Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sizi aldatmaqlarına icazə verməyin: “Bunker müəllimi” yoxdur!

Sizi aldatmaqlarına icazə verməyin: “Bunker müəllimi” yoxdur!

24.06.2023 [14:34]

“Bunker müəllimi: illüziya və reallıq”

“Mən bunker müəllimiyəm”, “Övladınızın 600 bal toplayacağına söz verirəm”, “Cavablar məndədir” kimi vədlərlə valideynləri aldadan “müəllim”lərdən danışacağıq.

Əvvəla qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ilə bu vədləri verən müəllim və kursların heç bir əlaqəsi yoxdur. Hətta “Bunker müəllimi yoxdur”, deyə Mərkəzin sədri Məleykə Abbaszadə dəfələrlə valideynlərə çağırış etmişdi.

Bunker sözü yeraltı sığınacaq anlamına gəlir.  Bəs maraqlıdır, “bunker müəllimi” anlayışı nədir və o, necə yaranıb? Əslində bunker müəllimi anlayışı illüziyadan başqa bir şey deyil. Əfsuslar olsun ki, buna aldanan valideyn və abituriyentlərin sayı durmadan artır. Bu məqaləmizdə onları bir növ aydınlatmağa və məsələyə işıq tutmağa çalışacağıq.

Kimlər əməkdaşlıq edə bilər?

İmtahan Mərkəzinin keçirdiyi imtahanlar zamanı test tapşırıqlarının hazırlanması və bazaya daxil edilməsi prosesi olduqca uzun müddət tələb edir. Bu prosesdə özündə o potensialı hiss edən hər bir mütəxəssis iştirak edə bilər. Bu məqsədlə də DİM tərəfindən hər ilin əvvəlində “Kim sual yazmaq, yoxlama prosesini qurumla birgə aparmaq istəyir?” deyə elan verilir. İstənilən şəxs hazırladağı test tapşırığını DİM-ə elektron poçt vasitəsilə təqdim edə və həmin prosesin bir hissəsi ola bilər.

Öz növbəsində, həmin insanlar imtahan öncəsi müəyyən yoxlanışlardan keçirilirlər. Daha sonra isə prosesə cəlb olunurlar. Tam qapalı mühitdə imtahandan öncə hazır test tapşırıqlarının texniki məqsədlə yoxlanılması prosesi aparılır. Təsadüfi ədəd vasitəsilə ümumi bankdan çıxarılır. Bunlar isə “bunker müəllimi” yox, bunkerdə qurumla əməkdaşlıq edən mütəxəssislərdir. Yəni, təsadüfi qaydada seçilənlərdir. Əgər bu həftəsonu imtahan olacaqsa, hər hansısa müəllim öncədən bunkerdə olub-olmayacağını belə bilmir.

İmtahan sualları necə seçilir?

Qeyd etdiyimiz kimi, istənilən şəxs hazırladığı test tapşırıqlarını DİM-ə göndərə bilər. Bu prosesə təkcə şəhərlərdə deyil, regionlarda və ən ucqar kənd məktəblərində çalışan müəllimlər də qoşula bilər. Belə ki, mütəxəssislər tərəfindən DİM-in keçirdiyi imtahanların strukturuna uyğun test tapşırıqları hazırlanıb göndərilir. Ardınca Mərkəzin müvafiq şöbəsinin mütəxəssisləri tərəfindən müəyyən bir prosesdən, daha aydın desək, filtirdən keçir. Daha sonra test ekspertiza olunur. Bu məqamda isə həmin elana müraciət edən şəxslərin yardımına müraciət edilir. Ən azı 2 ekspert vasitəsilə həmin test tapşırıqları yoxlanılır. Qəbul olunduğu təqdirdə banka daxil edilir. Nəhayət, daxil edilən 20 min sualdan hansının imtahana düşəcəyi barədə məlumat tam məxfi saxlanılır.

Qapalı zonada nə baş verir?

Məlum olduğu kimi, DİM-də xüsusi prosedur qaydalarına müvafiq formada təchiz edilən qapalı zona və otaqlar mövcuddur. Abituriyentlərin taleyini həll edən suallar da məhz o otaqda yoxlanılır. Bunker mühiti imtahandan 3 gün öncə başlayır. Otağa daxil olmaq üçün təhlükəsizlik və tam konfidensiallıq baxımından əvvəlcə telefon və smart saatlar təhvil verilməlidir. Müəllimlər yoxlanıldıqdan sonra içəriyə daxil olurlar. Özləri ilə birlikdə geyim və asudə vaxtlarını səmərəli keçirmələri üçün kitab da götürə bilərlər. Amma o kitabın hər bir vərəqinin yoxlanılıb, qeydiyyata salındığını da unutmamalıdırlar.

Kənar şəxslərin girişi qadağandır!

Qapılar bağlanır... 3 gün ətrafdan təcrid olunursunuz. Sığınacaq və şəraitsiz məkan anlamına gələn bunkerdən fərqli olaraq, burada vəziyyət tamam fərqlidir. Otaqda yalnız siz, suallar, təhlükəsizlik kameraları, iş masası, möhürlənmiş pəncərələr, eləcə də televizor və istirahət güşəsi.... Yemək belə kamera nəzarəti ilə qapıdan ötürülür.

Suallar bunkerdə hazırlanmır, yoxlanılır

Nəhayət, iş prosesi başlayır. 3 gün 3 gecə suallar ələnir, incələnir və dərsliklərə uyğunluğu yoxlanılır. Təsadüfi rəqəmlər seçildikdən sonra xüsusi alqoritmlər əsasında bankdan suallar seçilir və dəvət olunan mütəxəssislər tərəfindən ekspertiza olunur. Prosesdə azı iki müəllim iştirak edir. Aydın olduğu kimi, bunkerdə suallar hazırlanmır, hazır test tapşırıqlarının texniki məqsədlə yoxlanılması prosesi gedir.

Saatın əqrəbləri 23:50-ni göstərir. Gec saatlara qədər burada hələ də iş gedir. Növbəti gün... Səhərin ilk işıqları ilə birlikdə hər kəs qollarını çırmalayıb iş başına keçir. Minlərlə abituriyentin taleyinin həll olunduğu ana şahidlik edirlər. Buna görə də məsuliyyəti özlərinə borc bilirlər. Son tamamlanma işləri yekunlaşdıqdan sonra isə sual kitabçaları çapa göndərilir.

İmtahan günü... Həyəcan başladı

Ən nəhayət, imtahan günü başladı... İmtahan verənlər və onların yaxınları ilə yanaşı, bunker ekspertləri də olduqca həyəcanlıdılar. İmtahan yekunlaşdıqdan sonra isə bütün kitabçalar xüsusi nəzarət ilə Dövlət İmtahan Mərkəzinə təhvil verilir. Bu minvalla, şablon əsasında imtahan verənlərin cavabları 3-4 dəfə yoxlanılır. 

Ümid edirik ki, bu cür intizamlı sistem ilə yaxından tanış olduqdan sonra özünü “bunker müəllimi” kimi təqdim edənlərə və əslində cavabların özlərində olduğunu söyləyənlərə qarşı duruşunuz daha sağlam olacaq və boş vədlərə inanmayacaqsınız. Çox çalışmaq və məqsədinizə öz zəhmətinizlə çatmağınız ümidilə...

Müşfiqə BAYRAMLI

Yazı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31