Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistan müharibəyə hazırlaşır?

Ermənistan müharibəyə hazırlaşır?

11.04.2023 [10:54]

MÜBARİZ

Azərbaycan 44 günlük müharibədə qazandığı şanlı Qələbə sayəsində regionda yeni reallıqlar yaradıb. Qalib tərəf olan ölkəmiz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Respublikamız postmüharibə dövründə heç bir ilkin şərtlər irəli sürmədən qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəd sırf beynəlxalq prinsiplər əsas götürülməklə hazırlanıb. Məqsəd iki ölkə arasında tənzimləmə prosesini sürətləndirmək və mümkün qədər qısa müddətdə sülh sazişinin imzalanmasına nail olmaqdır.

Düşünmək olardı ki, müharibədə sarsıdıcı məğlubiyyət acısı yaşayan Ermənistan yeni reallıqları, ölkəmizin sülh təkliflərini sağlam məntiqlə dəyərləndirəcək və adekvat yanaşma sərgiləyəcək. Ancaq baş verənlər, Ermənistandan gələn xəbərlər ona dəlalət edir ki, bu ölkə 44 günlük müharibədə uğradığı məğlubiyyətdən nəticə çıxartmayıb. Nə qədər qəribə görünsə də, iqtisadiyyatı investisiya cəlbediciliyini tamamilə itirən, ordusu çökən ölkədə revanşizm çağırışları artmaqdadır. Nə baş verir? Ermənistan yeni müharibəyə hazırlaşır?

Məğlub ölkə yenidən silahlanma yolunda

Postmüharibə dövründə Ermənistana silah tədarükü ilə bağlı öhdəlikləri yerinə yetirmədiyinə görə Rusiyanı ittiham edən,  həmçinin bu ölkəyə silah ixracının qarşısını aldığına görə Azərbaycanın ünvanına hədyanlar yağdıran Nikol Paşinyanın komandası axtardığı silah-sursatı uzaq Hindistanda tapıb. Ermənistanın KİV-inə bu barədə məlumatlar sızdırılıb. Bildirilir ki, Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən müqavilənin bəzi detallarını açıqlayıb. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında ötən il sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur.

Ermənistana göndəriləcək silahlar barədə Hindistan mətbuatında da materiallar dərc olunub. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir.

Son vaxtlarda Ermənistan, həmçinin qonşu İranla hərbi əməkdaşlığı genişləndirib. Yayılan məlumatlarda bildirilir ki, bu ölkə İranla pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı sövdələşib. İran, həmçinin Ermənistana kadrların hazırlanmasında da dəstək verir. İran zabitləri Ermənistana gələrək burada müxtəlif poliqonlarda tədarük etdikləri texnikaların parametrlərini yerli hərbçilərə öyrədirlər və onlarla döyüş hazırlıqları aparırlar. 

Xarici ölkələrdən müxtəlif silahların alınması dünya praktikasında geniş yayılıb. Ermənistanın timsalında isə bu ölkənin Hindistan və İranla silah alqı-satqısına dair sövdələşmələrə girməsi suallar yaradır. Kasıb ölkə bahalı silahları hansı pulla alır? Ekspertlərin dəyərləndirmələrinə görə, bu ölkənin iqtisadi-maliyyə durumu bahalı silah müqavilələri imzalamağa imkan vermir. Üç onilliyi əhatə edən işğalçılıq siyasəti Ermənistana heç bir fayda gətirməyib. Əksinə, bütün regional layihələrdən kənarda qalıb, dalan ölkəyə çevrilib. Hazırda Ermənistanda bu ölkəyə məxsus iri sənaye müəssisələrinin sayı barmaqla sayılacaq qədər azdır, strateji infrastruktur obyektlərinin idarəolunması belə xarici şirkətlərə həvalə olunub və yaxud büdcə kəsirlərini doldurmaq üçün onlara satılıb. Dövlət büdcəsinin özü də kifayət qədər kiçik həcmlidir. Bu günlərdə ölkədə büdcə kəsirinin kəskin artması müşahidə edilir. Hökumət isə bunun qarşısını almaqdan ötrü yenidən xarici borclanmaya getmək məcburiyyətində qalıb. Verilən məlumatlara görə bu ölkənin xarici borcu ümumi daxili məhsulun təxminən 60 faizinə bərabərdir.

Cənubi Qafqazda ən bərbad iqtisadiyyata və ən kiçik büdcəyə malik bir ölkənin silah almağa həvəslənməsi  absurd görünür. Ehtimallara görə, Ermənistan silah sövdələşməsində də xaricdən gələn qrantlara və erməni lobbisinin maliyyə dəstəyinə ümid bəsləyir. Ümumiyyətlə, bu ölkədə özgələrinin hesabına yaşamaq və dövləti idarə etmək bir növ ənənə halını alıb - ən zəruri xərclər belə xarici ianələr hesabına maliyyələşdirilir ki, bu da məqbul variant sayıla bilməz.

“Hraparak” nəşri: 48 yaşa qədər olan kişilər təlim toplanışına çağırılır

Silah-sursat tədarükü Ermənistanın müharibə hazırlıqlarının yalnız bir istiqamətidir. Bu ölkə, həmçinin 2023-cü ildə müdafiə büdcəsini 47 faiz artırmağı planlaşdırır. Beləliklə, Ermənistanın hərbi büdcəsi ilk dəfə 1 milyard dolları keçəcək.

Eyni zamanda, ölkədə səfərbərliklə bağlı tədbirlər görülür. O cümlədən, çağırşçıların sayı dəqiqləşdirilir, kişi cinsindən olan şəxslərin, xüsusən də gənclərin ölkədən çıxmalarına qoyulan məhdudiyyətlər sərtləşdirilir. “Hraparak” nəşri 48 yaşa qədər olan kişilərin təlim toplanışına çağırıldıqları barədə məqalə dərc edib.  Bildirilib ki, ermənilərin təcili təlimə çağırılması ölkənin müharibə hazırlığı ilə bağlıdır.

Ermənistan tərəfindən Azərbaycanla şərti sərhədlər boyunca törədilən təxribatlar da artıb. Təkcə mart ayında belə təxribatlar bir neçə dəfə təkrarlanıb. Eyni zamanda, erməni hərbi birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində də fəallıqlarını artırıblar. Onlar Ermənistan hakimiyyətindən aldıqları göstərişlər əsasında Ordumuzun mövqelərini müntəzəm atəşə tuturlar.

Ermənistanı yeni müharibə dərsi gözləyir

Ermənistanın Hindistan və İrandan silahlar tədarük etməsini aşağı səviyyəli müharibə hazırlıqları kimi dəyərləndirə bilərik. Əslində, bu faktın özü Ermənistanın və onun ordusunun nüfuzunun beynəlxalq səviyyədə çox aşağı olduğunu təsdiqləyir. Sirr deyil ki, hazırda qlobal silah bazarında ciddi rəqabət var. Burada da diplomatik münasibətlər, liderlərin nüfuzu müstəsna rol oynayır. Yüksək rəqabət qabiliyyətinə malik silahlar buraxan şirkətlər Ermənistan kimi yedəkdə gedən ölkələrdən bir qayda olaraq məsafə saxlayırlar və onlara hərbi texnika satmırlar. Buna görə də N.Paşinyan hökuməti dünya silah istehsalçıları arasında heç bir nüfuzu olmayan Hindistanla və İranla sövdələşməyə getmək məcburiyyətində qalıb. Qeyd edək ki, məğlub ölkə İran və Hindistanla əvvəllər də silah alış-verişi edib.  Ancaq həmin silahlar döyüşlər zamanı keyfiyyətsiz çıxdı, onlarla hansısa bir uğura imza atmaq müşkülə çevrildi. Açıq-aydın görünürdü ki, mənəvi cəhətdən köhnəlmiş bu texnika ilə XXI əsrin müharibəsini aparmaq mümkün deyil.

Ermənistanın müharibə hazırlıqlarının əbəs olduğunu təsdiqləyən digər mühüm amil bu ölkənin cəmiyyətində hansısa bir motivasiyanın olmamasıdır. İrəvanda, digər şəhərlərdə keçirilən aksiyalarda əsgər anaları öz övladlarını Azərbaycan ərazilərində döyüşməyə göndərmək istəmədiklərini bildirirlər. İkinci Qarabağ müharibəsində Ermənistanın silahlı birləşmələrində 11 min fərari qeydə alınıb. Onlar postlarını, silahlarını ataraq qaçıblar. Müharibə hazırlıqları görən Ermənistan hakimiyyəti nə üçün cəmiyyətin belə susqun əhvali-ruhiyyəsini nəzərə almır?

Ermənistan hakimiyyətinin nəzərə almadığı ən vacib məqamlardan biri isə Azərbaycan Ordusunun gücüdür. İndiyədək Azərbaycan Ordusu öz gücünü  bir neçə dəfə düşmənə göstərib. Aprel döyüşləri, Cünnüt və Tovuz əməliyyatları buna misaldır. Silahlı Qüvvələrimiz düşmənə ən böyük dərsi Vətən müharibəsində verdi. Ordumuz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Sonrakı mərhələdə isə onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatla üzərinə müəyyən öhdəliklər götürən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi.

Bir neçə il bundan əvvəl beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sıralamasında yer almışdı. Respublikamız Ermənistan və digər qonşu ölkə tərəfindən real təhlükəni nəzərə alaraq postmüharibə mərhələsində öz Ordusunun təchizatını daha da möhkəmləndirib. Müharibə başa çatsa da, ölkəmizdə ordu quruculuğu siyasəti davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələr təşkil olunub, təchizat yolları çəkilib, xarici şirkətlərlə müasir silahların alınmasına dair kontraktlar imzalanıb. Yeri gəlmişkən, postmüharibə dövründə Ordumuzun Ermənistanın əl atdığı təxribatlara da cavabı çox sərt olub. Azərbaycanın gücünü və həmrəyliyini təcəssüm etdirən “Dəmir yumruq” bundan sonra da yerində olacaq və düşmənin başını əzəcək. “Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək”, - deyə Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31