Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistan çətin seçim qarşısında: Moskva, yoxsa Brüssel?

Ermənistan çətin seçim qarşısında: Moskva, yoxsa Brüssel?

22.10.2022 [10:31]

Mübariz FEYİZLİ

Bir sıra yeni reallıqlarla səciyyələnən postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında vasitəçilərin səyləri ilə başlanan sülhyaratma prosesinin məntiqi sonluqla tamamlanmasına nail olunması gündəlikdə duran əsas məsələlərdən biridir. Hazırda prosesdə vasitəçilər qismində Rusiya və Avropa İttifaqı (Aİ) çıxış edirlər. İndiyədək Moskvada və Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşü baş tutub. Son olaraq, oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub. Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında isə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib. Göründüyü kimi, sülh prosesi üzrə danışıqlar intensivləşib. Diqqəti çəkən məqamlardan biri isə məğlub Ermənistanın vasitəçilərin səylərini manipulyasiya predmetinə çevirmək, bununla da vaxtı uzatmaq və sülh prosesini əngəlləmək cəhdləridir.

Azərbaycanın qətiyyəti və ardıcıl siyasəti

İki ölkə arasında sərhədlər müəyyənləşdirilmədən və sülh sazişi imzalanmadan regionda uzunmüddətli sabitliyə, təhlükəsizlik, etimad və yeni əməkdaşlıq mühitinin formalaşmasına nail olmaq mümkün deyil. Bundan ötrü tərəflər öz davranışlarında ardıcıl olmalı, sülh prosesinə əngəl yarada biləcək manipulyasiyalara yol verməməli və qətiyyətli siyasi iradə ortaya qoymalıdırlar.

Azərbaycan sülh prosesində fəallığı və konstruktiv mövqeyi ilə fərqlənir. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, müharibələrin qalib tərəfləri, bir qayda olaraq, öz şərtlərini diktə edir və müəyyən imtiyazlar, üstünlüklər istəyirlər. Bunu sülhpərvər dövlət olan Azərbaycan barəsində demək mümkün deyil. Respublikamız 44 günlük müharibənin qalib tərəfi olmasına rəğmən, sülh prosesində hansısa bir şərt diktə etmir. Ölkəmiz bu prosesdə sırf beynəlxalq hüquqa istinad edilməsinin zəruriliyini önə çəkir. Azərbaycan məhz beynəlxalq norma və prinsiplərə əsaslanmaqla beş bənddən ibarət sülh paketi hazırlayaraq Ermənistana təqdim edib.

Öz siyasətində ardıcıllıq nümayiş etdirən Azərbaycan, eyni zamanda, Moskvadan və yaxud Brüsseldən gələn vasitəçilik və sülh təşəbbüslərinə fərq qoymur. Heç kəsə sirr deyil ki, 44 günlük müharibə məhz Rusiyanın vasitəçiliyi ilə dayandırıldı. Eyni zamanda, postmüharibə dövründə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşü keçirilib. Xoş məramdan çıxış edən Azərbaycan Rusiyanın vasitəçilik təkliflərini qəbul edib və müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanatı imzalayıb. Xatırladaq ki, sözügedən Bəyanat Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanıb. Respublikamız postmüharibə dövründə Bəyanatla üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. “2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir”, - deyə Prezident İlham Əliyev bu günlərdə Astanada baş tutan MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.

Respublikamız, həmçinin sülhyaratma prosesində Brüsselin artan fəallığını dəstəkləyir. Ölkəmiz Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərdə əldə olunan bütün razılaşmalara sadiqlik nümayiş etdirir. Brüssel görüşlərində əldə olunan razılaşmalara uyğun olaraq artıq sülh prosesinə təkan verilib. Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərini yüksək dəyərləndirdiyini bir daha diqqətə çatdıraraq deyib: “Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq”.

Ermənistanın dönüklüyü və xam xəyalları

Lakin eyni sözləri məğlub Ermənistan barəsində demək mümkün deyil. Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, Ermənistan ənənəvi olaraq sərgilədiyi sürüşkən davranışlarını postmüharibə dövründə də davam etdirir. Rusiya Prezidentinin yuxarıda bəhs etdiyimiz dəvətinin Ermənistanın baş naziri üçün soyuq duş effekti yaratdığını təsəvvür etmək çətin deyil. Niyə? Sualın cavabını Ermənistanın sürüşkən mövqeyində, məlum geosiyasi vəziyyət fonunda Moskvaya açıq-aşkar dönüklük nümayiş etdirməsində axtarmaq lazımdır. Forpost ölkə bu gün ayaqda qalmasına görə məhz Rusiyaya borcludur. İndiyədək regionda Ermənistanın əsas müttəfiqlərindən bir Rusiya hesab olunurdu. Son vaxtlaradək Şimal qonşumuzdan bu ölkəyə dəstək çoxistiqamətli olub - həm iqtisadi, həm də hərbi sektorları əhatə edib. O cümlədən Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya hərbiçiləri tərəfindən qorunur. 1992-ci ildə Ermənistanla Rusiya arasında bağlanmış sazişdə MDB-nin xarici hüdudları ifadəsi öz əksini tapıb. Həmin sənədə əsasən, Rusiya sərhəd qoşunları Ermənistanın sərhədlərini qoruyur. Hazırda məlum səbəblərdən Rusiyada vəziyyət gərginləşib. Ermənistan isə öz ənənəvi xislətinə uyğun olaraq tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər göstərir. Ermənistan KİV-ində yer alan informasiyalara görə, bu ölkə sərhədlərdə Rusiya qüvvələrinin Fransa və yaxud ABŞ missiyaları ilə əvəzlənməsi xəyallarına düşüb. Onilliklər boyu Ermənistanı ayaqda saxlamış Rusiyanın bu xəyanəti həzm edəcəyi mümkünsüz görünür. Belə dönüklüyün müqabilində N.Paşinyanın Rusiyada nəzərdə tutulan görüşdə tədbirə ev sahibliyi edəcək Rusiyadan hansı qınaqlarla və tənbehlərlə üzləşəcəyi məlumdur. Ermənistan liderinin çətin suallar qarşısında məntiqini itirəcəyini, çaş-baş qalacağını və yenə də məzlum görkəm alacağını təsəvvür etmək asandır.

Məsələ burasındadır ki, müttəfiqlərini əlcək kimi dəyişməyi asan sanan Ermənistanın baş naziri Brüssel görüşlərində əldə olunan razılaşmalardan da tez-tez geri çəkilir. Baş nazir Nikol Paşinyan Brüssel görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanımağa, yuxarıda xatırlatdığımız sülh paketinin müddəalarını qəbul etməyə, sərhədlərin müəyyənləşdirilməsinə, kommunikasiyaların açılmasına razılığını bildirib. Bu kimi açıqlamalarla N.Paşinyan Ermənistan cəmiyyətini reallıqla barışmağa, başqa çıxış yolu olmadığına inandırmağa çalışır. Əslində, bu ölkə üçün doğru olan da elə budur. Ancaq məğlub Ermənistanın lideri ölkəsinə qayıdanda Brüsseldəki vədlərini unudur və sözlərini geri götürür.

İndi Ermənistan üçün seçim anıdır - Moskva, yoxsa Brüssel? Belə görünür ki, daha Ermənistanın manevr imkanları məhdudlaşıb. Moskva bu ölkədən mövqeyini dəqiqləşdirməyi tələb edir. Yeri gəlmişkən, Aİ missiyasının Ermənistanın dəvəti ilə sərhədlərdəki vəziyyəti müşahidə etmək üçün bu ölkəyə gəlməsi Rusiyada sərt qınaqlarla qarşılanıb. Bu, Şimal qonşumuzda onun vasitəşilik səylərinə Ermənistan tərəfindən açıq-aşkar kölgə salmaq cəhdi kimi dəyərləndirilir. Rusiyanın narahatlığına rəğmən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkə hesabında Aİ-nin mülki missiyasının Ermənistana gəlməsini alqışladığını bildirən paylaşım edib. Şarl Mişel təcrübəli siyasətçidir, buna sözümüz yox. Sual isə başqadır: Aİ-nin missiyası Azərbaycanla Ermənistan arasındakı hansı sərhədlərdə müşahidələr aparacaq? Axı sərhədlər hələ müəyyənləşdirilməyib. Gözləyək, görək, Ermənistan bu dəfə sudan necə çıxacaq - quru, yoxsa yaş?

Paylaş:
Baxılıb: 818 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31