilə aparılan müzakirələrdən gedir. Ukraynaya F-16 qırıcılarının verilməsi də Qərbin planlarına daxildir. Deyə bilərik ki, Ukrayna səmasında “F-16 koalisiyası”nın yaradılması planı artıq işə düşüb.

Gözlənilən tarixi an

Ukraynaya Amerikanın F-16 qırıcılarının verilməsi çağırışını prezident Volodimir Zelenski hələ bir müddət bundan əvvəl etmişdi. Müəyyən tərəddüdlər olsa da, artıq Qərbdə bu çağırış eşidilib. Volodimir Zelenski G7 ölkələrinin bu günlərdə baş tutan sammitində F-16-ların  Ukraynaya ötürülməsini bütün Avropa üçün tarixi an kimi səciyyələndirib. “Pilotlarımız F-16-nı tanıyanda və bu təyyarələr səmamızda görünəndə bu, tək Ukrayna üçün önəm daşımayacaq. Bu, Avropanın və dünyanın bütün təhlükəsizlik arxitekturası üçün tarixi bir an olacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, indiyədək Qərb Ukraynanın hava məkanının qorunması məqsədilə bu ölkəyə  “Patriot”, “Iris-T”, “NASAMS”, “Crotale”, “Samp-T” kimi sistemlər tədarük edib. Bu sistemlərin texniki parametrləri yüksək olduğu kimi, qiymətləri də çox böyükdür. Ancaq xərclər Avropanı Ukraynanı dəstəkləmək istəyindən vaz keçirməyib.  V.Zelenskinin qənaətinə görə bəhs olunan sistemlər, Ukraynaya tədarük olunacaq F-16-lar bir-birlərini tamamlayacaq və unikal qoruyucu qalxan təşkil edəcəklər.

Bütövlükdə, Ukrayna tərəfdaşlarını müasir təyyarələrin, o cümlədən F-16 qırıcılarının tədarükü üçün aviasiya koalisiyası yaratmağa çağırır. Qərb ölkələrinin mövqeyinə istinad edən  rəsmi Kiyev  F-16-ların bu ilin payızında Ukraynada peyda ola biləcəyinə eyham vurub.

ABŞ-dan, İngiltərədən, Niderlanddan gələn “hə” cavabı

İndiki halda Avropanın silah arsenalından çıxarılan F-16-ların bu texnikaya böyük ehtiyacı olan Ukraynaya tədarük edilməsi ən optimal variant kimi görünür. Ancaq qaydalara görə F-16-ların üçüncü ölkələrə, indiki halda Ukraynaya tədarükünə razılıq vermək səlahiyyəti istehsalçı ölkə olan ABŞ-a aiddir. İlk vaxtlar ABŞ ondan tələb olunan bu razılığı verməyə tərəddüd edirdi. Bununla belə, müttəfiqləri C.Bayden administrasiyasını inandıra bilib. Artıq okeanın o tayından F-16-ların Ukraynaya tədarükünə, həmçinin pilotların hazırlanmasına “hə” cavabı gəlib.

Beynəlxalq koalisiyanın yaradılması istiqamətində ilk addımlar Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyaya səfərindən sonra atılıb. Avropa Şurası sammitinin İslandiyanın paytaxtı Reykyavikdə baş tutan sammitində bir araya gələn İngiltərə baş naziri Rişi Sunak və Niderlandın baş naziri Mark Rutte F-16-ların Kiyevə göndərilməsi və ukraynalı pilotların yetişdirilməsi üçün hərəkətə keçiblər. Sunak və Rutte müharibədə Ukraynanın hava hücumu qabiliyyətini artırmaq məqsədilə təlimdən tutmuş F-16 təyyarələrinin tədarükünə qədər beynəlxalq koalisiya yaratmaq üçün birlikdə çalışacaqlarını bildiriblər

Ukraynaya F-16 hərbi təyyarələri tədarük etməklə bağlı aktivliyini artıran koalisiyada həmçinin Fransa da yer alır. Eləcə də Belçika, Danimarka, Portuqaliya kimi ölkələr də koalisiyaya qoşulmaq istəklərini ifadə ediblər. Gələcəkdə bu siyahının daha da geniçlənəcəyi istisna deyil.

Bununla belə, Ukrayna səmasında F-16 -nın görünməsinə tərəddüdlə yanaşan ölkələr də var. Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, onların “beynəlxalq koalisiyanın” yaradılmasına fəal töhfə vermək üçün təlim imkanları və hərbi texnikası yoxdur. “Biz belə bir ittifaqda, belə bir koalisiyada fəal rol oynaya bilmərik, çünki bizim nə təlim imkanlarımız, nə mandatımız, nə də təyyarəmiz var”, - deyə Pistorius bildirib.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31