Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yuzovka kəndi necə Donetsk oldu?

Yuzovka kəndi necə Donetsk oldu?

09.02.2023 [10:33]

İngilislərin saldığı şəhərin satın alınmasına bir addım qalmışdı...

XXI əsrin ikinci onilliyinin başlanğıcında dünya siyasətinə yeni nizam gətirilir. Bu nizam Rusiya-Ukrayna müharibəsi fonunda daha qabarıq hiss olunur. Artıq iki qütb arasında barışmaz sədlər yaranıb - dəstəkçi müttəfiqlər, yeni silahlanmalar, şəhərlərin dağıdılması, günahsız insanların öldürülməsi...

Bir sözlə, geriyə dönüş yolu yox kimi görünür. Müharibənin səbəbkarı olan torpaqlar isə... Vaxtilə boş ərazilər sayılan, hətta XVI-XVII əsrdə “vəhşi çöl” kimi dəyərləndirilən Donbas cəmisi 500 - 600 il ərzində elə bir inkişaf əldə etdi ki, üstündə “dava” başladı...

“Vəhşi çöl”dən sənaye şəhərinə...

Qeyd olunduğu kimi, uzun illər “boş çöl”, “vəhşi çöl” adlandırılan Donbas əraziləri XIX əsrdə “yada düşdü”. XIX əsrdə sənayeləşmənin başlanğıcı dövründə qərbli sahibkarlar yeni əraziləri inkişaf etdirmək adı ilə hələ orta feodalizmdən tam qurtula bilməyən Rusiya imperiyasının daxilinə nüfuz etməyə başlamışdılar. Həmin dövrdə Donetsk və Luqansk vilayətlərinin sərvətlərlə zəngin torpaqlarına belçikalılar, almanlar və ingilislər dəvət olunurdu. Onlar özləri ilə texnologiya və mədəniyyət, iş yerləri gətirirdilər. Nəticədə bugünki inkişafın əsası da məhz “xarici kolonistlər” tərəfindən qoyuldu. Və bu gün  mövcud olan şəhərləri yaratdılar.

Bu il 154 yaşı tamam olacaq Donetsk şəhərinin əsası da 1869-cu ildə uelsli Con Xyuz (Con Ceymis Yuz) tərəfindən qoyuldu. Daha doğrusu, müasir Donetsk Xyuz tərəfindən salınan Yuzovka kəndinin əsasında formalaşdı. Britaniyalı sahibkarın “vəhşi çöl”də yaratdığı metallurgiya zavodunda işləyənlərin məskunlaşdığı kənd olan Yuzovka qısa zamanda böyüdü. Həmin zavodun ətrafında yeni-yeni yaşayış məntəqələri yarandı. Bu kənd sonradan Ukraynanın və Avropanın ən böyük sənaye şəhərlərindən birinə çevrildi.

Xyuz Donetski necə tikdi?

Mühəndis oğlu olan Xyuz gənclik illərində atasının nəzarəti altında dəmirçi köməkçisi kimi fəaliyyətə başlamışdı. 28 yaşında artıq gəmiqayırma zavodunun sahibi olan Xyuz 36 yaşında Nyuport şəhərində tökmə zavod almışdı. 1864-cü ildə ağır silahlar üçün karet hazırlayan iş adamı böyük pullar qazandı - bu artilleriya qurğusu bir sıra Avropa ölkələrinin donanmasında vacib yer tutdu. O, həmçinin gəmilərin və istehkamların üzlənməsi üçün zireh istehsalı texnologiyasını da inkişaf etdirdi və patentləşdirdi.

1869-cu ildə Xyuz Yekaterinoslav vilayətində Poltava knyazı Sergey Koçubeydən Kalmius çayının sahilində torpaq aldı və burada Aleksandrovka kəndi yaxınlığında işçi qəsəbəsi olan metallurgiya zavodunun tikintisinə başladı. Kömür sənayesini inkişaf etdirmək, həm də sərmayə toplamaq üçün “Novorossiysk Kömür, Dəmir və Dəmiryol İstehsalı Cəmiyyəti”ni yaradan Xyuz 1870-ci ilin yayında 55 yaşında Rusiya imperiyasına köçdü. O, Rusiyaya gəldiyi səkkiz gəmidə yalnız dəmir zavodu qurmaq üçün lazım olan avadanlıqları deyil, həm də “mütəxəssis ordu”sunu gətirirdi. Əsasən Cənubi Uelsdən olan yüzə yaxın dəmirçi və mədənçidən ibarət qrup indiki Ukrayna ərazisində məskən salacaqdı.

Xyuz zavodunu öz adına saldığı Yuzovka kəndinin ətrafında tikdirdi. O, eyni zamanda, xəstəxana, məktəblər, hamamlar, çayxanalar, yanğınsöndürmə briqadası və himayədar müqəddəslər üçün “Müqəddəs George və St David” anqlikan kilsəsi tikdirdi.

Müasir Donetskdə ilk çuqun 1872-ci ildə əridilməyə başlandı. Xyuzun əsasını qoyduğu zavod Rusiya İmperiyasının, daha sonra SSRİ-nin, 1991-ci ildən isə Ukraynanın ən mühüm sənaye mərkəzlərindən birinə çevrildi.

“Beh” də verilmişdi...

Həmin fabrikin açılması ilə əraziyə ingilis axını başladı. Yuzovka və ətrafında ingilis miqrantlardan ibarət böyük dəstələr yaşayırdı. Bu mənada ingilis mədəniyyəti Donetskin gələcəyinin formalaşmasına güclü təsir göstərdi. Britaniyadan indiki Ukraynaya iş dalınca gələn “köçkünlər” özlərinə evlər, məktəblər, kilsələr, otellər, fabriklər, banklar tikirdilər. Həmin dövrdə ingilis miqrantlar tərəfindən tikilən binaların bəziləri hələ də Donetski “bəzəməkdədir”. Bəlkə də Yuzovkanın ən məşhur binalarından biri hələ də qalan “Yuzovlar ailəsi”nin qırmızı kərpicdən tikilmiş evi idi.

Bundan başqa, şəhərdə tikilmiş “İngilis Məktəbi” Donetskin ən gözəl memarlıq nümunələrindən idi. Binanın Britaniya administrasiyası tərəfindən təhsil müəssisəsi kimi tikildiyi ilə bağlı faktlar mövcuddur. Bundan başqa, XIX əsrin ən mühüm nümunələrindən sayılan “Böyük Britaniya” oteli də diqqətdən yayına bilməz. Bu bina bir zamanlar şəhərin ən hündür binası, ən lyuks oteli sayılırdı. Bolşeviklər hakimiyyətə gəldikdən sonra otelin adı dəyişdirilərək “Oktyabr” qoyuldu. Adı ilə yanaşı, statusu və fəaliyyət profili də dəyişdirilən otel fəhlə və kolxozçular evi kimi istifadə edildi. İkinci Dünya müharibəsi zamanı isə binada alman hərbçiləri üçün fahişəxana yerləşirdi.

Con Xyuz Yuzovkanın get-gedə böyüməsi ilə bu ərazilərə yavaş-yavaş yiyələnməyin də vaxtının gəlib çatdığını düşünürdü. Və əl altından Peterburq sarayına çarın “hüzuruna” ayaq açmağa başladı. Xyuz müəyyən məbləğdə pul qarşılığında həmin əraziləri rəsmən almaq niyyətində idi. Hətta pulun bir miqdarı da “beh” kimi verilmişdi. Sənədləşmə isə gecikirdi...

İngilislərə qismət olmadı...

Həmin dövrdə Rusiyada baş verən siyasi proseslər isə olduqca dinamik və həssas idi. Yeni dövrdə - XX əsrin başlanğıcında bütün regionlar qaynamağa başlamışdı. Xyuz isə artıq 1889-cu ildə iyunun 16-da Sankt-Peterburqdakı Angleter otelində vəfat etmişdi. Bütün işləri onun varisləri aparırdı. Hər yerdə inqilab ab-havası hökm sürürdü. Artıq çar Rusiyasının sonunun çatdığını düşünən iş adamının varisləri atalarına verdikləri vədi yerinə yetirə bilməyəcəklərini düşünürlər. Beləliklə də, Donetskin gələcəyini yaradan sərmayəçilər və onlarla gələn ingilislərin əksəriyyəti imperiyada baş verən siyasi hadisələrə görə 1905-ci ildə Yuzovkanı tərk etmək məcburiyyətində qalırlar. Donbasda “alman izi”...

Həmin illərdə Donbasa üz tutanlar yalnız ingilislər deyildi - almanlar hələ XVIII əsrin ortalarından etibarən həmin ərazilərə göz dikdiklərini açıq şəkildə bildirirdilər. 1788-ci ildə II Yekaterina Simonis Mennon təriqətinin ardıcılları olan alman mennonitlərini Rusiya imperiyasına dəvət etdi. İmperatriça məskunlaşanlara müxtəlif imtiyazlar təklif edərək, onların adət-ənənələrinə, dinlərinə sitayiş etmələrinə şərait yaratdı və onlar da öz növbəsində müstəmləkələr qurmağa başladılar. Beləliklə, almanlar da bölgəyə bir çox dəyişikliklər gətirdilər. İlk növbədə alman köçkünləri bölgədə kənd təsərrüfatının inkişafına mühüm təsir göstərdilər.

Mənbələrə görə, almanlar məhsul çatışmazlığı nə olduğunu demək olar ki, bilmirdilər. Hətta aclıq illərində ətrafdakı mülkədarları və kəndliləri çörəklə təmin edir, mal-qaralarını aclıqdan xilas edirdilər. Həmin dövrdə almanlar yüzlərlə koloniya qurmuşdular. Həmin kaloniyaların bəziləri bu gün şəhər statusu daşıyır - məsələn, Boykovskoe (Telmanovo) əvvəlcə alman kolonistləri tərəfindən Ostheim (“Şərq Vətən”) adı ilə qurulmuşdu. Bu gün Rusiya qüvvələrinin nəzarəti altında olan həmin ərazilər vaxtilə almanlar tərəfndən salınan şəhərdir.

Alman sahibkarları Donbasın sənaye mənzərəsinə də təsir göstərirdilər. Onların ərsəyə gətirdiyi və maşınqayırma zavodunun tikildiyi “Nyu-York” qəsəbəsi 1951-ci ildən Novqorod adlandırılmağa başladı.

Ümumiyyətlə, belçikalılar, ingilislər, almanlar, hollandlar və fransızlar regiona kapital gətirdilər və lazımi infrastrukturlar quraraq onu inkişaf etdirdilər. Bu gün də Donbass ərazisində ingilis, belçika və alman məskənlərinin olması faktını hələ də qalmış bir neçə tikili sübut edir.

SADİQ

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31